27 mart – Beynəlxalq Teatr Günüdür

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Yaranmasının 147-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.

Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.

Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.