1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Milli mədəniyyətimizin inkişafında Ulu Öndərimizin əvəzsiz xidmətləri və rolu vardır. Məhz Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. Ulu öndərin hakimiyyətdə olduğu illərdə mədəniyyətimizin bütün sahələri Heydər Əliyev qayğısından bəhrələnmiş və bu günkü inkişafına görə də məhz Heydər Əliyev dühasına borcludur.
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Son illər mədəniyyət sahəsində qazanılan nailiyyətlər sübut edir ki, Azərbaycan dövlət müstəqilliyi getdikcə möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir.
Məhrubə Məmmədova, Gəncə şəhər F. Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi .