Müasir təhsil insan şəxsiyyətinin sosiallaşdırılmasının ən başlıca institutlarından biridir. Təhsilin başlıca məqsədi azad, məsuliyyətli, daim inkişafa can atan, bilikli, bacarıqlı, humanist şəxsiyyətin formalaşdırılmasıdr. Sevindirici haldır ki, müasir təhsil ocaqlarında çalışan müəllim və pedaqoq ordusu bu məqsədlərə çatmaq yolunda bütün səy və bacarığını həsr edir. Bu, müəllimlərdə müxtəlif pedaqoji konsepsiyalara dərindən maraq oyatmaqla, tədrisdə yeni təlim forma və metodların tətbiqinə də bir tələbat yaradır.
Təcrübə göstərir ki, şagirdlərin dərketmə prosesi daim dinamik inkişafdadır. Bu həmçinin məktəbin, ailənin, əməyin və digər amillərin təsiri altında inkişaf edə bilə, yaxud geriləyə, tənəzzül edə bilər. Məhz müəllimlərin səyləri nəticəsində uşaqlarda təhsil almağa həvəs, maraq və müsbət münasibət yaranır. Bu keyfiyyətlər orta məktəblərdə yeganə tədris forması olan dərslərdə öz təməlini tapır.
Bəs dərsi necə qurmalı? Bu dərsi necə maraqlı etməli? Müsahibimiz Gəncə İdman Liseyinin biologiya müəllimi Xəyalə Nəcəfovadır.
R.Z. – Xəyalə müəllimə, müasir dərsi necə xarakterizə edərdiniz? Sizcə dərs ilk növbədə nəyə xidmət edir?
X.N. – Dərs ilk növbədə pedaqoji prosesin təşkilinin bir forması, bu prosesin canlı və harmonik hissəsidir. İstənilən dərs müəllimin iş sistemində canlı bir prosesdir. Və hər bir dərs tədrisin hansısa konkret hissəsinin həyata keçirilməsinə həsr olunmalıdır. O, öz bütövlüyü ilə seçilməli, konkret vəzifələri icra etməli və müsbət nəticələri olmalıdır.
R.Z. – Sizcə dərslərdə şagirdlərin fəallıq dərəcəsi tək müəllimdənmi asılıdır, yoxsa, şagirdlərin özünün də müəllimin tədris etdiyi fənnə bir marağı olmalıdır?
X.N. – Əlbəttə ki, müəllim bütün şagirdlərin dərslərdə fəal olmasına can atmalı, onlarda dərsə bir maraq və fənnə sevgi yaratmalıdır. Bunun üçün tədrisdə motivasiya yaratmaq, uşaqları təhsil almağa həvəsləndirmək, ruhlandırmaq və eyni zamanda onların təhsildə həqiqətən də böyük uğurlar qazanmasını təmin etmək lazımdır. Yarımçıq biliklər vermək yox, uşaqların intellektinin inkişafına can atmaqla dərsi qurmaq lazımdır. Bunun üçün uşaqlarla qarşılıqlı münasibətləri düzgün formada qurmaq, onların dərslərə aludəçiliyini, məşğulluğunu təmin etmək lazımdır. Bir sözlə, dərslərdə yeni təlim metodlarının bütün mütərəqqi cəhət və tərəflərindən maksimim istifadəyə can atmalı, dərslər müasir ictimai tendensiyaları özündə əks etdirməlidir. Dərs yaradıcı bir prosesə çevrilməli, canlı və maraqlı bir proses xarakteri almalıdır. Dərsləri yaradıcı qurmağı bacaran müəllim, ən zəif bilikli uşaqları belə bu prosesin fəal iştirakçısına çevirə bilir. Uşaq maraqlanır, sinifdə geri qalmamağa çalışır, dərsə hazırlıqlı gəlməyə can atır, yeni biliklər almağa həvəsli olur. Demək, dərsə marağın yaradılmasında əsas yük müəllimin çiyinlərinə düşür. Əgər müəllimin keçirəcəyi dərsə hazırlığı aşağı səviyyədədirsə, dərsləri maraqsız qurursa, demək, uşaqlarda bu dərsə maraq da az olacaqdır. Bu isə tədris materialının mənimsənilməsində, əlbəttə ki, müəyyən problemlər yaratmaqla, onun nəticələrinin aşağı olmasına şərait yaradır. Əgər uşaq dərsə hazırlaşmadan gəlibsə, demək, müəllim həmin dərsə az maraq oyadıb. İstənilən halda bu, uşağın dərsə marağının az olmasının səbəblərindən biri ola bilər.
