1500-dən çox məktəb bağlanacaq? – Nazirdən açıqlama

“Son günlərdə 1 500 məktəbin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Etmtv.news xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki rəsmi hesabında məlumat yayıb.

Nazir qeyd edib ki, son günlər bu məsələ ilə bağlı nə nazirlik, nə də aidiyyəti şəxslər tərəfindən hər hansı fikir səsləndirilib. Yayılan xəbərlər isə mövzu ətrafında deyilənlərin yanlış anlaşılmasından qaynaqlanıb.

Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı aşağıdakı faktları açıqlayıb:

Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

Şagird sayı az olan məktəblərdə bir şagirdə düşən illik xərc olduqca yüksəkdir, lakin tədrisin keyfiyyəti aşağı səviyyədə qalır. Məsələn, 5 şagirdi olan bir məktəbdə hər şagird üçün illik xərc 25-27 min manat təşkil edir. Şagird sayı 10-15 nəfər olan məktəblərdə isə bu rəqəm 13-15 min manatdır ki, bu da bəzi özəl məktəblərin təhsil haqqından çoxdur.

Təhsilin keyfiyyətini artırmaq və dayanıqlı təhsil imkanları yaratmaq üçün azkomplektli məktəblərin rasionallaşdırılması mərhələli şəkildə həyata keçirilir.

Nazir əlavə edib ki, bu faktlardan çıxış edərək ölkədə 1 500 məktəbin bağlanacağı iddiasını irəli sürmək düzgün deyil.

“Cari tədris ilində şagird sayı 10-dan az olan 142 məktəbin xərcləri əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin bağlanması deyil, həmçinin məktəblərin tipinin dəyişdirilməsi, birləşdirilməsi və ya peşə təmayüllü siniflərin açılması kimi tədbirlər nəzərdə tutulur. Lakin yaxın gələcəkdə kütləvi şəkildə məktəblərin bağlanması və ya fəaliyyətinin dayandırılması planlaşdırılmır”, – deyə nazirlikdən bildirilib.

Nazir məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinin diqqətdə saxlanıldığını və təhsil sisteminin daha səmərəli və keyfiyyətli olmasına yönəldiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.