“UŞAQ TEATR SƏNƏTİ” PİLOT LAYİHƏSİ

Orta təhsil ocaqlarında şagirdlərin teatral fəaliyyəti estetik tərbiyənin ümumi sisteminin ayrılmaz hissəsi hesab olunur. Təhsil ocaqlarında şagirdlərin ümumin bədii yaradı­cılığına böyük üstünlük verilir. Bir çox təhsil ocaqlarında bu iş daha yüksək səviyyədə təşkil olunmuşdur. Tərbiyəvi işin düzgün qurulduğu təhsil ocaqlarında uşaqların bədii yaradı­cılıq fəaliyyətinə maraq və həvəsi də böyük olur. Bu məktəb­lərdə uşaqların estetik tərbiyəsinə nə dərəcədə diqqətin ay­rıldığı onların özfəaliyyət kollektivlərindəki ən yaxşı işlər­dən tez diqqətə çatır. Demək, bu təhsil ocaqlarında uşaqların bədii təşəbbüsünün və özfəaliyyət kollektivlərinin inkişafı üçün böyük işlər görülmüşdür, uşaqlarda yaradıcı keyfiy­yət­lərin aşkar edilib inkişaf etdirilməsi ilə bağlı vəzifələr vic­danla yerinə yetirilmişdir.

Bəs şagirdlərin incəsənətlə məşğul olması onlara nə verir? Təlim-tərbiyədə teatr fəaliyyəti nədir? Bu fəaliyyətin tərbiyəvi və maarifləndirici gücü nədədir? Suallarımıza Gən­cə şəhər 17 saylı tam orta məktəbin direktoru Nərgiz Həsə­no­va verir.

Onu da bildirək ki, 17 saylı tam orta məktəb “Uşaq teatr sənəti” Pilot layihəsinin qalibidir. Bu layihənin məqsədi gənc nəslin teatr bacarıqlarını inkişaf etdirməklə onların öz­gü­vənlərini artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək­dir.

R.Z. – Nərgiz müəllimə, bu müsabiqənin prioritet istiqamətləri hansılardır? Və müsabiqədə kimlər iştirak edə bilər?

N.H. – Seçim mərhələsində işçi qrup konkret meyarlar üzrə istedadlı uşaq və yeniyetmələri layihəyə cəlb edəcəkdir. Seçim prosesi 17 saylı tam orta məktəblə bərabər digər məktəblərdə də baş tutacaq. Nəticədə layihənin əsas icraçısı olan 20 nəfər 17 saylı tam orta məktəbdən və 10 nəfər şəhə­rin digər məktəblərindən seçilərək, tamaşaların hazırlan­ma­sına cəlb olunacaq. Bu müsabiqədə yalnız Gəncə şəhərində fəaliyyət göstərən 7-14 yaşlı istedadlı yeniyetmələr iştirak edə bilər.

R.Z. – Bu layihənin tərbiyəvi və maarifləndirici gü­cü nədir? Ümumiyyətlə orta məktəblərdə teatr fəaliy­yəti şagirdlərə nə verir?

N.H. – Yəqin ki, ilboyu təhsil ocaqlarında hazırlanan və keçirilən tədbirlərdə iştirak edirsiniz. Məktəb səhnələ­rində hazırlanmış səhnəciklərə, kompozisiyalara baxmısınız. Məktəb özfəaliyyətində iştirak edən şagirdlər incəsənətin növləri ilə məşğul olarkən bu, iştirakçıların ümumi inkişafı üçün bir vasitəyə çevrilir. Bu, həm də bədii özünü ifadə deməkdir. Əlbəttə ki, bu fəaliyyət uşaqların maraqlarına, da­xili tələbatına, yaş imkanlarına uyğun şəkildə təşkil olunur. Əgər məktəb səhnələrində hazırlanan kompozisiyalar, yaxud ümumi teatral fəaliyyət özünün ideya-bədii və ictimai-maarif­ləndirici tapşırıqlarının öhdəsindən gələ bilirsə, de­mək, həmin məşğələlərə rəhbərlik edən şəxslər öz işinin öh­dəsindən tam gələ bilmişlər. Bu isə az deyildir. Axı, müasir cəmiyyətdə elə bir məktəb tapılmaz ki, tədris ili boyunca şagird kollektivləri əlamətdar günlər, bayramlar ilə bağlı hansısa bir fəaliyyətə imza atmasınlar. Bu səhnəcik, kompo­zisiya, bədii ifadə forması kimi mahnıların və şeirlərin ifası formasında da ola bilər. Əsası bu tədbirlərə istedadlı uşaq­ların cəlb olunması və tədbirin ümumi ideya və məzmununa uyğun formada təşkilidir.

