Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin digər təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU) təhsil, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı tədbirlər təxirə salınmışdır. Bu dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək tələbələrə təhsil proqramının mənimsənilməsinin davam etdirilməsi məqsədilə tədris prosesinin məsafədən, o cümlədən ADAU TV internet televiziyası vasitəsilə təşkili qərara alınmışdır.
17 mart 2020-ci il tarixdən başlayaraq ADAU TV vasitəsilə keçirilən dərslərin sayı 05 may 2021-ci il saat 10:00-da 900-a çatmışdır. 900-cü dərs Universitetin Torpaqşunaslıq fakültəsinin müəllimi Rəsmiyyə Quliyeva tərəfindəntədris edilmişdir. Mövzu isə “Torpaq münbitliyi və onun artırılması yolları”olmuşdur.ADAU TV-nin YouTube kanalı son bir ay ərzində 10.000 nəfərə yaxın izlənmə sayına çatıb. Bu da günü-gündən artan göstəricilərlə birgə kanal performansında ümumi 435 saat izlənmə deməkdir. Əldə edilən statistik məlumatlara görə kanal izləyicilərinin 56.6%-i 18-24 yaş aralığında olan izləyici kütləsidir.
Kanalın hədəf auditoriyasının daha çox tələbələr olduğunu nəzərə alsaq, ADAU TV məqsədinin bir qisminə çatmış hesab olunur. Statistika onuda göstərir ki, 31.6%-ı 25-34, 11.3%-ı isə 35-44 yaş aralığında olan izləyicilərdir. Bu da o deməkdir ki, ADAU TV-ni nəinki tələbələr, həmdə professor-müəllimlər, fermerlər, topaq mülkiyyətçiləri və sahibkarlar ardıcıl olaraq izləyir.
Statistik göstəricilərə əsasən ADAU TV-nin feysbuk sosial şəbəkə hesabında paylaşılan dərs və videolar son 1 ay ərzində ümumilikdə 20.000 min nəfərə yaxın auditoriyanı əhatə etmişdir. Paylaşılan onlayn dərs və videoların izlənmə sayı isə 30.000 nəfərdən çox olması da statistik göstəricilərdə əksini tapmışdır.
2019-cu ilin sentyabr ayından istifadəyə verilmiş ADAU TV internet televiziyası ən müasir avandalıqlarla təchiz olunduğundan yayımın keyfiyyətində də problem yaşanmayıb. Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanan dərslər sonradan ADAU TV-nin Youtube portalında yerləşdirilir ki, bu da dərslərin təkrar dinlənilməsinə və Universitetin təkmil videodərslər bazasının formalaşmasına şərait yaradır.
Dərslərin ADAU TV internet televiziyası vasitəsilə keçirilməsinin üstünlüyünü xarakterizə edən ən mühüm cəhətlərdən biri onun ictimaiyyət nümayəndələri, valideynlər, fermerlər, kənd təsərrüfatı istehsalçıları, fərdi təsərrüfat sahibləri üçün açıq olmasıdır ki, bu da tədris prosesinin əmək bazarının tələbləri baxımından qiymətləndirilməsinə çox böyük imkanlar yaradır, şərhlər bölməsində yazılan təkliflər nəzərə alınır. Hal-hazırda hər biri 60 dəqiqə olmaqla gün ərzində 3 dərs keçirilir və cədvəllərin tərtibində tələbələrin rəyləri, təklifləri nəzərə alınır. Təhsil proqramlarının bölmələrinə uyğun olaraq dərslər azərbaycan, rus və ingilis dillərində aparılır.
Yuxarıda qeyd olunanlarla yanaşı universitetdə təhsil proqramlarının məsafədən mənimsənilməsi məqsədilə tədris materiallarının tələbələrə elektron formada çatdırılması, fənlərin xarakteri və tələbələrin istəyindən asılı olaraq müxtəlif üsullardan, o cümlədən MicrosoftTeams proqramından istifadə edilməsi yolu ilə də təmin edilir.
Qeyd edək ki, tədrisin məsafədən təşkili bakalavriat səviyyəsi ilə bərabər magistratura səviyyəsində təhsil alan tələbələri də əhatə edir.
Ümumiyyətlə, hazırki dövrdə universitetdə tədrisin məsafədən aparılmasının tələbələri əhatəetmə səviyyəsinin maksimallaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.