R.Z. – Çox maraqlı yanaşmadır. Uşaqların özü necə, həmin dərsə maraqlı olmamaqda özü günahkar ola bilərmi?
X.N. – Mən yalnız müəllimə aid olan hissəni vurğuladım. Səbəblər çox ola bilər. Lakin, istənilən halda müəllim dərsə marağı elə yaratmalıdır ki, əgər digər səbəblər yoxsa, uşaq dərsə hazırlıqlı gəlməyi özünə bir borc hesab etsin. Əlbəttə ki, bu uşaqların hər biri gələcəkdə bioloq olmayacaqdır, dünyanı bürüyən ekoloji problemlərin həllində bunların hamısı iştirak etməyəcəkdir. Lakin biologiya sahəsində biliklərin mənimsənilməsində müəllimlər bütün var gücünü həsr etməlidir, şagirdlərə bioloji biliklərin əhəmiyyətini göstərməli, gündəlik həyatda bu biliklərdən istifadə etməyin mümkünlüyünü başa salmalı, uşaqlarda özünə və ətrafındakıların sağlamlığına hörmətlə yanaşmağı öyrətməli, ətraf mühiti və özünü başa düşməklə, həyatın ali dəyərlərini başa düşərək qavramaqda onlara köməkçi olmalıdır. Bundan ötrü müəllim şagirdlərdə bu sahəyə maraq oyatmalı, ümumi bacarıqların formalaşmasına can atmalı və şagirdlərin dərslərdə fəal iştirakını təmin etməlidir.
R.Z. – Bunun üçün müəllimdən ilk növbədə nə tələb olunur? Axı hər bir uşaq da biologiya fənninə maraq göstərməyə bilər. Bu işdə tək dərs haqqında informasiyanın ötürülməsi bəs edirmi? Yoxsa, tədris metodlarının müxtəlifliyi daha önəmlidir?
X.N. – Müəllimlik peşəsində daim axtarışda olan insanların əməyi daha nəticəli olur. Yaradıcı müəllimlər adətən dərs materialının mənimsədilməsində metod və üsulların müxtəlifliyinə üstünlük verirlər. Bu zaman müəllim əməyi daha maraqlı bir prosesə çevrilir. Hər bir dərs əvvəlkindən fərqlənməlidir, digərinə oxşamamalıdır. Hər bir dərs uşaqlar üçün tək yeni biliklər verməklə bitməməlidir. Uşaqlar həm də bu prosesdə iştirak etdiklərinə görə sevinc hissləri keçirtməlidirlər. Çünki, istənilən dərs həmişə ünsiyyətdir. Burda tək informasiyanın ötürülməsi ilə kifayətlənmək olmaz. Onlarda kommunikativ bacarıqlar yaranır, onlar nəyinsə haqqında dərindən düşünür, onları maraqlandıran suallar ətrafında cavablar axtarır. Bu bacarıqların yaradılıb inkişaf etdirilməsi biologiya dərslərini təşkil edən vacib elementlərə çevrilməlidir. Onlar bu vaxt imkanlarını qiymətləndirə bilir, intellektual gərginlikdən həzz alır, məqsədə çatmaq üçün ən düzgün yolu seçir. Bu isə nəinki tədris prosesinə, həmçinin onların həyatına, təlim-tərbiyəsinə də öz müsbət təsirini göstərir. Ünsiyyətdə olmaq, yaradıcı düşünən uşaqlara qoşulmaq, nəyinsə həllində ümumi iştiraka qoşulmaq həvəsi uşaqları həmişə sevindirir, maraqlandırır, fəal olmağa, çalışmağa sövq edir.
R.Z. – Müasir təhsil sistemini kommunikativ informasiya vasitələrsiz təsəvvür etmək çətindir. Bu vasitələr tədrisdə ən çox hansı imkanları bəxş edir?
X.N. – Müasir dərsin təşkilində kompüter texnologiyalarının tətbiqi böyük əhəmiyyətə malikdir. Bu, nəinki uşaqların, həmçinin müəllimlərin də qarşısında böyük inkişaf perspektivləri açır. Düzdür, kompüter müəllimin canlı sözünü heç vaxt əvəz edə bilməz, lakin onun yaratdığı imkanlar müəllim əməyini asanlaşdırır, ona öz işini maraqlı və effektli qurmağa yardımçı olur. Bu, həm də müəllimlərə pedaqogika elminin inkişaf tendensiyaları haqda daim məlumatlı olmaq imkanı da bəxş edir, müəllimin dünyagörüşünü genişləndirir, biologiya haqqında yeni-yeni bilikləri almağa kömək edir. Müəllim bu bilikləri sistemləşdirir, bunu dərslərdə tətbiq edir. Bu imkanlardan şagirdlər də səmərəli şəkildə yararlana və öz biliklərinin artırılması qayğısına qala bilirlər.
