600-dən yuxarı bal toplamış hansı məzunlar əsgərliyi universitetdə çəkəcəklər? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər əsgərliyi Milli Müdafiə Universitetində çəkəcəklər.

Bu qərar hansı qruplara aiddir və üstünlüklər nədir?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri  açıqlamasında bildirdi ki, Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmək üçün yeni konsepsiya tətbiq edilib və bu konsepsiyaya əsasən aparılan islahatlar çərçivəsində orduda intellektual qabiliyyətli bölmələr yaradılıb:

“Bu, həddindən artıq vacib, düşünülmüş və müsbətləri gələcəyə hesablanmış bir qərardır. Biz çox sevinirik ki, belə bir qərar verilib və Milli Müdafiə Universitetinin tərkibində intellektual qabiliyyətli bölmələr yaradılıb ki, orada sırf  İT profilli ixtisasların məzunu olan seçilmiş tələbələrimiz təhsil alacaqlar. Bu müddətdə onlar təhsillərindən nəinki geri qalmaq, hətta öz ixtisasları ilə bağlı bilikləri artıraraq hərbi xidmət müddətindən sonra daha fərqli formatda tətbiq edə biləcəklər”.

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

Mütəxəssis qeyd etdi ki, Dövlət İmtahan Mərkəzinin xətti ilə 600-dən yuxarı bal toplamış məzunlar, həmçinin respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, o cümlədən reytinq cədvəllərində yüksək pillələrdə olan (ilk 500 yerdən geri qalmamaq şərtilə) universitetləri bitirən və ən əsası İT ixtisaslarını bitirənlər həmin xüsusi intellektual qabiliyyətli bölmələrdə hərbi xidmətlərini keçə biləcəklər:

“Bilirik ki, I qrupda iki alt qrup var: RK  (riyaziyyat-kimya) və Rİ (riyaziyyat-informatika). İnformatikadan imtahan verərək Rİ alt qrupunu seçən gənclərimiz bu alt qrupa aid olan İT profilli ixtisasları seçə bilirlər. Onların sayı 5-dir: informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi və proseslərin avtomatlaşdırılması. Həmçinin nanotexnika və mexatronika ixtisasları isə yenidir və yalnız iki universitetimizdə tədris olunur. İstər Azərbaycanda, istər xaricdə bu ixtisasları bitirənlər əsgərliyə getdikdə andiçmə mərhələsinə qədərki dövr bitdikdən sonra öz ixtisaslarına uyğun olaraq intellektual qabiliyyətli bölmələrə yönəldilirlər və hərbi xidmətdə qaldıqları müddətdə digər sıravi çağırışçılardan fərqli olaraq məhz təhsillərinin inkişafına yönəldilirlər”.

Elmin Nurinin sözlərinə görə, əsgərliyə gedənlər ixtisasından asılı olmayaraq qayıdandan sonra müəyyən qədər adaptasiya problemi yaşayırlar. Bir çoxları öyrəndiklərini unudur, bir çoxlarında fikir dəyişkənliyi hiss olunur:

“Amma bu qərarın önəmi ondan ibarətdir ki, həmin uşaqlar öz ixtisaslarından uzaq qalmayıb, əksinə, bunu daha da təkmilləşdirirlər. Bu cür xüsusi istedadlı, minimum 600 bal toplayan, beynəlxalq müsabiqələrdə, olimpiadalarda qalib gələn gənclərimizin potensialı ordu üçün istifadə olunur. Xüsusən də verilən qərarın İT ixtisasların məzunlarına aid edilməsini əlavə düşünülmüş addım kimi dəyərləndirməliyik. Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək, mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılması böyük layihənin əsasını təşkil edir. Onlar əsgərlikdə olduqları halda həm də karyera pilləsində irəliləmiş olacaqlar. Dövlətin hesabına əlavə iş təcrübəsi keçmiş olacaqlar”,

Sevinc İBRAHİMZADƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.