Uzun illər sonra Azərbaycan opera sənətinə yeni qədəm qoymuş “Nəsimi” operası nümayiş olundu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu operanı Azərbaycan sənətsevər nümayəndələri və COP 29 çərçivəsində ölkəmizə təşrif buyurmuş qonaqlar böyük coşqu və heyranlıqla qarşıladılar. Azərbaycan mədəniyyətində, incəsənətində öz sözünü demiş sənətkarlar, xalq artistləri, dəyərli qonaqlar çox böyük həyəcan və heyranlıqla operanı izlədilər.
Librettosu akademik Rafael Hüseynova aid olan operanın musiqisi xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə məxsusdur.
Artıq üç ildən çoxdur ki, yazılmış operanı Siyavuş Kərimi gizli sərvət kimi, xəzinə kimi qoruyur. Çünki sevərək yazdığı əsərini film-opera şəklində görmək istəyirdi. Əlbəttə ki, gözəl fikirdir. Film-opera kino sənətində uzun illərdən bəri dayandırılmış bir film tərzidir. Ümid edirik, nə zamansa bu arzu da gerçəkləşəcək.Baş rolun ifaçısı Ramil Qasımov Nəsimi obrazını belə gözəl yaratdığını görəndə inanıram ki, sənətkarımız səhnə variantını da sevmişdir. Xalq artisti Siyavuş Kərimi işlərinin çox olmasına baxmayaraq, hər gün məşqlərə gələrək, operanın ərsəyə gəlməsində yaxından iştirak edib.
Böyük kollektiv işi olan opera gərgin əmək və səy nəticəsində yarandı. İlk əvvəl sevindirici hal odur ki, operanı yazan Siyavuş Kəriminin yuxusuz gecələri öz bəhrəsini görməyə başladı. Nəsiminin həyatını,tarixini araşdıran Rafael Hüseynovun lirikası və yazılmış libretto. Buna can verən ifaçılar, rejissor, musiqini idarə edən dirijor, xormeysterlər. Bundan gözəl iş olmazdı.
20 noyabr hamı, hər kəs bu möhtəşəm günü səbirsizliklə gözləyir və böyük sevinclə nümayişə tələsirdi. Nəhayət ki, gözlədiyimiz gün gəlib çatdı. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində keşməkeşli həyat yolu keçmiş, əslində haqqın səsini aləmə car çəkən üsyankar bir şair olmuşdur. Anadan olduğu yerlə bağlı bir çox fikir anlaşılmazlığı olan şairin Şamaxıda, Urmiyada, Bakıda, Təbrizdə anadan olması iddia olunur. Operanın librettosunda Nəsiminin Təbrizdə anadan olduğu göstərilir. Nəsiminin əqidəsi, sufi eşqi, Allaha yaxınlığı və dövrün tarixi surətləri (Əmir Teymur) və onların yaltaq əyyanları tərəfindən yanlış,qərəzli,istehzalı anlaşılmağı diqqət çəkir. Əgər operanın bir anlıq yalnız musiqi vasitəsilə dinləsək də belə, Azərbaycanın xalq artisti opera boyu hadisələri şərh edən Nurəddin Mehdixanlının dilindən eşitməsək də belə, musiqi bizimlə danışır və Nəsimi dünyasının bütün incəliklərini bizə bəxş edir. Bəstəkarın böyüklüyü ondadır ki, Nəsimi Təbrizdən…ayrılarkən, Nəsimi Təbriz bazarında, Nəiminin qızı Fatiməylə görüşü, bütün mərhələli səhnələrdə bizə sözsüz belə olanları anlatmaq iqtidarındadır. Xalq artisti Siyavuş Kərimi, Azərbaycan musiqi ənənələrinə, kökünə sadiq bir musiqiçi və bəstəkardır. Ənənə gözəl şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, ağacın kökü kimi önəmlidir. Necə kök möhkəm olarsa, ağac yaşayar, eləcə də musiqi ənənəsini, muğamı bilmək, qüsursuz,uzunömürlü sənət əsəri olan musiqi əsərlərini dünyaya gətirmək deməkdir.
Nəsiminin Sufi təfəkkürünü, onun doğmalığını, söz sərrafı olmağını sadalamaqla qutarmayan faktorları nəzərə alaraq, yazılmış opera insan ürəyinə musiqi ahəngi ilə yol tapır, tamaşaçıya sanki, layla oxuyur. Musiqi əsərinin böyüklüyü Nəsiminin Allaha və bəşəriyyətə eşqi dərəcəsində safdır və şahanədir.
Rafayel Hüseynov Azərbaycanın akademiki və mütəfəkkiri, söz xiridarı, gözəl natiqdir. Rafayel müəllimi uşaqlıqdan bəri tanıdığımdan və araşdırmalarını, onun sənətkarlarla bağlı verilişlərini çox dinlədiyimdən qəribə bağlılıq duyduğum bir ictimai xadimdir. Çox güman ki, liberettonu tarixi araşdırmalarına əsasən ərsəyə gətirib. Baş rolun ifaçısı, hər sadalanmış tituldan öncə çalışqan və xeyirxah insan, Əməkdar artist, Gəncə filarmoniyasının direktoru, çox istedadlı Ramil Qasımovdur. Nəsimi operasından ifa etdiyi baş rola öz canıyla, qanıyla bağlanan sənətkar Azərbaycan opera sənətinə yeni nəfəs, yeni ilham gətirə bildi. Operanın premyerası publika tərəfindən çox fəxrlə və maraqla qarşılandı. Opera bitsə də, kimsə çıxıb getmək istəmirdi. Sevimli iştirakçıları qapı önündə gözləyirdilər. Göydən təbriklər, xoş sözlər yağışı yağırdı. Mən Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xorundan da bir neçə kəlmə əlavə etmək istəyirəm. Xor operanın sonunda ayağa qalxır və ifaçılarla birgə Nəsiminin şəninə səsləndirilən final xorunda ifaya qoşulur. Bu tamaşaçıların da, ifaçıların da, qonaqların da maraqla diqqətini çəkir. Və bütün zal bu fidan sənət fədailərinin ardıyca ayağa qalxır.
Bəli, hər mədəniyyət uğruna yaranan yeni əsər sənətkarların bəşəriyyətə sevgi etirafıdır. Nə bilmək olar, bu xaotik qarışıq dünyada bəlkə də dünyanı xilas edən elə mədəniyyətdir, incəsənətdir və gözəlliklər yaradan sənətkarlardır.
Yeni operanın ərsəyə gəlməsi Azərbaycan Milli Konservatoriyasında böyük sevinc və fərəh hissinə səbəb oldu. Rektorumuz, xalq artisi Siyavuş Kərimi üçün bu özəl olan məqamda hamı, hər kəs fərəh hissi duydu. Bir bayram əhval-ruhiyyəsində günü başa vurduq. Operanın yaranışından Siyavuş Kəriminin yanında olan sənət adamları, fortepiano kafedrasının müdiri, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Naibə Şahməmmədova da böyük həyəcanla səhnələri izləyirdi. İlkin versiyada səsyazmada iştirak edən tələbələrdən ibarət xorun bədii rəhbəri, dosent Leyla Zalıyevanın da sevinci yerə-göyə sığmırdı. Operanın yaranma ərəfəsində məşqlərdə xalq artisi Siyavuş Kərimini bir gün belə tək qoymayan əməkdar artist Emil Əfrasiyab və müşaviri Riad Quliyevin də sevinci tükənməz idi. Çünki premyera ürəkləri fəth edə bilmişdi.
Operanın yaradıcı heyətinin də əməyi təqdirəlayiqdir. Bildirim ki, bu opera tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı əməkdar artist Yuri Lobaçev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevanın da çox böyük uğuru oldu. Opera on dəqiqə durmadan ayaqüstə alqışlanılaraq başa çatdı və Azərbaycan mədəniyyəti tarixində mədəniyyət hadisəsi kimi yaddaşlara həkk olundu.
Səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP 29-un rəsmi qonaqları, icra başçıları, xalq artistləri, sənətkarlar, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer almışdı.
Mən isə yazımın sonunda bir məqamı vurğulamaq istəyirəm.
Hələ yaranmaqda olarkən operanın gözəlliyindən hələ heç bir kəsin xəbəri olmayanda, çox az insana Siyavuş Kərimi xəzinə kimi saxladığı operasını dinlədirdi və nə xoşbəxtəm ki, o az insan içində mən də varam. İndi isə Azərbaycan mədəniyyəti və sənətkarları, sənətsevər insanlar “Nəsimi” operasına həyat bəxş etdi və o yeni sənət aləmində can aldı,doğuldu, həmişəyaşar olsun.
Aysel Fikrət