Müharibədə ən çətin anım xidmət yoldaşlarımın şəhid olmaları idi -Nefçaladan qalib əsgər yazır

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində unudulmaz bir qəhrəmanlıq mərhələsidir. Xalqımız haqlı olaraq daima öz qəhrəmanları ilə öyünür, onları  qəlblərində yaşadır. Vətənimizin mənafeyini hər şeydən üstün tutan döyüşçülərimizin keçdiyi döyüş yolu isə hamımız üçün örnəkdir. Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, bizim hamımız Vətənimizin əsgərləriyik. Hər an düşməni törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq.

Etmtv.news portalı “Qalib əsgərin hekayəti” layihəsi çərçivəsində silsilə yazılara start vermişdir.  Redaksiyamıza demək olar ki, hər gün əsgərlərin döyüş xatirələri əks olunmuş məktublar daxil olmaqdadır. Həmin məktublar əsasında hazırlanan yazılar eyni adlı kitabda da öz əksini tapacaqdır. Belə məktubların biri  Neftçaladan gəlmişdir. 

Məktubda deyilir:

-“Mən Əliyev Ağaməmməd Neftçala rayonunda dünyaya gəlmişəm. 2015-ci ildə tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışam. Xidmətim dövründə əskər yoldaşlarım və komandirlərim arasında böyük nüfuza sahib olmuşam. Həmişə verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişəm. Bölük komandirimiz Xəlil Ramazanov bizə komandir yox, böyük qardaş olub. Hal-hazırda ehtiyatda olsa da, o da öz növbəsində və başqa adı yaddaşımdan heç vaxt silinməyəcək, həmişə ürəyimdə yaşayacaq əskər yoldaşlarım vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2017-ci ildə həqiqi hərbi xidməti bitirdikdən sonra ehtiyata buraxılmışam. Vətən uğrunda gedən döyüşlər zamanı mən düşmənin Gəncə şəhərinin raket zərbələrinə məruz qoyduğu günlərin birinin canlı şahidi olmuşam. Raket zərbələri nəticəsində dağıdılmış əraziləri gördükdən sonra mən vətənpərvərlik ruhu ilə, düşmənə nifrətlə şəhid və qazi qardaşlarımın qisasını almaq üçün könüllü olaraq hərbi komisarlığa müraciət etmiş və qısa təlimlərdən sonra döyüşlərə qatılmışam. Vətən müharibəsində cəsurluq göstərdiyimə görə “N” saylı hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşam.

