Qondarma “arsax qəhrəmanı”, 90-cı illərdə Əsgərandakı “Qarabulaq batalyonu” adlı erməni terrorçu birləşməsinin komandiri olan, Ağdam, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər və Füzulinin işğalında iştirak etmiş general Arşavir Qaramyan erməniləri “yuxudan ayılmağa” çağırıb və deyib: “Qarabağ daha Ermənistan deyil…”
Qaramyan özünün “Facebook” səhifəsində bildirir ki, (yeri gəlmişkən Dağlıq Qarabağın bir hissəsində mövcudluğunu saxlaya bilmiş qondarma rejimin faktiki idarəçiliyini əlinə almış digər əsgəranlı keçmiş səhra komandiri, general-“samozvanets” Vitali Balasanyan Facebook-u qadağan etməyə hazırlaşır) ermənilər yuxudan ayılmalıdır. Çünki “sonra” bir daha olmayacaq. O bildirir ki, Ermənistan hökumətinin müxalifətlə siçan-pişik oynadığı bir vaxtda Azərbaycanın hərbi-siyasi rəhbərliyi artıq Zəngəzurun “boynuna ip salıb sıxmaqla” məşğuldur. Və öz postunun sonuna PS də əlavə edib: “Qarabağ daha Ermənistan deyil…”
Bu yaxşıdır ki, Qaramyan özü Azərbaycanın zəfəri, Qarabağın azad olunması ilə bitən 44 günlük müharibədən təxminən ay yarım keçəndən sonra yuxudan ayılıb və Qarabağın “daha Ermənistan olmadığını” dərk edib. Və digər erməniləri də yuxudan ayılıb bu həqiqəti dərk etməyə çağırır. Ola bilsin Qaramyanı bir az da silkələsələr yuxudan tam ayılar və “Qarabağ Azərbaycandır!” şüarını təkrarlayıb digər erməniəri də bunu etməyə çağırar.
Arşavir Qaramyan Dağlıq Qarabağda fəaliyyət göstərən qurama hərbi xunta rejiminin rəhbərlərindən biri olub, müharibədən sonra bu rejimdə “təhlükəsizlik şurasının katibi” və “daxili işlər naziri”, “baş prokuror” kimi səs-küylü vəzifələr tutub. 2018-ci ildən isə bu rejimin sıralarından uzaqlaşdırılıb.