Bu fəaliyyətin qarşısında duran vəzifələr də vardır. Bu, şagirdlərdə vətənpərvərlik, dövlətçilik, millilik şüurunun for­malaş­dırılması və bu ruhda tərbiyələnməsi işinin tamam­lan­masıdır. Uşaqların yaradıcı proseslərdə fəal iştirakı isə əl­bəttə ki, bu tərbiyənin ayrılmaz tərkib hissəsi olaraq qalır. Müharibə şəraitində yaşayan xalqımızın övladlarının təlim-tərbiyəsində bu iş ən prioritet istiqamət kimi qalmaqdadır.

Orta məktəblərdə teatral fəaliyyətin tərbiyəvi və maarif­ləndirici gücü təlim-tərbiyədə böyük imkanlar açır. Şagirdlər həyat, insanlar, qəhrəmanlar haqqında müəyyən məlumatlar alır, bununla da insanların daxili dünyası, mə­nə­vi aləmi haqqında dünyagörüşə malik olurlar. Burada onlar həmçinin kollektivçilik, yoldaşlıq, öz maraqlarını ümumi işə həsr etmə və məsuliyyətli olmaq vərdişlərinə yiyələnirlər. Bü­tün bunlar şagirdlərin mənəvi və estetik tərbiyəsində bö­yük rol oynayır. Bu uşaqların çoxu sonradan öz bacarıqlarını daha da təkmilləşdirmək, gələcəkdə bu iş üzərində daha çox düşünmək həvəsini qoruyub saxlayır, bir çoxları isə həyatını bu işə həsr etmək qərarında israrlı olurlar. Bu isə onların təlim-tərbiyəsində yeni imkanlar açır. Çünki teatral fəaliyyət uşaqların yaradıcı təcrübəsini daha da zənginləşdirir, dün­yagörüşünü artırır, şən və məsuliyyət dolu hadisələrin yaran­masına səbəb olur.

Bunun digər əhəmiyyətli tərəflərini də nəzərdən qaçır­maq olmaz. Şagirdlərin bacarığını əks etdirən gözəl ifa, bir qayda olaraq, səhnədə göstərilən işin tərbiyəvi təsirini artırır. Onlar özlərinin də keçirtdikləri hissləri gənc tamaşaçılarla bölüşürlər. Mənalı, təsirli, özündə qəhrəmanlığı, humanizmi, vətənpərvərliyi, milliliyi birləşdirən ifa tamaşaçı şagirdlərin şüurunda dərin iz buraxır, uzun dövr ərzində onların şüu­runda, düşüncəsində özünə yer tapır. Demək, şagirdlərdə vətəndaş şüurunun formalaşmasında da böyük rol oynayır.

Bu, ifaçı şagirdlərə özünün müxtəlif maraqları, bacarı­ğını və həvəsini göstərmək, eyni zamanda öz maraqlarını tə­min etmək və estetik zövq almaq imkanları da verir. Həm­çinin, estetik tələbatlarını ödəyir, onların hərtərəfli inkişafına yol açır.

R.Z. – Sizcə dramatik incəsənətin uşaqlara – teatral özfəaliyyət iştirakçılarına və tamaşaçılara təsir gücü nə­dədir?