Könüllü olaraq hərbi komisarlığa müraciət etdikdən sonra 2020-ci il 14 oktyabr tarixdə mənə hərbi komisarlığdan çağırış gəldi. Döyüş qabağı təlimlər çox ciddi yanaşırdıq, çünki, hərbi sənətin sirlərini dərindən öyrənməli idik. Qisasımızı döyüş meydanında almalı idik. Əlbəttə ki, hər şeydən çox, döyüşüb gözü yaşlı qalan analarımızın hər damla axıtdığı göz yaşının qısasını almalı idik. Bunun üçün də təlimlərdə həvəslə iştirak edirdik, hər işin incəliklərini başa düşməyə, öyrəndiyimiz hər bir biliyi yaddaşımıza həkk etməyə çalışırdıq. Bu, həqiqətən də müharibə gedən günlərdə bizim karımıza gəldi. Düşmənə göz açmağa belə aman vermirdik. Vətən müharibəsində ən çətin anım xidmət yoldaşlarımın şəhid olmaları idi mənim üçün. Onların arasında Təbrizdə dini təhsil aldığım dostum, Cəlilabad sakini Maarif Səfərov də var idi. Müharibədə çox anlar yaşadıq. Bu hissləri sözlərlə ifadə etmək çox çətindir, amma, nə olsa da, biz ruhdan düşmədik. Çünki, bizim ali məqsədimiz var idi – şəhidləmizin qisasını almaq və ərazi bütövlüyümüzü təmin etmək. Apardığımız döyüşlərin hamısı uğurlu olub. Onlardan birini xüsusilə qeyd etmək istərdim. Xocavənd istiqamətində, Qırmızı Bazar uğrunda gedən döyüşlərdə düşmənin çoxlu sayda şəxsi heyətini, 2 artileriya divizionunun minaatan bateryalarını və hərbi kolonlarını məhv etdik. Divizionda 1-ci artileriya batareyasının çavuş rütbəsində və kiçik tibb mütəxəssisi vəzifəsində xidmət edirdim. İxtisasım yaralı döyüş yoldaşlarıma ilk tibbi yardım göstərmək və batareyanın sağlamlığını qorumaq və onlara lazımi köməklik göstərmək idi. Amma, mən bununla kifayətlənə bilməzdim, çünki bizim məqsədimiz bacardıqca çoxlu sayda düşməni məhv etmək, döyüş tapşırıqlarını vaxtında və dəqiqliklə yerinə yetirməklə, irəliləyən qoşunlarımıza artileriya dəstəyi vermək idi və biz də öz növbəmizdə bunun öhdəsindən layiqincə gəldik. Ona görə mən də, döyüş dostlarım da mərmi daşımaqdan tutmuş, divizionunun şəxsi heyətinin sağlam döyüş əməliyyatı aparması üçün bütün şəxsi heyətə lazımı tibbi yardım göstərirdik. İlk dəfə döyüşlərə Fizulidən başladıq, qısa zamanda təlimdə D30 topunun taktiki texniki xüsusiyətlərini və döyüş taktikalarını öyrəndik. Pis və yaxşı gündə bir yerdə olmağı öyrəndik. Komandirlərimiz, xüsusilə baş leytenant Nicat Məmmədov bizimlə komandir kimi yox, doğma qardaş kimi davranırdı. Döyüş yoldaşlarımın bütün döyüşçülərə, xüsusən də mənə mənəvi köməklikləri çox olub, biz hər şeyimizi -bir qurtum suyu belə bölüb içmişik. Əsgər dostluğu nəzərimdə ən möhkəm dostluqdur. Bu dostluq illər ötdükcə daha da möhkəmlənir.

Ən yaddaqalan döyüşümüz Xocavənd rayonunda olub. Çünki burda atdığımız hər mərmi hədəf idi. Həmin döyüşdə düşməni darmadağın etdik. Düşmən çoxlu sayda canlı qüvvə itirdi, həm də çoxlu hərbi texnikaları biz tərəfdən məhv edildi. Döyüş yoldaşlarımın hamısı igid, qorxmaz və cəsur əsgərlər, mərd oğullar idi. Onları əsgər həyatında yaxından tanıdım, onların istəyinə, qəlbinə, cəsarətinə bələd oldum.

Döyüşdən sonra sarsıntlarım oldu. Əsəb gərginliyi yaşayıram və sərhədində bəzi problemlər mövcuddur. Malicəyə ehtiyacım var, amma maddi durumum malicə olunmağıma maneə olub. Dövlətdən müalicədən və müayinədən kecməyimə köməklik istəyirəm. Ehtiyata buraxıldığım andan işsizəm. Ailəmdə işləyən yoxdur. Maddi durumum çox pisdir.

Hal- hazırda işsizəm. Müvafiq qurumlardan bizimlə xüsusi maraqlanmalarını xahiş edirəm. Müzəffər ordunun əsgəri olaraq mən bu əziyyətlərə qatlaşmaqdan, belə yaşamaqdan utanıram. Səsimizə səs vermələrini, bizim sağlamlığımızın təmin olunmasını, heç olmasa, hansısa bir işlə təmin olunmağımı xahiş edirəm.  Bu, bizim maddi durumumuzun yaxşılaşmasına çox böyük kömək olardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.