Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri də məktəb tikintisinin geniş vüsət almasıdır.
Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib.
Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi həyata keçiriləndən sonra, hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və digər sahələrdə çoxlu sayda uğurlar qazanılıb.
Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Belə təhsil ocaqlarından biri də Samux rayonu Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbidir.
1923-cü ildə tikilən binada fəaliyyətə başlayan məktəbi üçün 1936-cı, 1959-cu və 1968-ci illərdə artan tələbata uyğun olaraq əlavə korpuslar tikilib. Məktəb sonuncu dəfə 2004-cü ildə təmir edilib, sinif otaqları çatışmadığı üçün bu vaxtadək tədris iki növbədə aparılıb. Məktəbin binası ötən illər ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondu tərəfindən yeni 800 şagird yerlik məktəbin inşasına 2019-cu ildə başlanılıb, tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.
Üçmərtəbəli 5 korpusdan ibarət məktəb binasında 39 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Məktəbin direktrou Afaq Möyləyeva müəllim kollektivi, şagirdlər və valideynlər adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təhsilə, onun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını ifadə edir:
-Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizə göstərdikləri diqqət və qayğının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən, ümumtəhsil məktəblərinin əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin infrastrukturunun yenidən qurulması, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.
Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Həmin gündən etibarən ölkəmizdə artıq yeni dərs ili başlanmışdır. Dərs ilinin başlanması ilə əlaqədar ölkəmizdə bir çox yeni məktəb binaları tikilib, yaxud əsaslı təmir edilərək, şagirdlərin istifadəsinə verilib. Bunların sırasında Samux rayonu Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbi də vardır.
Şagirdlərin standartlara uyğun, yüksək maddi-texniki bazaya sahib sinif otaqlarında təhsil alması onların inkişafı üçün vacib amillərdəndir. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlər biz təhsil işçilərinin böyük sevincinə səbəb olmuşdur. Təhsil sahəsində həyata keçirilən bu islahatlar təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılmasına xidmət edir. Bu səbəbdən milli təhsilimiz daim inkişafdadır və işində son illər çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır. Dövlət başçısının ölkə təhsilinə olan bu qayğısı milli təhsilimizin qabaqcıl dövlət standartları səviyyəsinə çatdırılmasına əsaslı zəmin yaratmışdır. Təhsildə aparılan islahatlar nəticə etibarı ilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı surətdə yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə yönəldilmişdir. Bu, təhsil işçilərinin qarşısında bilikli, hərtərəfli inkişaf etmiş insanın formalaşdırılması kimi vacib bir vəzifə qoyur.
Bu gün dövlətimiz təhsil sisteminin daha da yeniləşdirilərək təkmilləşdirilməsi üçün müvafiq addımlar atır. Bunun üçün vahid təhsil strategiyası düşünülərək, həyata keçirilir. Bu işdə dövlətimizin əsas məqsədi cəmiyyətin təhsil sisteminin inkişafında iştirakının genişləndirilməsi üçün lazımi şəraitin yaradılması, bu sahə ilə bağlı işlərin uğurla həyata keçirilməsində dövlət təhsil standartlarının reallaşdırılmasıdır. Dövlətimiz təhsil ocaqlarında aparılan, artıq ənənəyə çevrilmiş bu qayğı ilə bizi daha da yaxşı işləməyə, işimizdə daha böyük dönüş yaratmağa ruhlandırır. Biz dövlətimizin təhsil işçilərinə olan bu qayğısını böyük ruh yüksəkliyi ilə qarşılayır, hörmətli prezidentimiz İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Təhsil ocaqlarının maddi-texniki bazasının yeniləşdirilməsi, gücləndirilməsi, tədris prosesinin modernləşdirilməsi ilə bağlı dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Aparılan genişmiqyaslı işlər balalarımız üçün dünya standartları çərçivəsində tərbiyə və bilik ocaqları yaradılmasına ciddi töhfələr vermişdir. Respublikamızın hər yerində olduğu kimi Samux rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir. Təhsildə sadalanan bu uğurlar ilk növbədə ölkə başçısının təhsilə isti münasibətindən, bu sahəni prioritet sahə hesab etməsindən, gündəlik diqqət və qayğısından, buna uyğun olaraq Təhsil Nazirliyinin öz fəaliyyətini yeni tələblər əsasında qura bilməsindən və Samux rayon rəhbərliyinin bizə dəstəyindən qaynaqlanır. İnanırıq ki, təhsilə bu cür münasibət bundan sonra da uğurlarımızı daha da artıracaq, müstəqil Azərbaycan Dövlətinə layiqli vətəndaşlar tərbiyə etmək üçün hər bir təhsil işçisinə yeni qol-qanad, yeni əhval-ruhiyyə bağışlayacaqdır.
Ruhulla Zahidov, yazıçı-jurnalist.