44 gün ərzində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Ermənistan ağ bayraq qaldıraraq Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı.
Tarixi Qələbəmizin birinci ildönümü münasibətilə Respublikamızın bütün bölgələrində silsilə Zəfər tədbirləri təşkil edilməkdədir. Artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix həyatımızın bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Respublikamızda bununla bağlı təşkil edilən silsilə tədbirlər əzəmətli qələbənin zərrəsinə çevrilir.
Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində Gəncə İdman Liseyində I Qarabağ müharibəsi veteranları və Vətən müharibəsinin iştirakçıları olmuş qəhrəman qazilərimizlə keçirilən görüş də yaddaqalan oldu.
Azərbaycan Respublikasının Dövlət Himni ilə mərasim açıq elan olundu. Sonra vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə qazilər və liseyin 2 ay ərzində respublikamızın hər yerində keçirilən idman yarışlarında yer tutan idmançıları mükafatlandırıldı.