105 yaşlı səhnə ustası Xalq artisti Rəmziyyə Veysəlovanın əziz xatirəsinə

Qələmi əlimə alıb yazmaq istədiyim sənətkar haqqında və onun yaradıcılığı ilə bağlı hər hansı bir fikiri söyləmək mənim üçün həm şərəf, həm də çox böyük bir məsuliyyət deməkdir. Çünki bu sənətkarla mən də Gəncə Dövlət Dram Teatrında təmasda olmuşam. Onun səhnədə yaratdığı bir silsilə obrazlarını görmüşəm. Səhnəyə və yaradıcılığına olan ciddi münasibəti hər zaman fikirlərimdən silinmir. Həm də çox səmimi və həlim qəlbli bir xanım kimi yaddaşımda yaşayır. Heç yadımdan çıxmır. Gəncə Dövlət Dram Teatrının səhnəsində 1986-cı ildə Tatar dramaturqu Şərif Xusainovun “Ana vüqarı” (Tərcümə edən Yusif Əzimzadə) iki hissəli dramı quruluşçu rejissor Arif Ağayevin traktofkasında səhnəyə qoyuldu. Bu tamaşada mən də rol aldım. Kənan obrazı rejissor tərəfindən mənə tapşırıldı. Vaxt-vədə yetişdi. Premyera günü tamaşanın başlanmasına cəmi on dəqiqə qalanda qrim otağının qapısı qəfil açıldı. Bu böyük sənətkar bir əlində xrustal bokal içərisində su, digər əlində isə bir qabda şokalad, konfet daxil oldu. “Anar, oğlum səni bu ilk uğurun münasibəti ilə təbrik edirəm. Arzuların hər zaman yoluna işıq salsın və yolun bu su kimi aydın olsun” – deyərək ilk sənətkar xeyir-duasını verdi. Nə edəcəyimi bilmədim. Çox sevincli idim. Onun əllərindən öpüb, təşəkkürümü bildirdim. Bax ilk səhnə xeyir-duasını bu əfsanəvi sənətkardan aldım. Respublikanın xalq artisti Rəmziyyə xanım Veysəlova.

Rəmziyyə Osman qızı Veysəlova 1914-cü il fevral ayının 11-də Gürcüstanda anadan olub, əslən Acar qızı idi.1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideyinləri öldürülüb, evləri isə müsadirə edilib. Bundan sonra bütün qohumları Qazaxstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirib. Böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirib. Bahar xanım uşaqları öz otağında saxlayıb. Bu dövrdə Bahar xanım Ağalarova onları əsl analıq qayğısı ilə əhatə edib.Çox təəssüf ki,Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil alıb. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. İlk illərdə Bakı Türk İşçi Teatrının yardımcı heyətinə qəbul olunan Rəmziyyə Veysəlova kütləvi səhnələrə çıxaraq burada səhnəyə qoyulan tamaşalarda iştirak etməklə epizodik rollar oynayıb. F. Pavlovun “Çin tanrısı”da Viyen, N. Paqodinin “Balta poeması”da Qız, V. Kirşonun “Küləklər şəhəri”də Qadın, Ə. Hamidin “Hind qızı”da Stelina, Ə. Fövzinin “Gizli əl”də Əsli, H. Nəzərlinin “Yollar”da Gülbahar obrazları onun ilk səhnə uğurlarındandır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti Rəmziyyə Veysəlova yaradıcılığının əsas amillərindən hesab edilə bilər. O, öz yaradıcılığında romantizmlə realizmin poetika xüsusiyyətlərindən eyni səviyyədə, böyük ustalıqla istifadə etməyi bacarırdı. Hər zaman səhnədə olarkən Rəmziyyə Veysəlova romantik rollarda aktyorluq istedadının coşqun ehtirası, daxili temperamenti, realist rollarda səmimiyyəti, təbiiliyi və ifadə vasitələrinin əlvanlığı ilə səciyyəvi, orjinal, bədii-estetik cəhətdən hər zaman kamil görünürdü.Rəmziyyə xanım çox az müddət ərzində, Şəkidə, sonra da Aşqabadda fəaliyyət göstərib. 1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçüb. Belə ki, 1932-ci ilin sonlarında gənc fırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı rəssam və baş rəssam işləyən Bəhram Əfəndiyev Aşqabad teatrında işləməyə dəvət alıb. Bu minvalla aktrisa orada üç ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiyeva” kimi çıxışlar edib, müəyyən təcrübə toplayıb. Aktrisa Aşqabad teatrının səhnəsində C. Cabbarlının “Yaşar”da Yaqut, “Od gəlini”də Solmaz, U. Şekspirin “Otello”da Dezdemona, Ş. Saminin “Dəmirçi Gavə”də Mehriban, Ə. Hamidin “Hind qızı”da Elampa, A. Niyazovun “Qızıl orden”də Ceyran və digər maraqla qarşılanan obrazları oynamağa müvəffəq olub.

