Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi yüksəkdir. Hazırda Azərbaycanda qız və oğlanın doğum nisbəti müvafiq olaraq 100 və 114-dür. Sosioloqlar isə bunu ölkə üçün təhlükəli məqam adlandıraraq həyəcan təbili çalır.
Mövzunu Axar.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, doğulan oğlan sayının qız uşaqlarının sayına nisbətən çox olması müəyyən həddə qədər normaldır:
“Mən həmişə hesab etmişəm ki, oğlan sayının qızdan çox olması müəyyən baxımdan yaxşıdır. Əvvəla ona görə ki, oğlan uşaqlarının müəyyən yaş dövrü var ki, ona qədər ölüm riski yüksək olur. Həmçinin əsgərlik dövrü və müharibə də oğlan sayına kəskin təsir edir. Yol qəzalarını da misal göstərmək mümkündür. Nəzərə almaq lazımdır ki, avtomobil sürənlərin əksəriyyəti kişilərdir. Üstəlik, ölümlə nəticələnən yol qəzalarının çoxunu kişilər törədir. Yəni doğuş zamanı qız-oğlan nisbəti pozulsa da, müəyyən vaxtdan sonra aradakı fərq azalır. Bura oğlanların əksəriyyətinin ölkəni tərk etməyi də daxildir. Bu baxımdan təbii artımda oğlan sayının çox olması müsbət haldır.
Ancaq təbii ki, bu, müəyyən həddə qədər normaldır. Bu gün bu nisbət 100-ün 114-dədir. Halbuki bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbəti hər 100 qıza 105-107 oğlan təşkil etməlidir. Bizdə isə bu bioloji norma pozulub. Belə davam edəcəyi təqdirdə balans daha da pozulacaq”.
Sosioloq bildirib ki, ailələrin qız övladı istəməmələrinin müəyyən səbəbləri var:
“Ailələr ilk növbədə nəslin davamlılığı üçün oğlan övladı istəyirlər. Həmçinin oğlan müəyyən yaşdan sonra evə maddi dəstək də göstərə bilir və ailələrin çoxu bunu nəzərə alır. Məhz qız övladı olan ailələrdə qızların erkən yaşda ərə verilməsinə səbəb də budur. Ailə qıza əlavə yük kimi baxdığı üçün vaxtından tez ərə verir. Son illər qızlara qarşı şiddət, oğurlanma hallarının artması da ailələrin oğlan arzusunu şiddətləndirir. Məsələn, ailə qızını oxutmaq üçün Bakıya göndərməyə ehtiyat edir, qorxur. Oxumağa qoymadığı üçün işləyə də bilmir və artıq yük hesab olunduğu üçün ərə verilir. Bölgələrin əksəriyyətində vəziyyət məhz bu cürdür. Yəni qız-oğlan balansının pozulması səbəbsiz deyil”.
Ə.Qəşəmoğlu qeyd edib ki, problemin qarşısı alınmazsa, bu, ölkədə etnik tərkibin dəyişməsinə səbəb olacaq:
“Ciddi elmi əsaslarla fəaliyyət planı hazırlamaq lazımdır. Səbəblər ciddi təhlil olunmalıdır.
Qız-oğlan nisbəti zamanla daha da kəskinləşərsə, çox ciddi problemlər meydana çıxa bilər. Zamanla oğlanlar ölkədə evlənməyə qız tapa bilməyəcək və xarici vətəndaşlarla evlənməyə üstünlük verəcəklər. Bu da ölkədə etnik tərkibin dəyişməsinə səbəb olacaq. Etnik tərkibin dəyişməsi müəyyən həddə qədər normal hesab edilə bilər. Ancaq fərq kəskin artdıqda zamanla problem də artacaq”.