Əsl səhnə fədaisi olan əziz dostumu ürəkdən təbrik edirəm- Sahib İbrahimli yazır

Bildiyimiz kimi Kərim Xançoban (Həsənli) Ağdam Dövlət Dram Tearına baş rejissor vəzifəsinə təyin olunmuşdur. Sosial şəbəkələrdə insanlar bu münasibətlə ona öz təbriklərini çatdırır, Kərim müəllimin bu təyinatı ilə bağlı ürək sözlərini paylaşırlar. Belə bir təbriklərdən biri əziz dostumuz, şair-dramaturq Sahib İbrahimlidən gəldi. Onu olduğu kimi nəzərinizə çatdırırıq:

-İllər öncə “Mozalan” satirik jurnalındakı qısametrajli filmlərdə və respublikamızın nüfuzlu telekanallarında nümayiş olunan yumorlu səhnəciklərdə cavan bir aktyor özünün maraqlı ifaları ilə diqqətimi cəlb etmişdi. Sonradan öyrəndim ki, həmin gülüş ustası Ağdam Dövlət Dram Teatrının aktyoru Kərim Xançobandır (Həsənli). Onu da öyrəndim ki, Kərim Xançoban səhnədə bir-bir birindən dəyərli və yaddaqalan obrazlar yaratmaqla yanaşı, həm də mahir və bacarıqlı bir rejissor kimi Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı nümunələrinə quruluş verir. Ürəyimdə bu istedadlı sənət adamı ilə görüşüb tanış olmaq, onunla sıx yaradıcılıq əlaqəsi qurmaq arzusu baş qaldırdı. Nəhayət, bir neçə il əvvəl tale özü məni Kərim Xançobana rast gətirdi. Bu sətirləri yazarkən tanışlığımızın qəribə tarixçəsini xatırladım. Sən demə, Kərim müəllim Ağdam teatrı üçün yeni bir əsər axtarırmış. Bu məqsədlə Gəncə teatrının ağsaqqalı, görkəmli rejissor, respublikanın Xalq artisti Vaqif Şərifova görüşüb söhbətləşir. Xeyirxahlığı özünün həyat devizinə çevirən Vaqif müəllim öz sənət dostuna mənim “Sadığın toyu” komediyamı məsləhət görür. K.Xançoban tezliklə əsəri əldə edir və oxuyub tanış olur. Komediya Kərim müəllimin xoşuna gəlir və o, əsəri tamaşaya qoymaq barədə fikrini dərhal teatrın direktoru, gözəl insan, dəyərli ziyalı Məhəmməh Hüseynova bildirir. Məhəmməd müəllim ona xeyir-dua verir. Burada mənim diqqətimi çəkən ən başlıca məsələ Kərim Xançobanın təmənnasız, hətta əsər müəllifini şəxsən tanımadan belə səhnə üçün yararlı olan bir dramaturji materiala quruluş vermək istəyidir. Az qala qulağıma inanmırdım. Teatra zəng vurdum. Kərim müəllimlə ilk dəfə telefon əlaqəsi qururdum. Onun səsindəki şirinlik, danışıq tərzindəki sadəlik məndə elə təəssürat yaratdı ki, sanki biz uzun illərin dostuyuq. O, telefonda mənə “Sadığın toyu” komediyamla bağlı öz rəy və düşüncələrini söylədi, tezliklə əsər üzərində yaradıcılıq işinə başlayacağını bildirdi. Sevincimin həddi-hüdudu yox idi. Bəli, çox çəkmədi ki, mənim bu əsərim Kərim Xançobanın traktovkasında Ağdam teatrsevərlərinə çatdırıdı. Tamaşaçıların aramsız və sürəkli alqışları hələ də qulağımda səslənir. K.Xançoban əsəri müasir komediya sənətinin ən yeni tələb və prinsipləri üzərində qurmuş, tamaşada son dərəcə orijinal və maraqlı improvizələr etmiş, komediyanın əsas ideyasının tamaşaçıya daha yaxşı çatması üçün ən əlverişli vasitə və üsullara əl atmışdı.

K. Xançobanla bizim aramızdakı yaradıcılıq əlaqəsi qısa vaxtda daha da möhkəmləndi. Çox çəkmədi ki, “Sadığın toyu” komediyası Kərim müəllimin quruluşunda Mingəçevir Dövlət Dram Teatrının da səhnəsində tamaşaya qoyuldu. Yenə həmin alqışlar, həmin isti münasibət…Bundan sonra K. Xançoban həm Ağdam, həm də Mingəçevir Dövlət Dram Teatrlarının səhnəsində mənim “Cənnət və Cəhənnəm” komediyalarıma saysız-hesabsız tamaşaçı rəğbəti qazandırdı. İkinci əsərdə də onun özünəməxsus rejissor fantaziyası, əsərin başlıca mahiyyətinin düzgün səhnə şərhinə xidmət edən yaradıcılıq axtarışları son dərəcə maraqlı idi. Bir sözlə, mənim səhnə əsərlərimin populyarlıq qazanmasında bu təcrübəli və bacarıqlı səhnə ustasının müstəsna rolu var.

Aldığım məlumata görə, Kərim Xançoban (Həsənli) Ağdam Dövlət Dram Tearına baş rejissor təyin olunmuşdur. Bu münasibətlə mən əsl səhnə fədaisi olan əziz dostumu ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram. Belə bir təyinata görə həm də hörmətli Mədəniyyət Naziri Anar Kərimova dərin minnətdarlığımı bildirirəm. Onun bu ədalətli qərarı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin bölgələrdə sənət adamlarına, əsl istedadlara diqqət və qayğı göstərilməsi ilə bağlı tövsiyəsinə əməl etməyin diqqətəlayiq nümunəsidir.

Sahib İbrahimli, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair, dramaturq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.