16 İL ÖNCƏKİ AND VƏ YA 16 İL ÖNCƏKİ VƏD

16 İL ÖNCƏKİ AND VƏ YA 16 İL ÖNCƏKİ VƏD

(Gənc şair, sabiq tələbə yoldaşım, 20 Yanvar faciəsinin qurbanı, şəhid Ülvi Yusif oğlu Bünyadzadənin əziz xatirəsinə)

2006-cı il yanvarın 20-sində Berlin şəhərində fəaliyyət göstərən N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunda Qanlı Yanvar faciəsinin 16-cı ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcəkdi. Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin nümayəndələri, Almaniya Kansler İdarəsinin və Berlin Senatının rəsmiləri, Türkiyənin Almaniya Federativ Respublikasındakı Səfirliyinin nümayəndələri, Avropa Azərbaycanlıları Konqresi Rəyasət Heyətinin üzvləri, Almaniyada Azərbaycan cəmiyyətlərinin rəhbərləri və mətbuat nümayəndələri iştirak edəcəkdi. Tədbirin qeyri-adiliyi onda idi ki, şəhidlərin anım mərasimi başa çatdıqdan sonra qısa fasilə elan ediləcək və fasilədən sonra müəllifi olduğum «Vətən mənə gün verməz, Qürbətdə yaşayam mən» adlı ilk şeirlər kitabımın təqdimatı olacaqdı. Bu tədbirə mən bir ay öncədən dəvət almışdım. Bu bir aylıq müddət ərzində tədbir üçün bir çıxış hazırlamaq üçün nə qədər çalışdımsa, alınmadı. Bir də gözlərimi açıb gördüm ki, artıq Berlində N. Gəncəvi adına Mədəniyyət İnstitutunun «Tədbirlər zalı»ndayam.
Tədbirimiz planlaşdırılmış vaxtda başlandı. İlk öncə N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru şairə Nuridə Atəşi giriş sözü ilə tədbiri açdı. Sonra isə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova söz verildi. Səfir xalqımızın on altı il öncə sovet imperiyası tərəfindən mənəvi, siyasi və cismani terrora məruz qaldığını, faciəni təkcə Azərbaycan xalqına deyil, həmçinin bəşəriyyətə qarşı yönəlmiş dəhşətli bir cinayət kimi səciyyələndirdi. Səfirin çıxışından sonra Qara Yanvar faciəsini əks etdirən videokasetlər, sənədli filmlər və fotoalbomlar nümayiş etdirildi. On dəqiqəlik fasilədən sonra kitabımın təqdimatı olacaqdı. Amma tədbir üçün hələ də bircə cümlə də olsa çıxış hazırlamamışdım.
Zalda yanında oturduğum, rəfləri kitab və jurnallarla zəngin olan böyük bir dolab var idi. Həyəcanımı və narahatlığımı unutmaq üçün əl atıb rəfdəki yüzlərlə jurnalların arasından birini seçib götürdüm. Bakıda nəşr olunmuş «Ulduz» ədəbi-bədii jurnalın 2005-ci ildə çapdan çıxmış 3-cü sayı idi. Jurnalı tən ortadan açdım. Təəccüb məni bürüdü: jurnalın 22-ci səhifəsində verilmiş şəkildəki şəxs düz mənim gözlərimin içinə baxırdı. Bu, sabiq tələbə yoldaşım, şəhid Ülvi Bünyadzadənin şəkli idi. Ülvinin şəklini görən kimi bir aydan artıq haqqında daşınıb-düşündüyüm çıxışı elə qələmə almaq istəyirdim ki, birdən şairə Nuridə Atəşinin səsi eşidildi:
«Diqqət! Möhtərəm tədbir iştirakçıları! Berlin şəhərində fəaliyyət göstərən və rəhbəri olduğum N. Gəncəvi adına Mədəniyyət İnstitutu «Tarix boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırım» mövzusunda 2005-ci ildə Avropa üzrə beynəlxalq müsabiqə elan etmişdi. Müsabiqənin münsiflər heyəti hazırda Almaniyada yaşayan soydaşımız, Qarabağ müharibəsinin veteranı Yadigar Xanmuradovun «Soyqırıma məruz qalan xalq əslində kimdir?!» məqaləsini ən real və həqiqi faktlar əsasında yazılmış bir məqalə kimi qiymətləndirmiş və onu müsabiqənin Avropa üzrə qalibi elan etmişdir. İnstitutun Fəxri Fərmanını və institutun mükafat olaraq öz vəsaiti hesabına çap etdirdiyi «Vətən mənə gün verməz, Qürbətdə yaşayam mən» adlı şeirlər kitabının qalib soydaşımıza təqdimatını lütfən Azərbaycanın Almaniyadakı səfiri cənab Pərviz Şahbazova həvalə edirəm».
Səfir çərçivəyə salınmış Fəxri Fərmanı və ilk şerlər kitabımı mənə təqdim etdi və «Buyurun, söz sizindir» – dedi. Bir aydan artıq həsrətində olduğum bir çıxışı bədahətən etməyə başladım:

«Möhtərəm xanımlar və cənablar, Azərbaycanın kədərinə və sevincinə şərik olan tədbir iştirakçıları! Mən bu gün bir-birinə təzadlı olan iki hiss keçirirəm: kədər hissi və sevinc hissi: Kədər hissi – 20 Yanvar faciəsinin 16-cı ildönümü, sevinc hissi isə mənim ilk şerlər kitabımın işıq üzü görməsidir.

