Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı növbəti onlayn iclas keçirilib.

İclası giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar nazirliyin daxilində mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, ekspert qrupunun tərkibinə müxtəlif dövlət qurumlarının nümayəndələri, elm adamları, muzey mütəxəssisləri yer alıb. Artıq ekspert qrupunun ilk iclası gerçəkləşib.

Sonra Zəfər muzeyinin məzmununun müəllifi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov muzeyin məzmunu, bölmələri, nümayiş olunacaq əşyalar və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeyin məzmunu beynəlxalq müasir təcrübə əsasında hazırlanıb.

Daha sonra onlayn iclas ekspert qrupu üzvlərinin müzakirə və fikir mübadiləsi ilə davam edib.

Mədəniyyət naziri Anar Kərimov Zəfər muzeyində “Böyük Qayıdış” layihəsinin təqdim olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini əks etdirən konsepsiya üzrə hazırlanmalı və təqdim edilən məlumatlar mütəmadi yenilənməlidir.

Çıxışlarda Zəfər muzeyinin ilkin məzmunun uğurlu alındığı və təqdimatda daha çox müasir innovativ üsullara üstünlük verilməli olduğu qeyd edilib. Həmçinin ekspertlər tərəfindən muzeylə bağlı qeyd edilən təkliflərin nəzərə alınacağı və görülən işlərin davam etdiriləcəyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.