Əl Cəzirə TV Azərbaycanla bağlı filmlərin yayımını davam etdirir

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımı davam edir.

Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən tədbirdə məlumat verilib. Qeyd olunub ki, filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. İyunun 20-dən iyulun 12-dək Azərbaycanda səfərdə olan Əl Cəzirə “Musafir” proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib. “Ümumilikdə filmlər ölkəmiz haqqında mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan “Musafir”in peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram. Proqramın məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir”- Umid Mirzəyev vurğulayıb..

BAMF Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru Mustafa Suag, əməkdaşları İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”- deyə Umud Mirzəyev bildirib.

BAMF rəhbəri Azərbaycan gözəlliklərini ərəb dünyasına ö çatdıran aparıcı Hazim Abuvaftanın ifadələrini belə şərh edib: “Abdülvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən bu yerlərdən olması məni təəccübləndirmir” – ifadələrindən istifadə edərək tamaşaçıları belə bir möhtəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.