Vətəni qəlbi ilə, canı və qanı ilə sevən qazi – Vətən sənin, mənim, hamımızındır!

Uğur nədir?!. Məncə uğur qazanmaq üçün ilk öncə inadcıllıq və məqsədə yönəlmə lazımdır.Çünki, uğurların əldə edilməsində insan  başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır. Nəyəsə nail olmaq, bir addım daha irəli getmək, digər insanlardan fərqlənmək, etdiyi işin yaxşı nəticələrini görmək – bütün bunları  elə uğur, müvəffəqiyyət adlandırmaq olar.

Sizə çatdırmaq istədiyimiz hekayət də  uğurdan yüksəkdə duran və şərəfli  “Qazi” adını daşıyan igid əsgərlərimizdən birinə – Quliyev Məlik Muğan oğluna həsr olunur.

O, Gəncə Dövlət Universitetinin məzunudur. əslən Laçınlıdır. 44 günlük müharibədən qat-qat əvvəl – səfərbərlik elan olunan gündən o, könüllü olaraq cəbhəyə getmək, torpaqlarımızın yağı düşmən tapdağından azad edilməsi uğrunda  gedən döyüşlərə qatılmaq  arzusu ilə ərazi  üzrə hərbi komissarlığa dəfələrlə müraciət etmişdi. Həmin dövrdə onun hələlik çox qısa, lakin insanları duyğulandıran hekayəti  bir çoxlarını heyrətə gətirmişdi. Çəkisi və səhhəti ilə bağlı hərbi komissarlıqdan ona edilən xəbərdarlığa baxmayaraq, Məlik qısa bir müddət ərzində bu baryeri aşmaq qərarına gəldi. Dəfələrlə etdiyi müraciətlər cavabsız qalsa da, o sağlamlığını əsgər üçün lazımi keyfiyyətlərə uyğun formaya çatdırılmasına nail oldu. Onu tanıyanlar Məliyin inadkarlığına heyran olmuşdular. Vətənə olan sonsuz məhəbbəti ona bütün çətinliklərin öhdəsinə gəlmək imkanı verdi. Onun artıq cəbhə bölgəsində gedən qızğın döyüşlərdə iştirakı  xəbəri isə bizdə onun inadcıllığına simpatiya dolu fəxarət yaradırdı. Minlərlə qeyrətli, igid həmvətənlərimiz kimi Məlik də Vətənə olan borcunu fədakarlıqla – əlində silah, müharibənin bütün çətinliklərini heçə sayaraq, sinəsini düşmən gülləsinə sipər çəkərək verdi. Və… o da öz növbəsində sübut etdi ki, Vətəni sevmək insanın qəlbinə hakim kəsilən, özündən asılı olmayan  sevgi dolu bir ümmandır.

Onun kimi igidlər yetişməkdə olan gənc nəslə bir örnək oldu, hər birimizin qəlbində Vətənə olan bu məhəbbət hissinin heç vaxt sönməyən bir atəş olduğunu nümunə olaraq göstərdi.  Göstərdi ki, Vətənə, Xalqına, Dövlətinə, Ana Yurdumuza olan sevgimiz də əxlaqi keyfiyyətlərdəndir  və əslində bu, mənəvi-əxlaqi keyfiyyətlərin ən ucası, ən alisidır! Çünki, onların bu əməli, hissləri insan mənəviyyatının ən yüksək formada olan göstəricisidir. Bu hisslər insanın daxilini zənginləşdirən ən əsas və önəmli əxlaqi prinsiplərdən biridir! Çünki, Vətənə bağlılıq elə milli-mənəvi dəyərlərə, ailəyə, tariximizə, xalqımıza, dövlətimizə və bizi yaşadan digər dəyərlərə bağlılıqdır!

P.S. – Sevindirici haldır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad ediməsinə görə” – ayrı-ayrılıqda 3 medal ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunanlar sırasında igid həmyerlimiz Məlik Muğan oğlu Quliyev də vardır.

Eşq olsun Ali Baş Komandana, eşq olsun Milli Ordumuza, eşq olsun, sinəsini düşmən gülləsinə sipər edən, Müzəffər və Qalib İgid Oğullarımıza!

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.