24 APREL – QONDARMA ERMƏNİ SOYQIRIMI İLƏ BAĞLI ƏSL HƏQİQƏTLƏR

Daşnakların dənizdən-dənizə erməni dövləti yaratmaq arzusu I dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək”! kəlmələri ilə bitirdi. Beləliklə, çar II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar.
Çarın bu bəyanatından sonra, ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisnə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.
1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğurdular və anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi məktubda yazırdı: “Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların bədənləri süngülərlə dəlik-deşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırıblar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir…”
Müharibə dövründə Daşnaksütyun partiyası tərəfindən hazırlanmış təlimatlar hər bir erməni əsgərinə ünvanlanmışdı. Təlimatda deyilirdi: “Osmanlı sultanının səfərbərlik elanı ilə silah altına çağrılan ermənilər bu çağırışa uymamalı və ətrafdakı başqa xalqları da orduya qatılmasına mane olmalıdır.
– hansı vasitə ilə olursa-olsun silah altına alınmış ermənilər orduda fərarilik edib erməni könüllü birləşmələrinə qatılmalıdırlar;
– rus qoşunları sərhədi keçər-keçməz bütün erməni silahlı birləşmələri rus ordusuna qoşularaq Osmanlı ordusuna hücum etməlidir;
– cəbhə arxasında iki yaşından yuxarı bütün müsəlmanların hər vasitə ilə qətlə yetirilməsini həyata keçirilməlidir;
– müsəlmanların mal və mülkünü ələ keçirmək və ya yandırıb məhv etmək lazımdır;
– ermənilər tərk edəcəkləri evlərini, əkin sahələrini, kilsə və xeyriyyə evlərini yandırıb bunların müsəlmanlar tərəfindən törədildiyini bütün dünyaya yaymalıdırlar;
– rəsmi dövlət dairələrini məqsədyönlü şəkildə qızışdırmaq, osmanlı zabitlərini və jandarmalarını pusquya salaraq qətlə yetirmək;
– cəbhədən yaralı qayıdan osmanlı əsgərlərini qətlə yetirmək;
– dinc əhali yaşadıqları ərazilərdən köçməyə məcbur etmək;
– bomba və silah emal, tədarük və ya idxal edərək bütün erməniləri silahlandırmaq;
– ermənilərin törətdikləri qiyam və qətliamları müsəlmanların üstünə yıxaraq bunların xaricdə nəşr olunmasına nail olmaq;
– osmanlı ərazisində müttəfiq dövlətlərin xeyrinə casusluq və yönəldici hərəkətlər etmək”.
Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdiyi bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “Tayms” qəzeti yazırdı: “Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.
Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində er-mənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1.300 min erməni yaşayırdı. Gös-tərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Mühari-bə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqddan ölənlər və itkin dü-şənlər də vardır. “Tayms” qəzeti yazır: “Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur”.
Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə yoxdur.
Erməni təbliğatı ilə bağlı ingilis jurnalisti Skotland-Liddelin söylədiyi fikirlər necə də yerinə düşür. 1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist yazır: “Ermənilər həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər”. Skotland Liddel Nuru paşanın aşağıdakı sözlərini misal gətirir: “Erməninin nə vaxt və necə ölməsindən asılı olmayaraq başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürülmüşəm”.
1920-ci ildə Qərb dövlətlərinin Osmanlı dövlətini parçalamaq planı təbliğ olunan dövrdə Aram Andonyanın “Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər” adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. A.Andonyan bu əsərini qısa müddət əsrzində Paris, London və Bostonda ingilis, fransız və alman dillərində nəşr etdirdi. Aram Andonyan hamını inandırmaq istəyirdi ki, ingilis qoşunlarının Aleppoya (Hələb şəhəri) hücumu dövründə o, osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında şifrəli əmrini ondan almışdır. İngilis dilində nəşr olunmuş kitabda 48 “rəsmi osmanlı sənədi” verilmişdir. Halbuki, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda, həm də çapında fərq vardır. Andonyanın “rəsmi sənədləri” içərisində 14 şəkil verilmişdir. Müəllifdən şəkillərin əsli tələb olunduqda, o bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu heç kimə sirr deyil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını belə yaddan çıxarmış, “Bismillahir-rəhmanir-rəhim” sözlərini belə unutmuşdur. İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqvimi əvəzinə rum təqvimindən istifadə etmişdir. Andonyanın yazdığından belə çıxır ki, bu hadisə 2 mart 1916-cı ildə baş vermişdir. Bir sözlə, Andonyanın bu saxtakarlığı hamıya məlum olsa da, lakin bir çox dövlətlərin maraqlarına cavab verdiyindən bu sənədlər bu gün də siyasilərin diqqət mərkəzindədir.
24 aprelin meydana gəlməsinə və onun təbliğinə kömək göstərən əsərlərdən biri də yəhudi mənşəli Frans Verfelin “Qırx gün Musa dağda” əsəridir. Əslində müəllif özü də dəfələrlə etiraf etmişdi ki, bu əsər bədii əsərdir. Lakin, erməni ideoloqları və onların havadarları qısa zaman ərzində bu əsərə tarixi don geydirərək onu dünyanın müxtəlif dillərinə tərcümə edərək yayılmasına nail oldular. Əvvəla onu qeyd etmək lazımdır ki, Frans Verfel qələmə aldığı bölgədə heç vaxt olmamışdır. İkincisi, əsərdə qeyd olunan hadisələrlə bağlı müəllifin əlində heç bir sənəd olmamışdır. Lakin, müəllif etiraf edir ki, bu əsərin qələmə alınması üçün məlumatları ona Vyanadakı olan erməni dostları vermişdir. Ölümünə yaxın Frans Verfel etiraf etdi ki, yazdığı bədii əsəri ermənilər böyük məharətlə saxtalaşdıra bildilər. Bunu açıq şəkildə etiraf etməkdə acizlik göstərməyin səbəbi terrorçu daşnak qüvvələrindən ehtiyat etməsi olmuşdur.
1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir.
Əslində 24 apreldə nə baş vermişdir? Doğrudan da, Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalamışdır. Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Bu sənəddə söhbət erməni əhalisnin köçürülməsi və onlara qarşı soyqırımın həyata keçirilməsindən getmir. Sənəddə qeyd olunur ki, erməni komitələrinin rəhbərliyi altında Zeytun, Bitlis, Sivas və Vanda baş vermiş üsyanların təkralanmaması üçün üsyan rəhbərlərinə qarşı həbs qəti imkan tədbirinin seçilməsinə ehtiyac vardır. Doğrudan da, bir gün sonra aprelin 25-də İstanbulda erməni üsyançı qruplaşmasının “Daşnaksütyun” və “Qnçaq”dan olan rəhbərliyi həbs olundu. Ayrı-ayrı vilayətlərdə isə bu həbslər bir neçə gün sonra başladı.
Amerika tarixçisi Stenford Corc Şou yazırdı: “Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın işgəncələri verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında “Erməni Van dövləti” yaradıldı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.
1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşaiyəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.
Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan “Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq statistik mən-bələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır”. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olmuşdur.
Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını reallaşdıra bilməyən erməni silahlı dəstələri geri çəkilərək Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar.

Anar İsgəndərov,
Milli Məclisin deputatı,
BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri
tarix elmləri doktoru, professor

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.