1934-1935-ci il teatr mövsümündə həyat yoldaşı Bəhram Əfəndiyevlə Gəncəyə gəlir və hər ikisi burada teatr kollektivinə qəbul olunur.Qeyd etmək lazımdır ki, bu dövrdə Gəncə Teatrında Rəmziyyə Veysəlova kimi bu səpkili aktrisa yox idi. Bu dövrdə onun həmyaşıdı olan Barat Şəkinskaya teatrdan inciyib, Bakıya getmişdi. Ona görə də Rəmziyyə Veysəlova tezliklə teatrın aparıcı aktrisasına çevrilə bildi.Klassik əsərlərdə möhtəşəm romantik xarakterlər, dünya ədəbiyyatı nümunələrində poetik realist obrazlar yaradan aktrisa Rəmziyyə VeysəlovaGəncə Dövlət Dram Teatrında lirik-psixoloji üslubun yaradıcılarından və aparıcı sənətkarlarından biri hesab edilir.Aktrisaya hər zaman rejissorlar tərəfindən həm sevgili, həm qəhrəman, həm də dramatik səciyyəli aparıcı rollar tapşırılırdı və o, səhnədə rejissorların ümidini doğruldurdu. Eyni zamanda aktrisa hər zaman axtarışlar aparır, istedadını cilalayıb formalaşdırmaq yolunda fədakarlıq göstərirdi. Bu baxımdan onun milli klassiklərin əsərlərində oynadığı C. Cabbarlının “Nəsrəddin şah”da Sitarə, “Od gəlini”də Gülsüm, “1905-ci ildə”də Nabat, “Almaz”da Mariya Timofeyevna və Almaz, S. Vurğunun “Vaqif”də Gülnar, Xuraman və Tükəzban, “Fərhad və Şirin”də Məryəm, S. Rəhmanın “Küləklər”də Firuzə xanım, “Toy”da Kamilə, “Xoşbəxtlər”də Sənubər, M. F. Axundzadənin “Hacı Qara”da Tükəz, H. Cavidin “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Nina və Südabə, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Mehri xanım obrazları maraqla baxılır və tamaşaçılar tərəfindən sevilirdi. Aktrisa Rəmziyyə Veysəlova hər an səhnədə ifa etdiyi bu obrazlarda xarakterin psixoloji inkişaf xəttinə uyğun şəkildə kövrək pıçıltıdan, həzin lirizmdən partlayan ehtirasa qədər səsinin bütün çalarlarından mahir bir səhnə ustası olaraq istifadə etməyi bacarırdı.

Bu gün Rəmziyyə Veysəlova haqqında söhbət düşərkən oğlu Çingiz Yusifzadənin ömür-gün yoldaşı, gəlini olan yazıcı-dramaturq Nüşabə Əsəd Məmmədli onun haqqında deyir: “Rəmziyyə xanım bütün varlığı ilə Azərbaycana bağlı insan idi. Həmişə fəxr edirdi ki, onun müəllimi böyük Hüseyin Cavid olub. Bakı Teatr Texnikumunda o, sənət korifeylərimiz Mehdi Məmmədov və Əli Zeynalovla birgə Cavid əfəndidən dərs ala bilib. O, hər zaman bu sənət ocağını müqəddəsləşdirirdi. Deyirdi ki, böyük sənəd əsərlərində rol alanda özünü xoşbəxt sayır. Teatrımızda qədim Yunan dramarturgiyasından — Evripid, Fiqereydo, Sofoklun əsərləri, həmçinin böyük Şekspirin, Şillerin, Brextin və əlbəttə  ki, Azərbaycan dramatuqları Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının ölməz əsərləri səhnə təcəssümünü məhz Gəncə Teatrında tapanda çox sevinir. Mən Ramziyyə xanım haqqında fikirləşərkən ilk növbədə onun böyük sənətkar, teatr fədaisi olmasını düşünürəm”.