Qayaya dönmüşəm səbr eyləməkdən,
Köksümdə ürək yox, daşım var mənim.
İsti ocağımdan didərginəm mən,
Yazda da, yayda da qışım var mənim.

Atdığım güllələr boşa getdimi?!
Laçınla Kəlbəcər qoşa getdimi?!
Əlimdən Qarabağ, Şuşa getdimi,
Gün-gecə ağrıyan başım var mənim.

Düşdü saçlarıma zolaq-zolaq dən,
Bəzən müsibətdən, bəzən kədərdən.
Sevincdən ağlayım, yoxsa ki, dərddən?!
Gözümdə bir dəniz yaşım var mənim.
Gözümdə bir dəniz yaşım var mənim.

Mən bu gün heç bir tarixi tədqiqat əsərinə, heç bir tarixi ədəbiyyata istinad etmədən 16 il öncə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi qanlı soyqırımın canlı şahidi kimi çıxış edirəm. Həmin gecə Sovet İmperiyasının törətdiyi qanlı cinayət nəticəsində Azərbaycanın yüzlərlə layiqli insanları şəhid oldular. Budur mənim kədərim. Lakin bu gün mən həm də sevinirəm. Sevinirəm ona görə ki, bu gün mən şəhidlərin müqəddəs anım gününə, müqəddəs ruhuna kiçik də olsa bir töhfə verə bildim, öz şeir sevincimi, şeir dərdimi oxucularımla bölmək, şəhidlərin müqəddəs ruhuna öz xeyir-duamı, şeir duamı oxumaq imkanı əldə etdim.
Qara Yanvar faciəsi haqqında düşünərkən sabiq qələm dostum və tələbə həmkarım, həmin faciənin qurbanı, şəhid Ülvi Bünyadzadə yadıma düşdü: İndiki Azərbaycan Dövlət Dillər Universitetinin (keçmiş SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun) ingilis dili fakültəsinin II kursunda təhsil alırdım. Ülvi də mənimlə bir kursda oxuyurdu. 1990-cı il yanvar ayının 19-u idi. Həmin gün qrupumuz qış semestr imtahanlarını vaxtından əvvəl verirdi. İmtahanlardan sonra isə rus ordusunun Bakıya girməsinə etiraz olaraq meydana toplaşmalı idik.
Düz 19 yanvar 1990-cı il tarixdə Universitetin “Oxu zalı”nda oturub ingilis dilinin nitq praktikasından imtahana hazırlaşırdım. Bu əsnada Ülvi zala daxil oldu. Salamlaşıb hal-əhval tutduqdan sonra yanımda oturdu. Cibindən bir kağız çıxarıb sakitcə oxumağa başladı:
– Nə oxuyursan, Ülvi?, – deyə ondan soruşdum.
– And! – Ülvi ciddi tərzdə.
– And?!
– Bəli, and!
– Hansı andı?
– Azərbaycanın müqəddəs vətəndaşlıq andını. Unutma ki, and ən müqəddəs bir bədii yaradıcılıq növüdür. – Ülvi, əlində qələm, başını aşağı salıb bir az fikrə getdikdən sonra. – Yox, heç bir düzəliş etmək istəmirəm. Necə yazmışamsa, qoy elə də getsin.
– Hara gedəcək? Qəzetə?
– Yox…
– Jurnala?
– Jurnala da getməyəcək.
– Yəqin ki, gələcəkdə kitabına daxil etmək fikrindəsən.
– Ola bilər ki, bu and gələcəkdə mənim kitablarıma getsin. Amma bu andı mən heç də kitabım üçün yazmamışam.
– Bəs nə üçün yazmısan?
– Başdaşım üçün. Bu and mənim başdaşıma gedəcək. Mən şəhid olmağa hazırlaşıram.
– Necə? Şəhid?
– Axı nəyə görə?
– Vətən naminə?
– Hara getməyə hazırlaşırsan ki?! Qarabağa?
– Yox, ölüm bizim bir addımlığımızdadır. Bu gecə dəhşətli bir soyqırım baş verəcək.
– Soyqırım?
– Bəli, soyqırım…
– Harada?
– Bakıda.
– Soyqırımı kim törədəcək?
– Ermənilər, ruslar…
– Hardan bilirsən?
– Tarixdən. Tarixdə məyər azmı olub bu cür soyqırımlarımız?! Yaxşı, səndən bir xahişim var. Mən “And”ımın mətnini oxuyuram. Sən də diqqətlə qulaq as, bax gör, onu necə yazmışam.
– Buyur…
– “Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı “Mən”imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim. 10 sentyabr 1989-cu il.” – Bax, bu da mənim imzam. Səndən bir son xahişim var: Haçan düşmən intiqamına, düşmən qisasına susasan, onda bax mənim bu andımı içərsən.
