Xocalı rayon Mədəniyyət evində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dəyirmi masa keçirildi. Tədbirdə Xocalı rayon İH-nin Başçısı cənab Şahmar Usubov və müəssisə, idarə rəhbərləri iştirak etdilər.
Tədbir iştirakçıları Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
İlk öncə Xocalı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım hadisələrindən danışdı. O, bildirdi ki, soyqırım aktlarının həyata keçirilməsində əsas məqsəd xalqımızı öz doğma torpaqlarından çıxarmaq və həmin torpaqlarda erməni ideoloqlarının uydurduqları “böyük ermənistan” dövləti yaratmaq olmuşdur. Erməni vəhşiləri 1918-ci il mart ayında xalqımıza qarşı xüsusi vəhşiliklə kütləvi qətliamlar və qırğınlar törətmişlər. Həmin dövrdə yalnız Bakıda 12 mindən çox azərbaycanlı etnik milli zəmində qətlə yetirilmişdir.
Sonra çıxış üçün söz Xocalı şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Tamella Bilalovaya verildi. Tamella Bilalova ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımdan tarixi faktlarla nümunələr gətirdi.
Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin direktoru Rüstəm Hümbətov çıxışında dünyada ikili standartların mövcud olduğunu qeyd etdi. O, fikirlərinə əlavə etdi ki, dünyada beynəlxalq hüquq işləmir və böyük dövlətlərin əlində bir vasitəyə çevrilib. Belə olmasaydı, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilən 4 qətnamə indiyədək icra edilərdi. Bu gün Ermənistanın Haaqa məhkəməsi qarşısında dayanması üçün kifayət qədər faktlar var. Tarixin təkrar olunmaması üçün, bu cür qanlı faciələri bir daha yaşamamaq üçün tariximizdən dərs götürməliyik.
Daha sonra çıxış edən Xocalı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Mətanət Zamanova bildirdi ki, soyqırım aktı millətin etnik mənsubiyyətinə görə bütövlükdə məhv edilməsinə yönəldilmiş hadisədir. 1988-1993-cü illərdə başımıza gətirilən hadisələr də həmin soyqırım aktlarının tərkib hissəsidir.
Sonda çıxış edən Xocalı rayon İH-nin Başçısı cənab Şahmar Usubov qeyd etdi ki, Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırılmışdır. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.