Əməyimizlə insanların daxili aləmini gözəlləşdiririk

    Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Mədəniyyət bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Milli mədəniyyətimizin görkəmli, bacarıqlı və istedadlı nümayəndələrinin timsalında mədəni, mənəvi həyatımızda nailiyyətlər günü-gündən artmaqdadır. Bu, mədəniyyətə yüksək şəkildə mənəvi-əxlaqi yanaşmadır və daha yüksək uğurlara və inkişafa yol açır.

Bu işdə respublikamızda fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin də rolu böyükdür. Məhz bu təhsil ocaqlarında uşaqlar musiqinin ecazkar dünyasına daxil olur, musiqini daha yaxşı başa düşür, sevir, musiqinin müxtəlif vasitələrindən istifadə etməklə, uşaqlara ictimai maraqlar, yüksək insani keyfiyyətlər aşılanır.

Belə məktəblərdən biri də Gəncə şəhərində fəaliyyət göstərən F.Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbidir. Onu da bildirək ki, bu təhsil ocağı Gəncədə yaradılan ilk musiqi  məktəbidir. Bu illər ərzində məktəb onlarla görkəmli incəsənət və mədəniyyət xadimləri yetişdirmişdir və bu gün də səmərəli işi ilə öncül təhsil ocaqlarından sayılır.

Müsahibimiz Gəncə şəhər  1 saylı Uşaq Musiqi Məktəbinin direktoru  Aida Əmrahovadır

R.Z.- Aidə müəllimə, milli təhsilimizin inkişafında uşaq musiqi məktəbləri də özünəməxsus rola malikdir. Siz musiqi məktəblərinin cəmiyyətdə tutduğu yeri necə qiymətləndirərdiniz?

 A.Ə. – Orta təhsil ocaqları kimi uşaq musiqi məktəbləri də insanın formalaşması prosesində fəal iştirak edir. Musiqi təhsili də uşaqlarımızın həyatında mühüm bir yer tutduğundan, musiqi məktəblərində çalışan müəllimlər də uşaqların təlim-tərbiyəsinə bir növ cavabdehlik daşıyırlar. Uşaqların həyatında musiqiyə həmişə yer vardır. Bu, çalışdığımız sahədə pedaqoqların çiyninə böyük yük və məsuliyyət qoyur. Biz bu işə böyük əmək və enerji sərf edirik, öz əməyimizlə insanların daxili aləmini gözəlləşdirir, zənginləşdiririk.

  R.Z.- Musiqi insanın mənəvi aləmini daha da zənginləşdirən böyük qüvvədir. Sizcə, musiqinin milli özünüdərkdə rolu və əhəmiyyəti nədən ibarətdir?

A.Ə. – Əlbəttə ki, insanlarda öz milli mədəniyyətinə, eyni zamanda dünya mədəniyyəti  incilərinə maraq və sevginin yaradılmasında musiqi böyük əhəmiyyət daşıyır. Bu da təbii ki, mütərəqqi bir prosesdir. Biz sivilyasiyalı bir cəmiyyətdə yaşayırıq. Mədəniyyətimizin inkişafı üçün dövlətimiz bizə hər cür şərait yaratmışdır. Bu hal şəksiz, milli mədəniyyətimizin inkişafı prosesində milli özünüdərkin də təzahürü üçün geniş imkanlar yaradır. Mədəniyyətimiz günü-gündən inkişaf etməkdədir. Bu isə mənəvi həyatımızda öz dərin izini qoymaqdadır.

Mədəniyyətimiz xalqımızın mənəvi dünyasının, milli mövcudluğumuzun əsas atributlarından biridir. Eyni zamanda, bütün dünyada xalqımızın mədəni səviyyəsini təmsil edir. Mədəniyyət sahəsində bu günki inkişaf səviyyəsi də digər xalqların mədəniyyətlərinə nisbətən daha parlaq surətdə nəzərə çarpır. Bu hal, bəşəriyyətə məxsus mədəniyyətlər arasında ümumbəşəri dəyərlərə də bir töhfədir. Əgər mədəni yüksəliş varsa, demək, xalqın özünü dərk etmə təzahürü də yüksək pilləyə çatmışdır. Sevinirik ki, bu işdə bizim musiqiçilərin və bəstəkarlarımızın də rolu böyükdür. Musiqi təhsili isə  uşaqlarımızın həyatında, təhsilində mühüm yer tutan amillərdən biridir.  Onların bir vətəndaş kimi formalaşmasında musiqi xüsusilə önəmli bir yer tutur. Vətənpərvərlik hisslərini lazımi istiqamətə, səmtə yönəltməkdə musiqinin əhəmiyyəti böyükdür. Musiqimiz xalqımıza, dövlətimizə, vətənimizə məhəbbət yaradır, onları insanlara sevdirir. Bu hisslər, insanlarımızda olan ən ali, mədəni, əxlaqi, mənəvi, milli, intellektual sərvətdir. Bu dəyərlər xalqımızı dünya xalqları içərisində sivil, yüksək mədəniyyətə malik bir xalq kimi tanıdırır. Bu mənada, musiqi böyük qüvvəyə malikdir.