Bu sözləri deyib Ülvi mənim əlimi sıxdı, boynumu qucaqladı, üzümdən öpdü, «Oxu zalı»nın divarlarını sığalladı, qapının dəstək əlini sıxıb onu bağrına basdı, universitetin dəhlizinə çıxdı, onun divarlarına tumar çəkdi, qarşısına çıxan müəllim və tələbələrə əl yelləyərək onlara «xudahafiz» dedi, universitetdən küçəyə çıxdı. Küçə boyunca ağaclara, divarlara tumar çəkdi, sığal çəkdi, dörd tərəfinə əl yelləyərək vidalaşdı. Sanki Ülvi hər kəslə, hər şeylə həmişəlik vidalaşırdı.
Növbəti gün Ülvinin şəhid olduğunu eşitdik. Onun qoltuq cibindən bir gün öncə mənə oxuduğu həmin o «And» tapılıbmış.
1990-cı il martın 2-də Qanlı Yanvar şəhidlərinin torpağa tapşırılmasının qırxıncı günü idi. Şəhidlər Xiyabanını ziyarət etməyə getmişdim. 40-cı qəbir Ülvinin qəbri idi. Ülvinin müəllifi olduğu and həqiqətən də onun başdaşısını əvəz edən bir lövhəciyə yazılmışdı. Onda Ülvinin qəbri qarşısında dayanıb onun qələmə aldığı andı sakitcə oxudum. Birdən ürəyimdə bir arzunun kök atıb bitdiyini hiss etdim. İlahi bu nə arzu idi mən çatdım?! Bir neçə aydan sonra Qarabağa könüllü ezam olunmaq xahişimlə Universitetin sabiq rektoru Zemfira Verdiyevaya müraciət etdim. Beləliklə, mən ali məktəbin II kursunda təhsilimdən ayrılmamaq şərtilə döyüş bölgəsinə ezam olundum. İki ilə yaxın Ağdərə rayonunun Xatınbəyli kəndində tələbə ikən həm müəllim işlədim, həm də kənddə yaradılmış «Kolanı» yerli özünümüdafiə dəstəsinin tərkibində döyüş yolu keçdim. Xalqın faciələrini, məhrumiyyətlərini, müsibətlərini gözlərimlə gördüm. Hətta heç bir tarixçinin tədqiqat əsərinə, heç bir tarixi mənbəyə istinad etmədən gözlə gördüyüm bütün hadisələri qələmə aldım. Tale elə gətirdi ki, 2001-ci ilin yayında Almaniyaya köçəsi oldum. 2005-cü ilin yayında Berlin şəhərində fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutu tərəfindən «Tarix boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırım» mövzusunda beynəlxalq müsabiqənin keçirilməsi haqqında bir elanla təsadüfən tanış oldum. Qələmə aldığım «Soyqırıma məruz qalan xalq əslində kimdir» məqaləsi ilə müsabiqəyə qatıldım. Müsabiqənin münsiflər heyəti mənim məqaləmi ən real və həqiqi faktlar əsasında yazılmış bir məqalə kimi qiymətləndirdi və beləliklə, mən beynəlxalq müsabiqənin Avropa üzrə qalibi adına layiq görüldüm. Bu gün mənim beynəlxalq müsabiqədə həm də qalib gəldiyim gündür, mənim zəfər günümdür, qələbə günümdür. Sağ əlim başına, Azərbaycanım!
Sonda bir məqamı qeyd etmək istəyirəm. Şəhidlər heç zaman ölmürlər. Bəli, 16 il bundan öncə Ülvi Bünyadzadə Universitetdə belə bir şeir söyləyərək mənimlə vidalaşmışdı:

«Anam da, övladlarım da
Məni qəmgin xatırlasın,
Qoy ən əziz dostlarımsa
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında
Mənə ehsan paylasınlar.
Qoy lap məni «bəxtsiz» – deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gələcəyəm
Tək ölümün acığına.»

Hörmətli tədbir iştirakçıları, mən bu zalın divar rəfində düzülmüş yüzlərlə jurnalların arasında bircəsini seçdim. Jurnalda Ülvinin şəklini və onun haqqında şəxsi məlumatları görməyim heç də təsadüf deyil. Ülvi 16 il öncəki vədinə sadiq qaldı. 16 il öncəki andına sadiq qalan kimi. Bəli, Ülvi vəd etdiyi kimi gəlib çıxdı. Özünün dediyi kimi, tək ölümün acığına”.

Yadigar Xanmuradov,

Almaniya, Berlin şəhəri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.