Ermənistanın Gəncədə törətdiyi növbəti qətliam vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi

Son günlər qəhrəman Gəncə şəhəri Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı Azərbaycan xalqının müqavimət rəmzinə çevrilib. Bunu oktyabrın 16-dan 17-nə keçən gecə baş verən qanlı hadisələr bir daha sübut etdi. Gecə saat 1 radələrində terrorçu Ermənistan dövləti tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncənin yenidən, bu dəfə daha amansız şəkildə raket atəşinə tutulması nəinki vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.

Bu fikirləri  AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdlərinin növbəti dəfə tam iflasa uğradığını bildirən Vüqar Rəhimzadə deyib: “İşğalçı Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız yağı düşmənin mülki vətəndaşlara qarşı yönəlmiş bu alçaq, insanlığa sığmayan hərbi cinayətlərinə baxmayaraq, Vətənimizin və dövlətimizin taleyinin həll olunduğu bu ağır günlərdə heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini tələb edir”.

Vüqar Rəhimzadə əlavə edib ki, vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər.

“Bu gün müharibə ab-havası ilə yaşayan Azərbaycanın hər bir guşəsində, o cümlədən kəmfürsət düşmənin fasiləsiz açdığı intensiv raket atəşləri altında yaşamağa məcbur olan Gəncə şəhərində insanlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona misilsiz etimad göstərir, arxasında möhkəm durduqlarını bəyan edirlər”, – deyən baş redaktor bildirib ki, böyük Qələbəyə köklənmiş Azərbaycan xalqından və müzəffər Ordumuzdan fərqli olaraq, bədbinlik içində üzülən, döyüş bölgələrində bir-birinin ardınca ciddi məğlubiyyətə uğrayan, xüsusilə bu gün 30 il işğal altında saxladığı böyük strateji əhəmiyyətə malik Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib. V.Rəhimzadə qeyd edib: “Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Artıq qalibiyyətli Azərbaycan Ordusunun qarşısıalınmaz əks-hücumları nəticəsində müqavimət qabiliyyətini tamamilə itirən Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Eyni zamanda, bu gün cəbhədə bir-birini əvəz edən ardıcıl məğlubiyyət sindromu iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində baş nazir Nikol Paşinyanın həyata keçirdiyi yarıtmaz siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Pərakəndə vəziyyətdə olan ordunun şəxsi heyətində baş verən ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası da heç bir nəticə vermir. Ölkədə və orduda mövcud olan son dərəcə acınacaqlı vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu qoymur. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa cəhd göstərir. Bu çabalarının heç bir nəticə vermədiyini anlayan Paşinyan və onun yırtıcı komandası döyüş meydanında uğradığı ağır məğlubiyyəti Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən Gəncədə günahsız mülki vətəndaşlara qarşı gecəyarısı xaincəsinə raket hücumları ilə kompensasiya etməyə çalışır”.

Dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan oktyabrın 17-də gecə saatlarında Gəncəyə növbəti dəfə xaincəsinə ballistik raketlərlə hücum edərək 4-ü körpə uşaq olmaqla, daha 14 nəfər günahsız insanı qətlə yetirdiyini, 55-dən artıq vətəndaşımızın yaralandığını deyən Vüqar Rəhimzadə diqqətə çatdırıb: “Bu qanlı terror aktı bir daha beynəlxalq qanunvericiliyin, 1949-cu il Cenevrə Konvensiyalarının və onların Əlavə Protokollarının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qalmamalı, faşist xislətli bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Baş redaktor vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət bu dəfə də işğalçı dövlətin xalqımıza qarşı törətdiyi qanlı terror aktlarını susqunluqla qarşılasa, Azərbaycan dövlətinin özü Ermənistanın hərbi-siyasi rəhbərliyini törətdiyi hərbi cinayətlərə görə cəzalandıracaq. Bu cəza isə daha amansız, terrorçu dövlətin dinc vətəndaşlarımıza qarşı törətdiyi ağır cinayətlərə adekvat olacaq. Buna heç kimin, o cümlədən Ermənistanın havadarlarının da şübhəsi olmasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.