Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar “Rənglərdə yaşayan Xocalım” adlı virtual sərgi təşkil edib.
Sərginin keçirilməsində məqsəd faciə qurbanlarının əziz xatirəsini yad etmək, Xocalı soyqırımı haqqında uşaq və gəncləri məlumatlandırmaq, onlarda Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və istedadlı uşaqları aşkara çıxarmaqdan ibarət olub.
Virtual sərgi çərçivəsində Mərkəzin dərnək üzvlərinin hazırladıqları rəsm işləri Azərbaycan tar ifaçılıq məktəbinin, gənc və istedadlı nümayəndəsi, əməkdar artist Şəhriyar İmanovun ifa etdiyi “Nəbz” adlı musiqinin müşayiəti ilə sosial şəbəkələr vasitəsilə yayımlanıb.
Rəsmlərdə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin dəhşətləri, yüzlərlə insanın qətlə yetirilməsi kimi məqamlar ifadə olunub.