Gəncədə Azərbaycan Xalq Cumhuriyyətin yaranmasının 103-cü ildönümü qeyd olunub

Azərbaycan Respublikası Gənclər Fondunun, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə “Üçrəngli tarix” adlı tədbir keçirilib. Tədbir hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin əsas korpusunda, keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin parlament binasında baş tutub.
Əvvəlcə “İrəli” İB-nin kollektivi Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya edib. Tarixçi Azad Bayramov ekskursiya iştirakçılarına Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi haqında geniş məlumat verib. O bildirib ki, Respublikanın ikinci böyük şəhəri olan Gəncə hər zaman öz qəhrəmanlığı, igidliyi və ilklərə imza atmağı ilə seçilmişdir. Bəlkə də elə buna görə, AXC-nin yaradılmasında əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının əksəriyyəti gəncəli idi. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər məhz Gəncə torpağının yetirmələri idi. Beləliklə, yenicə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə oldu.
Ekskursiyadan sonra Azərbaycan Xalq Cümhuriyyəti parlament binasında tədbirin rəsmi hissəsi təşkil olunub. Burada çıxış edən “İrəli” İctimai Birliyin sədri Şahin Rəhmanlı AXC-nin yaranmasının 103-cü ildönümü münasibətilə iştirakçıları təbrik edib. O bildirib ki, bu cür layihələrin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrindən bəhs etmək, gənclərimizi milli vətənpərvərlik ruhunda yetişdirilməsi üçün töhvələr verməkdir.
Tədbirdə AXC-nin keşməkeşli yollarını özündə əks etdirən Bakı Media Mərkəzinin istehsalı olan “Son İclas” filmi nümayiş etdirilib. Daha sonra gənclər arasında “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu oynalınıb.
Qeyd edək ki, Gəncəyə səfər çərçivəsində gənclər Vətən müharibəsində Ermənistanın silahlı qüvvələri tərəfindən mülki vətəndaşları hədəf alaraq atdığı smerç raketinin düşdüyü yerə baş çəkiblər. Bununla yanaşı, Gəncədə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad edən “İrəli” kollektivi ilk olaraq xiyabandakı əbədi məşəl abidəsi önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlara öz ehtiramlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.