Şairlik Allahın insana bəxş etdiyi ən böyük xəzinədir.
(Eltun Türkelin “Yanan xatirələr” kitabı haqqında qısa şərh.)
“Qızılı udsa da qara torpaqlar,
Yenə qiymətini özündə saxlar”
Dahilərdən bu sitatı gətirməyim səbəbsiz deyil. Mənə görə qızıl nə qədər qiymətli, nə qədər dəyərli olsa belə, istifadəsiz torpaq altında qalacaqsa, lazımsız bir əşyadan heç bir fərqi olmayacaqdır. Mən istedadı qızıla bənzədirəm. Əgər insanlara Allah tərəfindən bəxş edilmiş ən böyük xəzinə saydığımız istedaddan da səmərəli istifadə olunmayacaqsa, onun olmağı ilə olmamağında heç bir fərq görmürəm.
Bu gün haqqında yazacağım Şair də özündəki istedadı bir az gec kəşf edib. Bu insanı sosial şəbəkələrdən tanımışam. Ara-sıra şeirlər yazıb paylaşırdı. Yazılarında qrammatik, üslubi səhvlərə yol versə də, elə bir şeiri yox idi ki, yeni , düşündürücü fikirlər olmasın. Yaxından tanış olub, buna öz bildiyim qədərində göstərişlər vermək qərarına gəldim. Şəxsi həyatı ilə maraqlandım. Məlim oldu ki, çox acınacaqlı, çətin bir həyat yolu keçib. Atasızlıq onu uşaq ikən zamanın çətin sınaqlarından keçirmək məcburiyyətində qoyub. Körpəliyindən zəhmətə qatlaşmalı olub. Ailənin ağır yükünü çiyinlərində daşıyıb. İbtidai təhsil alıb. Qəribədir…. Orta təhsil belə almamış bu insanda belə düşüncə, belə təfəkkür?!! Bəzi göstərişlər verirdim. Dediklərimi o an beyin yaddaşına həkk edirdi. Gün-gündən irəli gedirdi poeziyada. Artıq söz dənizində sərbəst üzə bilir Eltun.
Eltun Türkel musiqiçidir. Bütün musiqi alətlərini sərbəst ifa edə bilir, həm də gözəl! Məharətli toy aparıcısıdır. Ümumiyyətlə, böyük Allahımız öz lütfünü bu insandan əsirgəməyib.
Eltun Türkelin poeziyaya gəlişi çox az vaxta təsadüf edir. Heç bir il deyil ki, ürəyindən keçənləri, qəlb çırpıntılarını, həyatın gerçəkliklərini, müasir zamanın eybəcərliklərini, işğal altında inildəyən torpaqlarımızın hay-harayını və s. obrazlı şəkildə qələmə alır, oxucuya təqdim edir. Bu az zaman ərzində kifayət qədər ətrafına geniş oxucu kütləsi toplaya bilib. Şairlər içərisində sayılıb-seçilir. Bir çox şeir yazanlar ondan göstərişlər alırlar.
Eltun Türkelin zəngin, rəngarəg yaradıcılığı var. İnsan həyatının elə bir sahəsi yoxdur ki, o movzuya toxunub, təfəkkür süzgəcindən keçirib, poetik düşüncə ilə, ruhunun duyğuları ilə vərəqlərə köçürməsin.
Eltun Türkel hər şeydən öncə AZƏRBAYCANLI olması ilə öyünən, Vətənin sevincinə sevinən, kədərinə qəmlənən insandır. Sözünün əvvəli də, sonu da Vətəndir. Əsarətdən qurtulan müstəqil bir ölkənin vətəndaşı olması ilə qürur duyur:
Ulu tariximi kaş hər kəs bilə,
Görələr əzəldən adlı- sanlıyam.
Yağılar quzğuntək üstümə gələ,
Məğlub edilməzəm, min bir canlıyam,
Fəxr edirəm ki, Azərbaycanlıyam.
