5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.
Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib.
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.”
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, 21-ci əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin ““Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır. Artıq neçə ildir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Müsabiqənin yekunlarına əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinə on min manat, “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn yüz müəllimin hər birinə beş min manat məbləğində birdəfəlik pul mükafatı verilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyevin 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışanların əmək haqları sentyabrın 1-dən 10% artırıldı.
Ucqar kəndlərə işləməyə göndərilən müəllimlərə xüsusi imtiyazların verilməsi də müəllim əməyinə verilən qiymətdən xəbər verir. Həmişə olduğu kimi, bu ilki Bilik günündə də iştirak edən Prezident İlham Əliyev dövlətin təhsilə və təhsilin əsas siması olan müəllimə göstərdiyi diqqəti bir daha təsdiq etdi və bunun davamlı olacağını diqqətə çatdırdı. Mənim üçün məktəb illəri hər bir insan kimi unudulmaz illərdir. Burada, bu məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram. Bununla bərabər, mənim üçün bütün məktəblər əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda son illər ərzində məktəb tikintisi çox geniş vüsət almışdır. Son illər ərzində 2161 məktəb tikilib və təmir edilmişdir. Bütün məktəblərdə kompüter sinifləri yaradılıbdır. Hesab edirik ki, Azərbaycanda təhsilin səviyyəsi müasir tədris prosesinin inkişafı hesabına daha da qalxacaqdır.
Əziz müəllimlər! Bayramınız mübarək!