Bu gün ölkəmiz dünya miqyaslı festivallara ev sahibliyi edir. Dünyanın tanınmış musiqiçiləri və musiqi kollektivləri vətənimizə təşrif buyurur, bu tədbirlərdə iştirak edirlər. Onlar Azərbaycan mədəniyyəti və milli-mənəvi dəyərlərimizlə yaxından tanış ola bilirlər. Aydın məsələdir ki, yüksək əhval-ruhiyyə ilə geri  qayıdan bu sənətkarlar Azərbaycan dövlətinin mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, zəngin mədəniyyətimizdən ürək dolusu danışır və razılıq edirlər. Bu,  xalqımızın övladlarında yüksək əhval-ruhiyyə, milli-mənəvi, əxlaqi dəyərlərimizə daha da hörmət və sevgi yaradır. Biz yüksək mədəniyyəti, əxlaqi dəyərləri ilə tanınan böyük bir xalqıq. Xalqımızın dünya səviyyəsində tanınan onlarla dahi bəstəkarları, musiqiçiləri,  mədəniyyət və incəsənət aləmində tanınmış çoxlu sayda insanları vardır. Və əlbəttə ki, xalqımız onlarla fəxr edir. Bunları tanımaq və sevməklə, insanlarımızda, əlbəttə ki, milli özünüdərk yüksək səviyyədə inkişaf etmiş olur.

  R.Z.- Təhsil və mədəniyyət cəmiyyətin həyatının mühüm bir sahəsidir. Bunların sırasında uşaq və gənclərin musiqi təhsili hansı əhəmiyyəti daşıyır?

  A.Ə.- Bizim cəmiyyətdə təhsil prioritet istiqamətlərindən, aparıcı xətlərdən biridir. Müəllimlərimiz də cəmiyyətimizin ən aparıcı qüvvəsindən biri sayılır.

Təhsil qabiliyyət və istedadı formalaşdıran vasitələrdəndir. Uşaq və gənclərin musiqi təhsili də bu sahədə önəmli yerlərdən birini tutur. Bu, Uşaq Musiqi Məktəbində çalışan müəllimlərin qarşısına böyük vəzifələr qoyur. Biz bunun məsuliyyətini anlayır, milli-mənəvi sərvətimiz sayılan mədəniyyətimizin daha da inkişafı yolunda var gücümüzü əsirgəmirik.

Musiqi Məktəblərində işimizin məqsədi uşaqların bütövlükdə musiqi mədəniyyətinə qoşulmasına kömək etməkdir. Uşaqlar burada musiqi təhsili alırlar. Burada onlar xalq mahnılarından, klassiklərin və müasir bəstəkarların bəstələrindən həyat haqqında çox şeyi öyrənə bilirlər. Bu hisslər getdikcə daha da dərinləşir, zənginləşir. Bu, uşaqlarda şəxsiyyətin harmonik inkişafına təkan verir, həmçinin, bütövlükdə təlim-tərbiyədə çox vacib amillərdəndir.

Musiqi Məktəblərində uşaqlarda kəşf edilən bir çox cəhət və keyfiyyətlərin, bacarıqların əsası qoyulur. Onlar, hələki, müəyyən bacarıq və həvəsə malik olan uşaqdırlar. Musiqi məktəbində onların əldə etdikləri biliklər, məlumatlar, vərdiş və bacarıqlar isə  aylarla, illərlə tədris və təlim zamanı daha da təkmilləşdirilir. Biz uşaqlara musiqini başa düşməkdə və onu sevməkdə kömək edirik. Müəllimlərin səyi və zəhməti nəticəsində uşaqlar musiqinin dilini, özünəməxsus xüsusiyyətlərini  başa düşür və öyrənir.

Tezliklə musiqi onların həyatına daxil olur, onlar musiqinin böyük gücünü anlamağa başlayırlar. Biz pedaqoqlar isə bu işdə onlara yardımçıyıq. Böyük sənətkarlar, bəstəkarlar, incəsənət xadimləri bu ecazkar sənətdə özünün ilk addımlarını məhz uşaq musiqi məktəblərində atmışlar. Şəxsən onlarla dahi və tanınmış insanların yetişməsində bizim musiqi məktəbinin də əvəzolunmaz xidmətləri vardır. Bu səbəbdən, uşaqlarda olan istedad və bacarığın inkişaf etdirilməsi yolunda musiqi təhsilinin rolu və əhəmiyyəti ölçüyəgəlməzdir.

