2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
İnkişaf perspektivlərini təyin edən və onun həyata keçirilməsində böyük rola malik olan bir çox vacib amillər mövcuddur ki, onlar həyatımızın ayrılmaz tərkib hissəsi, həyat meyarıdır. Bunların arasında yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi həmişə cəmiyyətimizin diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri olaraq qalacaqdır.
Biz böyüklər uşaqlara yaşadığımız ölkənin tarixi keçmişi, adət-ənənələri, qonaqpərvərliyi, abidələri, gözəl insanları, ziyalıları, qəhrəmanları ilə öyünməyi və fəxr etməyi öyrətməyə borcluyuq. Hərbi-vətənpərvərlik tərbiyəsi də vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi kimi vacib tərbiyəvi üsullardan biridir. Bu tərbiyə özündə əxlaqi-mənəvi, vətəndaş və vətənpərvər keyfiyyətlərini daşıyan, vətənimiz üçün nümunəvi insanların yetişdirilməsinə yönəldilməlidir.
Vətənpərvər vətəndaşların yetişdirilməsində qəhrəmanlara həsr olunmuş muzeylərin də böyük rolu vardır. Bu muzeylərin biri də Şəki şəhərində fəaliyyət göstərən,— İkinci dünya müharibəsinin iştirakçısı, əfsanəvi partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun (22 sentyabr 1920 -10 oktyabr 1994).ev muzeyidir. Muzey yarandığı gündən yeniyetmə və gənclərin, ziyalıların daim ziyarət etdiyi sevimli bir məkan olub və indi də böyüməkdə olan gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsində böyük rola malikdir. Əhmədiyyə Cəbrayılovun bir qəhrəman və vətənpərvər kimi həyatı biz azərbaycanlıların yaddaşından silinməmiş, insanların şüurunda dərin iz buraxmışdır. O, gənclərimizə həmişə bir nümunə, xalqımızın fəxri və qüruru olmaqda qalacaq, Vətənimiz onun adı ilə həmişə fəxr edəcəkdir.
Müasir cəmiyyətdə muzey tək elmi-maarifləndirici müəssisə deyildir, həm də şəxsiyyətin inkişafı və təlim-tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır. Buradakı hər bir ekspozisiya onlara bilik verir, onları düşündürür, vətənpərvərlik hissini alovlandırır. Onlar qəhrəmanlara, onların keçdiyi döyüş yoluna, həyatına qiymət verməyi öyrənirlər. Bu ekskursiyalar zamanı uşaqlar qəhrəmanın göstərdiyi şücaət, qəhrəmanlıq, igidlik, Vətənə olan sonsuz məhəbbəti haqda geniş təsəvvürlərə mailk ola bilirlər. Həmçinin muzeydə, II Dünya Müharibəsinə aid olan eksponatlarla tanış olmaq imkanını da əldə edir, qəhrəmanın həyatı və döyüş yolunu əks etdirən fotoşəkillərlə, sənədlərlə tanış ola bilirlər.
Əhmədiyyə Cəbrayılov Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci Dünya müharibəsinin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib. Onun həyatı və döyüş yolu çoxlu sayda kitablarda, sənədli filmlərdə və ya sadəcə, müəllif yazılarında öz əksini tapıb.
İllər ərzində muzeyin bazasında müxtəlif ekskursiyalar təşkil olunub. Muzeydəki eksponatlar öz əhəmiyyəti ilə hərbi-vətənpərvərlik tərbiyəsində sonsuz mövzudur. Muzeyə təşrif gətirmiş insanlar qəhrəmanın yaşadığı dövrə səyahət edir, müxtəlif hadisələri tutuşdurur, təhlil edir, qəhrəmanın göstərdiyi rəşadəti və qəhrəmanlıqla dolu döyüş yolu haqqında informasiyaya malik olur, əsl sənədlərlə əyani tanış ola bilirlər.
Vətənpərvərlik tərbiyəsi haqqında danışarkən onu da xüsusilə qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkəmizdə bu tərbiyə həmişə önə çəkilməli, gənclərimizin bu ruhda tərbiyə olunması günün vacib tələbinə çevrilməlidir. Bu gün görülən işlər sabah mütləq öz sevindirici nəticələrini verəcəkdir. Vətənpərvər, işgüzar, sağlam ruhlu və əqidəli gənclər yetişdirməklə biz stabil cəmiyyətin qurulmasına və inkişafına da tövhə vermiş oluruq.
Onu da bildirmək yerinə düşərdi ki, muzey qəhrəmanın oğlu Cavanşir Cəbrayılovun şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına yaradılmışdır. Bu illər ərzində onun səyləri nəticəsində ölkəmizdəki bütün ev-muzeylərin həsəd apara biləcəyi nümunəvi bir mədəniyyət ocağı-qəhrəman haqqında tam təsəvvür yarada bilən bir muzey yaradılmışdır. Dövlətdən heç bir maddi dəstək istənmədən, yalnız öz qüvvəsinə arxalanaraq, böyük bir məsuliyyətin altına girmiş, qarşısına qoyduğu məqsədə çatmağa nail olmuşdur. Bu səbəbdən, Cavanşir Cəbrayılovun atdığı addım ölkəmizin muzey işçilərinə bir nümunədir.
Cavanşir Cəbrayılovun tək bir arzusu var- bu, muzeyin bundan sonra saxlanması ilə bağlı xərclərin dövlət büdcəsində nəzərdə tutulmasıdır. Bununla əlaqədar dəfələrlə Mədəniyyət Nazirliyinə yazılı müraciətlər edilmiş və qəhrəmanın oğlu bu ötən illərdə Mədəniyyət Naziri kimi fəaliyyət göstərən Əbülfəz Qarayevlə görüşmüşdür. Verilən sözlər hələki, həyata keçirilməmişdir. Bu məlumatı qəhrəmanın oğlu Cavanşir Cəbrayılov onunla olan telefon danışığında da təsdiqləmişdir.
Əlimizdə Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyevin 27. 08.2011-ci ildə Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilova ünvanladığı məktubun surəti vardır. Məktubda muzeyin saxlanması ilə bağlı xərclərin 2013-cü il üçün büdcə proqnozunda nəzərdə tutulmasının Aydın İbrahimxəlilova tapşırıldığı bildirilir. Şəki Regional Mədəniyyət İdarəsinin müasir dövrdə fəaliyyət göstərən rəhbərliyinin həmçinin bu məlum məktubdan xəbərdar olub-olmamasından xəbərimiz yoxdur. Bununla belə, üstündən 9 il keçməsinə baxmayaraq, nazir müavininin imzası ilə məktubda öz əksini tapmış göstərişin hələ də həyata vəsiqə almaması bizdə yalnız təəssüf hissi yaradır. İnsanların gözündə bu, nəinki, məsuliyyətsizlik, həmçinin qəhrəmana, onun ruhuna qarşı bir hörmətsizlikdir.
Etmtv. news
“Muzeylər bizə nə üçün lazımdır?!.” silsiləsindən