R.Z. – Biologiya elmi dedikdə ilk növbədə ekologiya göz önünə gəlir. Bu gün orta məktəblərdə ekologiya haqqında biliklərin verilməsi və ekoloji tərbiyə nə dərəcədə öz vacibliyini qoruyub saxlaya bilib?
X.N. – Bütün dünyada ekologiyanın sabit inkişafı barədə çox danışılır. Artıq bəşəriyyət insan faktorunun təbiətə vurduğu ziyanın miqyasını anlamışdır. Ekologiya sivilizasiyanın təzyiqi altındadır və təbii resursların bərpa edilməsində insan çox-çox gücsüzdür. Ekologiyamız günü-gündən çirklənir və bu daha dözülməz hal alıbdır. Bununla bağlı olaraq cəmiyyət hər bir vətəndaşda ekoloji tərbiyənin və ekoloji mədəniyyətin formalaşdırılmasının vacibliyini başa düşmüşdür. İnsanlara təbiətin qayğısına qalmağı öyrətməyin vacibliyi cəmiyyətimiz qarşısında duran vacib məsələlərdəndir. Bu, müasir insanın həyat normasına çevrilməlidir.
Məktəb də ekoloji maarifləndirmə sisteminin özəyidir. Burada təbiətə məsuliyyətlə yanaşmanın əsasları qoyulur, ətraf mühitin mühafizəsi ilə əlaqədar biliklər verilir, bacarıqlar formalaşdırılır. Ekoloji tərbiyənin məqsədi də təbiətə məhəbbətin formalaşdırılmasıdır. Aydındır ki, biologiya müəllimlərinin bu işdə rolu əvəzedilməzdir.
Müəllimin birinci növbədə vəzifəsi bütün mümkün vasitələrlə şagirdlərə ekoloji tərbiyənin aşılanmasıdır. Biologiya üzrə dərslərdə dövrlərlə şagirdlərə bu məlumatları ötürür, digər elmi biliklərə bir növ zəmin yaradır. Uşaqlar dərslərdə canlı orqanizmlər, ekoloji qanunauyğunluqlar barədə təsəvvürə malik olurlar. Ekoloji mədəniyyətin formalaşdırılması üzrə işlərdə digər əsas prinsiplər də mövcuddur. Onlar sinifdənxaric işlər çərçivəsində özünün maraqlarına uyğun, onun şəxsiyyətinin inkişafına təkan verəcək işlərə də imza atırlar. Praktik fəaliyyətə maraq göstərən şagirdlər istər məktəbdə, istərsə də evdə öz maraqlarına uyğun olaraq hərəkət edirlər. Məktəbdəki və fənn kabinetindəki bitkilərə qulluq edir, ekologiya ilə bağlı aksiyalarda iştirak edir, digərləri yaradıcı işlərin həm təşəbbüskarına, yaxud da bu işlərin yaxın köməkçilərinə çevrilirlər.
Digər prinsiplərdən biri ekoloji tərbiyənin davamlılığını qoruyub saxlamaqdır. Bu prinsipin həyata keçirilməsi üçün orta məktəblərdə fakültativ və eliktiv məşğələlər, dərnəklər fəaliyyət göstərir, uşaqların olimpiadalarda, disputlarda, dəyirmi masalarda, ekologiya ilə bağlı oyunlarda iştirakı təmin edilir.
Bu işdə motivasiyanın yaradılması xüsusilə önəm daşıyır. Dərslərdə uşaqlara ətraf mühitə məhəbbət aşılanır, uşaqlar nəinki ekologiya və ekoloji problemlər haqqında biliklər qazanır, eyni zamanda ekoloji mədəniyyətə və bu barədə geniş anlayış və təsəvvürə də malik olurlar. Şagirdlər bu dərslərdə təbiəti nə üçün qorumaq lazım olduğunu, necə və nə üçün ekoloji problemlərin həll edilməsində yaxından köməklik göstərməli olduqlarını öyrənirlər. Bu təsəvvürün genişliyi və əhatəliliyi uşaqlara digər fəaliyyət növlərində – dərnəklərdə, ekskursiyalarda, təbiət qoynuna yürüşlərdə və s. daha da genişləndirilir.