Onun H. Quliyevin “Qohumlar”da Gülnar, N. Paqodinin “Kreml saatı”da Maşa, M. Təhmasibin “Bahar”da Qumru və Kəmalə, Ə. Yusifovun “Babək”də Zümrüd, R. Rzanın “Vəfa”da Vəsfiyyə, M. İbrahimovun “Məhəbbət”də Hürü, Q. Musayevin “Şərqin qalası”da Gülər, “Köhnə həyatın sakinləri”də Şirindostu və Məfkurə, C. Məcnunbəyovun “İldırım”da Yeganə, H. Bicari və Q. Cəmşidinin “Xəyanət”də Nahid, M. Şamxalovun “Qaynana”da Afət, L. Həsənovun “Günəş”də Günəş, B. Bağırovun “Tamaşa qarının nəvələri”də Tamaşa nənə, B. Vahabzadənin “Vicdan”da Xalidə, Ə. Yusiflinin “Ürək sevərsə…”də Mehriban, A. Məmmədovun “Kişilər”də Rəxşəndə, İ. Səfərlinin “Goz həkimi”də Həkim, İ. Əfəndiyevin “Sən həmişə mənimləsən”də Nurcahan xanım, S. Rüstəmin “Qaçaq Nəbi”də Gülbacı, Ş. Qurbanovun “Sənsiz”də Sevinc, Ə. Hacızədənin “İtgin gəlin”də Cahan, İ. Şıxlının “Dəli Kür”də Zərnigar obrazları aktrisanın Azərbaycan çağdaş müəlliflərinin səhnə əsərlərində çıxış etdiyi və maraqla qarşılanan personajlarındandır.

Bu gün Rəmziyyə Veysəlovadan söz düşərkən Gəncə Dövlət Dram Teatrının aktrisası, respublikanın əməkdar artisti Rəhilə Məmmədova onu sənət müəllimi adlandıraraq deyir: “Yaxşı yadımdadır, Əlibala Hacızadənin “İtgin gəlin” pyesində Cahan obrazı xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə tapşırıldı. Ancaq obraz həvalə olunsa da sözlərini əzbərləmək üçün vermədilər. Heç yadımdan çıxmaz. Xalq artisti mərhum sənətkarımız Rəmziyyə Veysəlova məni öz evinə çağırıb, obrazın həm sözlərini, həm də əlimdən tutub mizanlarını öyrətdi. Həmin axşamı gəlib tamaşanı oynadım. Səhnədə həddən artıq tələbkar bir tərəfmüqabilim olan xalq artisti Sədayə Mustafayeva ilə oynamaq mənim üçün böyük imtahan demək idi. Mən buna baxmayaraq bu imtahandan çıxdım. Hətta teatrın o zamanlar baş rejissoru və bu tamaşanın quruluşçu rejissoru olan respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırov gəlib dedi ki, tamaşada heç bilinmədi ki, Rəmziyyə Veysəlova yoxdur. Sanki o özü oynadı bu səhnəni yenə də. Mən bu gün qocaman səhnə ustaları Rəmziyyə Veysəlova və Sədayə Mustafayeva kimi sənətkarlarımız olmasa idi səhnənin uğurunu heç vaxt bölüşə bilməzdim”.

Respublikanın xalq artisti Rəmziyyə Veysəlova həmçinin dünya klassiklərinin müxtəlif janrlı pyeslərində eləcə də əcnəbi dramaturqların əsərlərində maraqlı və bitgin obrazlar qaleriyası yarada bilib. Onun Evripidin “Medeya”da Dayə, U. Şekspirin “Otello”da Emilya, “III Riçard”da York Hersoqiniyası, O. Kamalın “Yad qızı”da Həcər xanım, M. Qorkinin “Qoca”da Zaxarovna, B. Brextin “Üç qəpiklik opera”da Xanım Piçem, G. Fiqeyredunun “Tülkü və üzüm”də Kleya, N. Hikmətin “Kəllə”də Paolina, V. Şkvarkinin “Özgə uşağı”da Ceyran, Ə. Nesin “Bura gəlin”də Zann, A. Kizburqun “Qanq qızı”da Hominqholi, B. Lavrenyovun “Hücum”da Tatyana, M. Kərimin “Aygül diyarı”da Zülxəbirə surətləri maraqla baxılan səhnə əsərlərindəndir.