İşğal altında imdad diləyən torpaqlarımızın ah-naləsi onun da sinəsində sağalmaz yaradır. Onun üçün Vətənin hər qarışı əzizdir, doğmadır . Onun leksikonunda “bolğə” sözü yoxdur. Bəlkə də, o heç işğal olunmuş torpaqlarımızı görməyib. Ancaq ruhu ilə, xəyalı ilə orda yaşayır Eltun. O da söz adamı kimi göz yaşlarını sözün diliylə vərəqlərə düzür, dərdli-dərdli bayatı çəkir, içinə hıçqırır, Vətənin qan verən yaralarını sözlə sarımağa çalışır:
Eltun unutmadı oba-elini,
Xarı bülbülünü, novruzgülünü.
Şamın şöləsində Göyçə gölünü.
Çəkdiyim varaqlar yadıma düşür.
Olur ki, qeyrət onu boğur, vətənsevər insanları döyüşə çağırır, yatmış vicdanları oyatmağa çalışır. Artıq qisasın, düşmənə öz gücümüzü göstərməyin vaxtının çatdığını söyləyir:
İllərdir ki, yas saxladıq, ağladıq,
Bəsdir dedik, bu gün qəhər vaxtıdır.
Nərə çəkib, gedək düşmən üstünə,
Ey igidlər, bu gün səfər vaxtıdır. -deyərək, o qanlı faciəni bir daha xatırladır.
Şair artıq Ana yurduna getmək, orda bir gecəlik də olsa qalıb, haqq dünyasına qovuşmaq istəyir:
Nə tutmayın, nə kəsməyin yolumu,
İzin verin öz yurduma gedirəm.
Bəs deyilmi əsir qaldı ocağım,
Artıq sönüb köz, yurduma gedirəm.
Şair eyni zamanda təbiət vurğunudur. Bu da təbiidir. Çünki Murov, Kəpəz dağları gözünün önündədir. Tez-tez Maralgölə, Göygölə gedir. Hiss və duyğularını təbiətlə bölüşür. İçindəki ağrı-acını onlara danışır Sanki ruhən dincəlir:
Yamyaşıl libasa bürünüb yenə,
Ruha qida verir ana təbiət.
Təbibə, loğmana nə gərək var ki,
Şəfadır, məlhəmdir cana təbiət.
Yağı tapdağında əzilən dağlarımızın yarasına sözüylə məlhəm olmağa çalışır:
Səndən ayrı keçən ömür,
Hey yazılır qara dağlar.
Təbib, loğman ne edəcək?
Qəlb bağlayıb yara dağlar.
Eltun Türkelin yaradıcılığında saf sevgi, əbədi məhəbbət aparıcı mövzulardandır. Qəlbində sevgi olmayan şair oxucu qəlbini riqqətə gətirən şeirlər yaza bilməz, məncə. Eltunun hər anı sevgiyə köklənib. Onun həm sənəti (musiqiçi olması) bu movzuda uğurlu nəticələr əldə etməsinə daha yaxından köməklik edir. Eltun gah gözəlləri vəsf edir, gah məhəbbətin ülviliyindən, saflığından söz açır, gah nakam məhəbbətdən gileylənir, gah da sevgisinə dönük çıxanlara öz iradını bildirir:
Məcnunun sevgisi tarixdə qaldı,
İndiki sevgilər ölçülür pulla.
========================
Mənə olan məhəbbətin,
Həvəs imiş keçib getdi,
Sən gedəli səadətim,
Sənlə birgə uçub getdi.
========================
Ürəyimə toxunma, qaysaq var yarasında.
Yaşayıram, vücudum ölülər sırasında.
Bir gözüm saxta gülür, el-oba arasında,
Bir gözüm də hər zaman olub nəm, məhəbbətim,
Ay mənim əzabı çox, özü kəm məhəbbətim.
Mən Eltunun bu mövzulu şeirlərindən bir neçə bənd nümunə gətirdim. Sevgi-məhəbbət mövzusu şairin yaradıcılığında qırmızı xətlə keçir.
Eltun Türkel gənc olsa da, ahıl yaşlı ağsaqqal səviyyəsində öyüd-nəsihət verməyi bacarır:
Ay Eltun, heç zaman qürrələnmə sən,
Həyatda nə əksən, onu biçərsən.
Yadların gözündə tükü seçərsən,
Özünün gözündə tiri görməsən.
===================================
Bu dünyada alqış qazan, qarğış alma, amandır.
Nə ara vur, nə söz gəzdir, nifaq salma, amandır.
Saz dediyin bizə qalıb ululardan yadigar ,
Naşı olub el içində sazı çalma, amandır.
Şair gənc ikən özünü qocalığa, piraniliyə hazırlayır. Bu da onun dünyaya baxışından, dünyagörüşündən irəli gəlir:
Yollarında göz nurumu itirib,
Gəncliyimdən xatirələr gətirib.
Vədə çatıb, ələ çəlik götürüb,
Ay qocalıq, görüşünə gəlirəm.
Eltun Türkelin şeirlərində ruh var. Oxucunu ovsunlaya bilir, düşünməyə vadar edir. Oxucu onun şeirlərində özünü tapır. Hər şeirində yeni fikir, yeni düşüncələr bariz şəkildə görünür. Orijinallıq ön cərgədə dayanır. Özünəməxsusluq xüsusi yer tutur.Fikrini lakonik şəkildə, poetik duyğularla oxucuya məharətlə çatdıra bilir. Sözü uzatmağı sevmir. Oxucu axtardıqlarını , hiss və düşüncələrini Eltunun şeirlərində asanlıqla tapa bilir. Ümumiyyətlə, Eltun Türkeldə yazıb-yaratmaq, həyatı bədii obrazlarla əks etdirmək bacarığı şeirlərində bir harmoniya yaradır. O, hər kəsi öz biçimində, öz donunda görmək istəyir. Hər kəsi haqqa, ədalətə boyun əyməyə çağırır.
Gəl yaxşı incələ, ey Adəm oğlu,
Tapsan hər könüldə dövlət -var yatır.
Çirkinlik qəlbində məskən salmasın,
Çox gözəl görmüşəm dildə mar yatır.
==============================
Bu dünyada alqış qazan, qarğış alma, amandır.
Nə ara vur, nə söz gəzdir, nifaq salma, amandır.
Şair insanları insan kimi yaşamağa dəvət edir. Bütün pisliklərdən uzaq bir həyat istəyir Şairimiz! Bəzən özünü də ittiham edir.,. günahkar sayır:
Bütün olub keçənləri,
Görməmişəm demə koram.
Duymamışım demə karam.
İndi vicdan qarşısında günahkaram.
Şair yazdıqca püxtələşir, yeni-yeni fikirlər tapıb, misralara düzür.
Günəş zirvələrə tapşırıq verib,
Dağlar kölgə salsın, düzə xoş gəlsin.
Yağış yağan zaman torpağa hopur,
Sel olub axmayır, izə xoş gəlsin.
Yazıma başlayanda istedadı qızıla bənzətmişdim. Fikrimdə yanılmamışam, məncə. Eltunun “Mərmər ” şeiri bunu bir daha sübut etdi:
Bir vaxt parıltına qamaşan gözlər,
İndi sənə baxıb tökür göz yaşı.
Adın da dəyişib elin dilində,
Sən mərmər deyilsən- “Mərmər baş daşı”.
Mən bu kiçik yazımda Eltun Türkelin bütün yaradıcılığını tam təhlil etmək niyyətində olmadım .Sadəcə Şairin poeziyasına qıraqdan nəzər saldım. Əziz oxucular, əsl sözü Sizlər deyəcəksiniz. İnanıram ki, Eltun Türkel poeziyası Sizlərə çox şey öyrədəcək, şeirləri zövqünüzü oxşayacaq və belə bir Şairi tanıdığınız üçün sevinəcəksiniz. Ümidvaram ki, bu kitab stolüstü kitabınıza çevriləcəkdir!
Sonda mən də öz adımdan Eltun qardaşımızın ilk kitabının işıq üzü görməsi münasibəti ilə onu səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Yaz, ŞAİRİM, yaz! Yazdıqların Səni yaşadacaq! Qoy uca Rəbbimiz sənə dayaq olsun!
Seyyid Süleyman (Süleyman Əliyev).
Şair, dil-ədəbiyyat müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.