Dərs, sinifdənxaric və məktəbdənkənar işlərin qarşılıqlı əlaqəsi bu iş formasını tamamlayır.
R.Z. – Ekoloji şüurun formalaşdırılması ilə bağlı sinifdənxaric və məktəbdənkənar işlər şagirdlərə nə verir? Bu işin tam həlli istiqamətində hansı əməli işlərə imza atırsınız?
X.N. – Şagirdlərdə ekoloji şüurun formalaşdırılması müasir təlim-tərbiyə sisteminin başlıca məsələlərindən biridir. Ekologiya ilə bağlı problemlərin həll edilməsi yolunda bu məsələlərin həlli bu gün öz aktuallığı ilə cəmiyyətimizi daim düşündürməkdədir. Bu tərbiyənin aşılanması təbiəti qorumağın zəruriliyinin dərk olunmasına şərait yaradır, təbiətə qayğısız münasibətin fəlakətli nəticələrinin aradan qaldırılması yolunda böyük əhəmiyyətə malikdir. Bunun üçün hər bir şagird ekologiya haqqında öz yaş dövrünə uyğun bilik və məlumatlara malik olmalıdır. Əgər bu tərbiyə lazımi səviyyədə aşılanarsa, hər bir şagirddə ekoloji davranış norması formalaşa bilər və ekoloji cəhətdən mənəvi-əxlaqi düzgün insan yetişdirmək mümkün olar.
Biologiya dərsləri də bu səbəbdən böyük əhəmiyyətə malikdir. Çünki şagirdlər bu elmin sirlərinə yiyələndikcə, müasir insanın təbiətə vurduğu neqativ nəticələri minimum endirmək qabiliyyətinə malik biliklər ilə əhatə olunurlar. Dərslərdə alınan biliklər şagirdlərdə ekoloji münasibətləri ciddi pozacaq müdaxilələrdən, neqativ hallardan tam imtina etmək kimi şüuru formalaşdırır. Lakin şagirdlərdə müasir ekologiya üzrə biliklər tək biologiya dərslərində deyil, həmçinin, coğrafiya, kimya, fizika kimi fənlərlə qoşa aparılır. Bu biliklər onlara həyatdakı bütün canlılara, bitkilərə, fauna və floraya qayğı ilə yanaşmanın vacibliyini başa salır. Axı təbiətə məsuliyyətlə yanaşma tək dərs kabinetlərində deyil, canlı təbiətlə gündəlik təmasda da baş verir. Uşaqlar aldıqları bilikləri dərinləşdirdikcə onların şüurunda daha vacib suallar yer alır. – Ekoloji mühitin təmizliyinə əməl etmək nə üçün əhəmiyyətlidir? Çirklənmiş ekoloji mühit canlılarda hansı fəsadlar törədə bilər? Ekologiyanın təmiz olması üçün nələrə əməl etməliyik? – kimi suallara cavab axtaran uşaqlar həyatda gördükləri bir çox neqativ hallardan da sarsılmış olurlar.
Biz onlarda təbiətə məhəbbət yaradırıq, şəxsi nümunəmizlə təcrübədə təbiətə necə düzgün münasibət bəsləməyi öyrədirik. Özümüz ağaclar, bitkilər əkirik, onlarla birlikdə bu ağaclara qulluq edirik, iməciliklər təşkil edirik… Bütün bunlar şagirdlərə əyani surətdə təbiətə məhəbbət hisslərinin formalaşdırılması üçündür. Onlar böyüklərə baxaraq, bu tərbiyəni əxz edirlər. Bu səbəbdən? onların təbiətə baxışlarının əsası bu gün düzgün qurulmalıdır.
Ekologiya dərslərində mövzuların zənginliyi, müxtəlifliyi bu tərbiyənin aşılanmasında qarşımızda böyük imkanlar açır. Bu yolda biologiya müəllimləri şagirdlərin da təbiətin bir parçası olduğunu onlara başa salmaqda böyük köməkçidirlər. Biz müəllimlər onlara təbiəti mühafizə etməyin hər bir vətəndaşın ən vacib vəzifələrindən biri olduğunu başa salırıq, onlarda düzgün ekoloji düşüncəni tərbiyə edirik. Bu işlərin həyata keçirilməsi ilə biz, tədrisdə xeyli nailiyyətlər əldə etdiyimizi əminliklə vurğulaya bilərik.
Ruhulla Zahidov, yazıçı – jurnalist.