2019-cu ilin oktyabr ayından 32 bölgədə daha 250 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayacaq.
Etmtv. news Təhsilı Nazirliyinə istinadən xəbər verir ki, 2019-2020-ci tədris ili üzrə icma əsaslı məktəbəqədər təhsil qruplarında 6400 uşağın təlimə cəlbi nəzərdə tutulur. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası – sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənililəcəkdir.
Növbəti ildən əlavə olaraq 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması da planlaşdırılır. Bununla da, məktəbəqədər təhsilə cəlb olunan 3-4 yaşlı uşaqların sayı ümumilikdə 12400 nəfərə çatdırılacaqdır.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin oktyabr ayından etibarən UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi əsasında ilk olaraq 14 bölgədə yerləşən ümumi təhsil müəssisələrinin bazasında 95 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb.
İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.