R.Z.- Musiqi insanlarda  estetik zövq yaradır. Həmçinin, böyük tərbiyəedici imkanlara malikdir.

   A.Ə.- Uşaqlarda estetik zövqün yaradılması musiqi məktəbinin qarşısında duran ən vacib vəzifədir. Bu, musiqi təhsilinin vacib hissələrindən biri sayılır. Estetik tərbiyə  uşaqlarda yüksək insani keyfiyyətlərin, ictimai maraqların yaranmasında da böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, musiqi məktəblərində təhsilə marağın yaradılması işinə həmişə diqqət və qayğı ilə yanaşılır. Bu, uşağın hərtərəfli inkişafı üçün də vacib əhəmiyyət daşıyır. Uşaq seçdiyi sahədə  inkişaf etməyə həvəslidirsə, demək, özünü dərk edir və bu sahədə özünü görür. Əlbəttə ki, bütün bunlar  bütövlükdə onların estetik tərbiyəsində də  böyük önəm daşıyır.  Uşaqlarda estetik zövqü yaratmadan musiqiyə, mədəniyyətə məhəbbəti də formalaşdırmaq mümkün deyil. Bu təqdirdə, təhsilə olan maraq sönəcək və uşaq, sadəcə, təhsilini yarımçıq qoyacaqdır. Demək, bizim işdə estetik zövq uşağın mənəvi təlabatını əhəmiyyətli dərəcədə təmin edir. Uşaqların hamısı özünəməxsus fərdi keyfiyyətlərə malik olduqları qədər, bacarıq və həvəslərinə görə də müxtəlif olurlar. Biz təhsildə onların maraqlarını, bacarığını, inkişaf səviyyəsini həmişə nəzərə alırıq. Pedaqoqların vəzifəsi isə təhsilin qarşıya qoyduğu peşəkar məqsədləri vicdanla və səylə yerinə yetirməkdən ibarətdir.

Musiqi mədəniyyəti musiqi təhsili olmadan formalaşa bilməz. Bu səbəbdən musiqinin tədrisinin uşaqların mənəvi inkişafına istiqamətlənməsi həmişə musiqi təhsilinin qarşısında duran məqsəd və vəzifələrindən  ən başlıcası  olaraq qalacaqdır.

Musiqi məktəblərində təhsil gündəlik məqsədyönlü işlər ilə həyata keçirilir. Hər bir dərs, hər bir məşğələ uşaqların bu sahədə biliyini daha da dərinləşdirir. Biz məşğələlərin nəticəli olması üçün  bütün mövcud üsullardan, bilik və bacarığımızdan istifadə edirik. Biz daim  gözəl nəticələrin əldə edilməsinə çalışırıq. Məktəbimizdə musiqi təhsili bir çox tərbiyəvi vəzifələrin həlli ilə paralel aparılır. İşimizlə incəsənətə, musiqiyə, milli ənənələrə, xalqımıza, dövlətimizə, insanlara və insanlığa sistemli münasibəti formalaşdırmağa can atırıq. Bu, uşaqlarda yaradıcı potensialın daha da inkişaf etdirilməsi və formalaşdırılmasında böyük imkanlar yaradır.

R.Z. – Musiqi – bədii fəaliyyət uşaqların bir musiqiçi kimi təcrübə qazanmasında hansı əhəmiyyətə malikdir? Bu növ fəaliyyət işinizdə hansı üstünlüklərə yol açır?

 A.Ə.- Bu onların bilik və bacarıqlarını təcrübədə daha da uzlaşdırır, bu zaman bacarıqlar daha da inkişaf etdirilir. Belə deyək – onların musiqi haqqında əsas təsəvvürü və anlayışı vardır. Müəyyən vərdişləri əldə ediblər. Lakin kütlə qarşısında çıxış etmək bu bacarıqları daha da dərinləşdirir, bunu bir vərdişə çevirir, ifaçılıq məharəti daha da yüksəlir, möhkəmlənir. Məşğələlərin sayı və keyfiyyəti artdıqca, onlarda musiqiçi qabiliyyəti daha da  inkişaf etmiş olur.

Bununla belə, dərs tədris prosesinin təşkilinin əsas forması olaraq qalır. Pedaqoji ustalığa malik müəllimlər öz fəaliyyətinə yaradıcı yanaşır, digər bədii ideyaların həyata keçirilməsində  bu fəaliyyətin əhəmiyyətli rolundan məqsədli və effektli şəkildə istifadə edirlər.

  Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.