Gəncədə “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar Gənclər Evinin qarşısında “31 mart soyqırımını unutmadıq” adlı tədbir təşkil olunub. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıb.
Gəncə Gənclər Evinin ditektoru Amil Qurbanov qeyd edib ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. Bu hadisələrdən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, uzun müddət bizə onu başqa formada təqdim etmək istəyiblər.
Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının müəllimi Elnur Hacıyev Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışıb.
Daha sonra tədbir gənclərin iştirakı ilə diskussiya formatında davam edib.
Qeyd edək ki, mərasim xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq açıq hava şəraitində keçirilib.