Həmkarlarıma tövsiyələr: Jurnalistika qisas üçün alət deyil.

Son dövrlər xaricdə fəaliyyət göstərən Azərbaycan diasporalarının işi barədə mətbuat səhifələrində gedən yazıların sayı fərqli dərəcədə artmaqdadır. Çox qəribədir ki, bu yazıların əksəriyyəti onların işinin müsbət tərəflərini deyil, əsasən mənfi cəhətlərini işıqlandırmağa həsr olunur. Belə bir mənzərə yaranır ki, xaricdə yaşayan həmvətənlərimiz öz vəzifə borcları ilə bağlı bütün işlərə sayqısızlıq göstərir, bu işlərə yalnız öz şəxsi maraqları prizmasından diqqət yetirirlər. Əslində bu belədirmi? Bir diaspora ətrafında birləşib güc və enerjisini tamam başqa səmtə və başqa işlərə yönəltməyi nə dərəcədə məntiqə uyğun saymaq olar? Doğrudanmı, vətənimizi xaricdə layiqincə təmsil etməli olan insanlar işlərini yalnız öz şəxsi maraqlarını güdməklə bitmiş hesab edirlər?.. Yoxsa bu, Azərbaycanı sevməyən bir qrup insanların azərbaycanlıları Vətənlə bağlayan telləri qırmaq, onları öz yolundan sapdırmaq üçün ortaya atdığı bir oyundur? Ümumiyyətlə, diaspora nədir və o əslində hansı işləri ilk növbədə önə çəkməlidir?

Həmişə bu suallara cavab tapmaq üçün mətbuat səhifələrində yer alan yazıları diqqətlə izləyirik. Yazıların çoxu öz bəsitliyi ilə diqqəti çəkir. Demək, onlar diasporanın işi və bu işin əslində hansı mahiyyətə malik olması barədə səthi məlumatlara malikdirlər. Bu səbəbdən də yazarların əksəriyyəti diasporalar barədə oxuculara çatdırmaları olduğu məlumatlara, özləri də hiss etmədən, müəyyən məqsədlərə xidmət edən yanaşmalar çərçivəsində qiymət verməyə çalışırlar. Bu isə, əlbəttə ki, müəyyən yalnışlıqlar yaradır və mətbuatın adına yaxşı ad gətirmir.

Həyatımızı bəzəyən çox şey var. Həyatımızı korlayan şeylər də az deyil. İnsan övladı həyatını bəzəmək üçün nələrə əl atmır ki…

Lakin insanın ən böyük bəzəyi onun ləyaqəti, şərəfi, vicdanıdır. Bu bütün dövrlərdə, bütün xalqlarda belə olub. Əsl insan bu keyfiyyətləri itirdikdə gözdən düşür, qınaq obyektinə çevrilir.

Peşə əxlaqı, peşə etikası da bunların sırasında önəmli yer tutur. Jurnalistika fəaliyyəti də dövlətimizin ictimai-siyasi həyatının mühüm sahələrindəndir. Mətbuat işçilərinin etik davranış kodeksində bu fəaliyyət jurnalistlərin şəxsi, mənəvi və  işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılı olduğu bildirilir.

Yalnız bu keyfiyyətlərə, saf  mənəviyyata, öz həmkarları və oxucular arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa  xidməti özünə borc sanan, xalqına  sədaqəti ilə seçilən yazarlar insanların dəstəyinə arxalana bilir. Əməldə, təcrübədə bunun əksi ilə rastlaşdıqda oxucuların hansı hisslər keçirdiyini anlamaq çətin deyil.

Bu işdə sosial şəbəkələr də az rol oynamır. O şeyi ki, mətbuat səhifələrində deməyə ürək etmirlər, sosial şəbəkələrin verdiyi imkan və imtiyazlardan geninə-boluna istifadə etməkdən yayınmırlar. Belə hallardan biri də facebook istifadəçisi olan jurnalistlərin Ümümdünya və Rusiya azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov barədə yazdıqları və  və paylaşdıqları məlumatlardır. Düzü, onların bəziləri dostluqda vardır və biz bu paylaşımları oxumaq imkanına malikik. Savadlı gənclər olsa da, yarıtmaz jurnalistik fəaliyyəti ilə, kimisə alçatmaq yolunda xoşumuza gəlməyən yazıları ilə də gündəmə gəlirlər. Əgər onlar, bu yazıları bizim oxumağımız üçün paylaşırlarsa, onda bizim mənəvi ruhumuzu oxşayan yazılara üstünlük verməlidirlər. Bu yazılar bizi bütün varlığımızla maraqlandırmalı, bizi inandırmalı və təsvir etdikləri hallar, hadisələr, simalar barədə fikirlərimizi daha da möhkəmləndirən, yaxud onlar haqqında olan təsəvvürlərimizi alt-üst edən düzgün  məlumatlara daha çox yer verməlidirlər.

Əslində isə biz onların yazılarında (çoxlarının qəlbən hörmətlə yanaşdığı) Anar Həsənov barədə təhqiramiz informasiyalara malik oluruq. Biz onu necə təsəvvür edirdiksə, elə də görməyə çalışırıq. Bu stereoptipi  dağıtmaq üçün daha inandırıcı, həm də fantastik deyil, real həyatdan götürülmüş faktlara daha çox ehtiyac duyulmalıdır. Məsələn, Anar Həsənov barədə paylaşımları ilə gündəmə gələn Samir Feyruz qardaş bizi inandırmalıdır ki, Anar Həsənov  deyil, məhz tərəfini saxladığı insanlar Rusiya azərbaycanlılarını birləşdirən diasporalar ilə gecə-gündüz iş görür, konfranslar, görüşlər keçirir, demək olar ki, hər gün yeni-yeni işlərə imza atır, tarixi vətəni olan Azərbaycanı  təmsil edən dövlətini və onun bayrağını  uca tutur. Və bu işi onu insanların gözündən salan yalançı faktlara istinad etmədən görməyi bacarmalısınız. Əks təqdirdə, sizi məntiqsız intriqanlar ilə fərqləndirən  cəhətlər az olacaqdır .

Siz inandırıcı olmayan, uydurulan və heç cür sübut oluna bilməyən faktlara istinad etməməlisiniz, onun illər ərzində faydalı fəaliyyəti, ailəsi, şəxsi həyatı barədə utanmadan yalanlarla bəzədilən şərhlər gətirməyi özünüzə utanc saymalısınız.

Jurnalistika intriqalar üçün qaydasız döyüş məkanı deyil. Jurnalistikada belə şeylər qəbul olunmazdır və  yazarlar hazırladığı materialların səhihliyini bir şərəf məsələsi saymalıdır. Yazılarnız sizin bu sahədə qabiliyyətinizin göstəricisidir. Bu göstəricini özünüz haqda yüksək fikirlər yaradan bir alətə çevirin və belə yollarla özünüzü insanların gözündən salmayın. Siz onun hansısa fikirləri ilə razılaşmaya bilərsiniz, lakin bu, sizə böyük ictimai-siyasi fəaliyyəti ilə seçilən həmkarınız barədə təhqiramiz fikirlər yürütməyə əsaslar vermir.

Ardı var…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.