N.H. – Teatr həyatın ən güclü bədii əksetmə forma­larından biridir. Burada ideya və obrazlar insanın hərəkət­lə­rində, sözlərində öz əksini tapır. Burada sevinc də var, kədər də. Burada qəhrəman və qəhrəmanlıq, düşmən və onun əməllərinin ən pis tərəfləri obrazlar vasitəsilə tamaşaçıya çatdırılır. Bu, uşaqların tərbiyəsində güclü təsir imkanlarına malikdir. Gənc tamaşaçı bu obrazlar vasitəsilə yaxşı və pisi, qəhrəmanlıq ilə namərdliyi ayırmağı öyrənir, nəyin daha yaxşı və daha pis olduğunu tez dərk edir, qavrayır. Onda nəyəsə məhəbbət və nəyəsə nifrət yaranır. Şagirdlər obraz­lardan, bu obrazların hərəkət, davranış, fikir və düşüncə tərzindən səhnədə təsvir olunan insanların xarakterinin müs­bət və mənfi tərəflərini, onların hərəkətlərinin məqsədini, məramını anlayır. Bu, tamaşanın uşaqlara emosional təsirini artırır. Tamaşa, səhnəcik nə qədər məzmunlu olsa, onun ta­maşaçıya təsir imkanları da böyük olur. Bu səbəbdən, mək­təb səhnələrinə qoyulan tamaşalar adətən məktəbin bu sa­həyə cavabdeh olan şəxsləri tərəfindən səylə seçilir, mək­tə­bin rəhbərliyi ilə razılaşdırılır. Biz də çalışırıq ki, rollar daha bacarıqlı və istedadlı uşaqlara həvalə olunsun. Çünki, rol­ların ifası zamanı biz nəinki qəhrəmanlar və onların hərə­kətləri, həmçinin qəhrəmanın yaşadığı dövr haqqında, onla­rın həyatı və ümumiyyətlə həmin dövrün insanları barədə çox şeylər öyrənə bilirik. Bu obrazlar insanların daxili aləmi barədə bizim təsəvvürümüzü artırır.

R.Z. – Məktəb teatrı həm də məktəblilər üçün kol­lektiv fəaliyyətdir. Teatra rəhbərlik edən şəxslər bu işdə ən çox hansı prinsiplərə arxalanmalıdır?

N.H. – Əlbəttə. Uşaqların birgə əməyi, səyi nəticəsində ərsəyə gətirilən tamaşa, səhnəcik, kompozisiya teatral yara­dıcılıq formalarının, primitiv də olsa, səhnədə əks etdiril­mə­sidir. Musiqi nömrələrinin, mahnıların, səsləndirilən şeirlərin ifası müxtəlif kollektiv üzvləri tərəfindən həyata keçirilir, hazırlanaraq tamaşaçıya təqdim olunur. Sadalanan bu işlər səhnə yaradıcılığının yalnız bir hissəsidir. Məktəb teatrının rəhbəri uşaqlarda bu bacarığı kəşf etməli və öz işində onlar­da olan bu bacarığa arxalanmalıdır. Uşaqlarda olan bu ba­ca­rıq­lar yalnız kollektiv şəkildə görülən iş zamanı daha tez in­ki­şaf edə bilir. Onlar da bir-birindən öyrənir, ifaçılıq qabiliy­yətini artırmağa çalışırlar.

Orta ümumtəhsil məktəblərində teatr fəaliyyəti ümumi tər­biyəvi məqsədləri özündə daşıyır. Bu iş daha bacarıqlı rəh­­bərlərin nəzarəti altında olmalı, uşaqların estetik zövqünü ox­şamalıdır. Teatral fəaliyyət orta məktəblərdə təlim-tərbiyə sis­teminin tərkib hissəsinə çevrilərək, bu tərbiyəni tamam­la­ma­lıdır.

 

 

 

Ruhulla Zahidov. Yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.