Yazıcı-dramaturq Nüşabə Əsəd Məmmədli Rəmziyyə xanım Veysəlova haqqında xatirələrində yazır: “Mənim yadımdadır ki, uzun illər evimizin divarından Əşrəf Yusifzadə ilə birgə Rəmziyyə xanımın portreti asılmışdı. Onun rəsmi də həyatda olduğu kimi çox gözəl idi. Bu şəkildə onun boynundan Anna Axmatovanın boyunbağısından var idi (Anna Axmatovanın şəkillərində görmüşdüm). Mən heç vaxt Rəmziyyə xanımdan bu boyunbağı ilə bağlı heçnə soruşmurdum. Ancaq ölümündən bir neçə ay qabaq Rəmziyyə xanım məndən xahiş etdi ki, ona kömək edib qonaq otağına aparım. Mən onu yataq otağından qonaq otağına gətirəndə o, öz şəkilinin qarşısında dayanıb baxdı və üzünü mənə tutub soruşdu:

  • Nuşa, sən bilirsən bu boyunbağını mənə kim verib?
  • Yox, – dedim.

O, soylədi ki, 1941-ci ildə Alman faşistləri Moskvaya yaxınlaşanda hökümət Moskva Bədaye Teatrını Gəncəyə təxliyyə etdi və bir müddət Rusiyanın böyük sənətkarları Koçalov, Ranevskaya, Knipper-Çexova və başqaları Gəncədə yaşadılar, öz Azərbaycan həmkarları ilə çiyin-çiyinə işlədilər.

Bir dəfə Gəncə Teatrında deyəsən Lermontovun “İki qardaş” pyesi oynanılırdı. Rəmziyyə xanım bu tamaşada böyük sənətkarımız Məmməd Rza Şıxzamanovla tərəf-müqabil idi. Rəmziyyə xanım səhnədə elə parlaq rol nümayiş etdirmişdir ki, zalda həmkarları ilə əyləşən Olqa Knipper-Çexova öz boyunbağısını Rəmziyyə xanımın boynuna taxmışdır.

-Mən bu boyunbağını düz 17 il saxladım – dedi Rəmziyyə xanım.

Ancaq 1958-ci ildə “Nəsrəddin şah” tamaşasında Sədayə Mustafayeva elə gözəl oynadı ki, mən bu boyunbağını Sədayəyə bağışladım. Bu rolu vaxtı ilə məndə oynamışdım. Lakin Sədayənin ifası məni titrətdi. Ancaq mən düşündümki, bəlkədə bu boyunbağıya böyük yazıçı Çexovun əli toxunub.

… Düz 42 ildən sonra, yəni 2000-ci ildə qızım Aysel universiteti bitirib Gəncəyə gələndə, çox sevdiyim sənətkar, xalq artisti Sədayə Mustafayeva bizə gəldi. Məni və uşaqlarımı öpdü – qızıcan, məndə Rəmziyyə xanımın Knipper Çexovanın ona bağışladığı yadigarı var. İstəyirəm onu elə Rəmziyyə xanımın nəvəsinə bağışlayım. O həmin boyunbağını qızıma bağışladı. Aysel üçün bu artıq 3 korifey sənətkarın Olqa – Knipper Çexovanın, Rəmziyyə Veysalovanın və Sədayə Mustafayevanın əziz yadigarı oldu”.

Xalq artisti Rəmziyyə Veysəlovanın Azərbaycan mədəniyyəti tarixində xidmətləri hər zaman yüksək qiymətləndirilib. Belə ki, 24.12.1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, 30.04.1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 20.05.1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Rəmziyyə Osman qızı Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat edib.

 

Anar Burcəliyev

Teatrşünas

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.