Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar “Biz sizə borcluyuq, igid şəhidlər!” adlı virtual sərgi təşkil edib.
Məqsəd xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsini yad etmək, şərəf və qəhrəmanlıq səhifəsi kimi tarixə yazılan bu günü uşaq və gənclərə aşılamaqdan ibarət olub.
Mərkəzin yetirmələrinin hazırladıqları 30-a yaxın rəsm işi Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, əməkdar artist Şəhriyar İmanovun ifa etdiyi “Nəbz” adlı musiqinin müşayiəti ilə sosial şəbəkələr vasitəsilə yayımlanıb.
Uşaqlar öz rəsmləri vasitəsilə Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını ifadə edib, müstəqil ölkənin övladları kimi onlara borclu olduqlarını bildiriblər.