20 YANVAR ŞƏHİDİ Fəxrəddin Xudu oğlu İsayev… Yardımlı rayonu, Alçabulaq kəndi.
Fəxrəddin Xudu oğlu İsayev 21 mart 1963-cü ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olub. Biləcəridə orta təhsilini başa vurub, Sovet ordusunda hərbi xidmətdən sonra sürücü işləyib.1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecədə, o qanlı-qadalı gündə Sovet qoşunlarının tərkibində maskalanmış erməni gülləsinə yaralıları daşıyarkən tuş gələrək, şəhid olmuşdur. Atası Xudu Bədirxan oğlu İsayev Yardımlı rayonunun Alçabulaq kəndində anadan olub. Xudu və onun özündən kiçik qardaşı Əlixan İsayevlər hələ II Cahan Savaşı başlamazdan əvvəl Sovet Ordusunda hərbi xidmətə çağrılmış və hər iki qardaşın qismətinə faşist işğalçılarına qarşı müharibədə iştirak etmək düşmüşdür. Onlar müharibədə yaralanmış, müharibədən salamat qayıtmışdır. Hər iki qardaş müharibə veteranı kimi tanınmışdır. Müharibədən sonra Əlixan doğma kəndində məskunlaşsa da, Xudu kişi keçən əsrin 50-ci illərinin əvvəlindən Bakı şəhərində işləməyə yollanıb. O, taleyini bu şəhərlə bağlamışdır. Elə 20 Yanvar şəhidi Fəxrəddin Xudu oğlu İsayev də Bakıda doğulmuşdur.
Şəhidimizin əmisi oğlu Ələkbər İsayev nəql edir:” Fəxrəddin Bakıda böyüsə də, ata yurdu doğma Yardımlıya rəğbətli idi.Tez-tez rayona gələr və kəndimizin gözəl yerlərini gəzməklə dadını çıxardırdıq. Hələ uşaqlıqdan o, çox qorxmaz və qeyrətli oğul kimi tanınmışdı. Şəhid olmazdan əvvəl Bakı şəhərində tikintilərin birində sürücü işləyirdi. Sovetlərin dağılması ərəfəsində meydan hərakatına ilk qoşulan igid oğullarımızdan idi. Bildiyimə görə meydan hərakatının əvvəlindən axırına kimi orada qeyrətlə iştirak edib. Yanvar ayının 19-dan 20-ə keçən gecə əli qana batmış Sovet qoşunları Bakı şəhərinə hücum edəndə Fəxrəddin də o zaman heç nədən qorxmadan yaralıları təcili yardım avtomobilində Respublika Xəstəxanasına daşımaqda, onlara yolda əlindən gələn köməyi etməkdə olub. Bunu şahidlər deyib. Lakin gecə vaxtı qəfildən Sovet tankının hücumuna məruz qalan həmin təcili yardım maşını məhv edilmiş və əmioğlum Fəxrəddin İsayev də igidliklə həlak olmuşdur. Biz o zaman əmim oğlu Fəxrəddinin də şəhid olması xəbərini eşidib həm qəzəbli, həm də yas içində idik. Onun üçün doğulduğu Biləcəri məzarlığında qəbir qazdıq. Sonra xəbər gəldi ki, şəhid olanlar o zaman Dağüstü parkda dəfn olunacaq. Şəhidlər Xiyabanında arxada 4-cü məzar rəhmətlik Fəxrəddinindir. Məzarı nurla dolu olu olsun! Sizə təqdim etdiyim Fəxrəddinin fotosunu bu gün də daim cibimdə ondan yadigar olaraq, o zamandan daşıyıram. Bunu səmimi deyirəm, o mənə bu fotonu verəndə yadigar olaraq əmioğlu məhəbbətinin rəmzi kimi bağışlamışdır. Çox qeyrətli oğul idi. Sevinirəm ki, Fəxrəddinin adı Müstəqil Azərbaycanın tarixində əbədi yazılıb.”
Yenə də şəhidimizn digər əmisi oğlu, bu gün Alçabulaq kənd sakini Əflatun Yunus oğlu İsayev nəql edir:” Əmioğlu kimi çox mehriban idik. Həqiqətən, Fəxrəddin çox qoçaq, həm də çox qeyrətli oğlan idi.Şəhid oğlduğu dövrdə mən tələbə idim Bakı şəhərində. Onun meydan hərakatına əvvəldən axıra kimi iştirakının şahidiyəm. Xüsusən, ermənilərin Topxana meşəsini xaraba qoymasından çox qəzəbli idi, daim də Respublika rəhbəri bədnam Vəzirov hakimiyyətinə etiraz toplantısına qatılırdı. Bir məsələni də yadınıza salım ki, Fəxrəddin hələ Sovet vaxtı Bakıda bütün idarə və təşkilatlarda rəhbərliyi ələ keçirən ermənilərə nifrət edirdi. Bir misal çəkim. Yadımdadır, 1985-ci ildə o, 22 yaşında bir hadisə törətmiş və onu həbs etmişdilər. Erməni zabiti Fəxrəddinin yaşadığı Biləcəri qəsəbəsində bir azərbaycanlı xanıma söz atmış və nəlayiq təklif etmişdi. Bu, böyük mübahisəyə səbəb olsa da, erməni zabiti qudurğanlğını nümayiş etdirmişdi. Bu zaman gənc Fəxrəddinə qeyrət güc gəlmiş və heç tanımadığı azərbaycanlı xanımın üçstündə mübahisəyə qoşulub erməni zabitlə dalşmışdı. Həddini aşan zabitə olan nifrəti coşmuş və ona bir neçə bıcaq zərbələri ilə qətlə yetirmişdi. Fəxrəddin dərhal milislər tərəfindən həbs edilmişdi. Yadma gəlir ki, həmin vaxt məsələ böyüsə də, Biləcəri sakinləri Fəxrəddini müdafiə etmişdi. Amma o, həbs edilərək bir neçə il bu işə görə həbsxanada yatmışdı. Deməyim odur ki, Fəxrəddin uşaqlıqdan çox vətənpərvər və qeyrətli oğul idi. Allah onun şəhid ruhunu sevindirsin!”
P.S. Müstəqilliyimiz uğrunda qəhrəmancasına həlak olan Fəxrəddin İsayevin qəhrəmanlığı bu gün onun ata-baba ocağı olan Yardımlı rayonunun tarix-diyarşünaslıq muzeyində xatirəsinə həsr edilmiş guşə ilə əbidiləşdirilmiş və qəhrəmanlığı örnək olaraq, gənc nəslə təbliğ olunur.
Şəhidlər ölməz, Vətən bölünməz! Müstəqilliyin əbədi olsun, Azərbaycan!
Əli İsgəndərov