Yoluxma sayı artır – Məktəblər bağlana bilərmi?

Dünya üzrə koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblər açıldıqdan sonra virusun artmasının qarşısını almağın çətin olacağı barədə xəbərdarlıq edib. Belə olan halda məktəblərin yenidən distant, ya da hibrit formada təhsilə keçməsi gözləniləndir?

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, koronavirusa yoluxanların sayının artmağı bizi narahat etməməlidir: “Bu artımın pandemiya səviyyəsində olacağını düşünmürəm, ona görə də, yenidən məktəbləri bağlamaq düçüncəsi bizdə hakim olmamalıdır. Məktəblərin açılmağı lazımdır. Açılmadığı, evdə olduğu zaman minlərlə insan təhsildən geri qalır. Təhsildən geri qalmağın fəsadları uzun illər çəkir, bir boşluq əmələ gəlir. Uzun illər təhsil prosesi getsə də, onu dondurmaq çətin olur. Mən şəxsən çox ümid və arzu edirəm ki, önümüzdəki semester təhsil ənənəvi qaydada davam edəcək, hibrit, onlayn olmayacaq”.

Q.Məhərrəmov qeyd edib ki, bütün bunlara baxmayaraq, ölkədə, dünyada nə baş verəcəyini bizim təxmin etməyimiz çox çətindir: “Ona görə sadəcə rəsmi açıqlamaları gözləmək lazımdır. Düşünürəm ki, koronavirus əvvəlki kimi vüsət almayacaq”.

Tibb elmləri doktoru Adil Qeybullanın Bakıvaxtı.az-a dediyinə görə, bu gün görünən mənzərə ondan ibarətdir ki, yoluxma sayı artır, yoluxma indeksi yüksəlir, lakin öldürücülük indeksi aşağı düşür: “Bu virusun mutatsiya edib mövsümi dalğalar yaradaraq zəifləməsi və adaptasiyasını nəzərdə tutur. Bu onu göstərir ki, pandemiya sönməyə doğru gedir, öz qürubuna yaxınlaşır”.

Müsahibimiz qeyd edib ki, düzdür, pandemiya hələ bitməyib, bununla bağlı rəsmi elan yoxdur. Amma pandemiyanın yenidən vüsət alıb əvvəlki kritik vəziyyətə qayıtması real görünmür. A.Qeybulla bu səbəbdən də hesab edir ki, sadəcə karantin qaydalarında müəyyən sərtləşmələr, qapalı mühitlərdə maska taxmaq zərurəti və s. ola bilər.

Onun spzlərinə görə, xüsusilə təhsillə bağlı qadağalar ümumi işə xeyli ziyan vurduğu üçün qətiyyən məqsədəuyğun deyil: “Düşünmürəm ki, hökumət də bu cür qərarlar versin, amma müəyyən tədbirlər görülə bilər. Çünki yoluxma indeksi çox yüksəkdir, hələ davam edəcək. Öldürücülük indeksinin aşağı olması isə onu göstərir ki, heç vaxt əvvəlki mərhələlərə qayıtmayacayıq. Sadəcə olaraq, pandemiyanın tamamilə sönüb getməsi üçün zaman lazımdır”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev də bu məsələyə münasibət bildirib. “Payız aylarında koronavirusa yoluxanların sayının artması gözlənilir” deyən nazir qeyd edib ki, amma məncə məktəblərin bağlanmasına ehtimalı azdır.

Bir neçə gün əvvəl “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə E.Əmrullayev deyib ki, ayrı-ayrı təhsil müəssisələrində virusa yoluxma sayı ilə əlaqədar müəyyən tədbirlər görülə bilər: “Yəni, müəyyən məktəblər yoluxmalara görə bağlana bilər. Biz hazırda da müvafiq səhiyyə qurumları ilə müzakirələr aparırıq”.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar versə, Nazirlik də ona əməl edəcək: “Amma hazırkı yoluxma statistikası məktəblərin bağlanacağı ehtimalını azaldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.