Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncəyə səfər edib

Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Gəncədə səfərdədir. Rəsmi qonaq səhər saatlarında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb. Daha sonra Cahit Bağcı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Niyazi Bayramov səfiri salamlayaraq, onu Gəncədə görməkdən böyük şərəf duyduğunu bildirib. Rəsmi qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verən şəhər rəhbəri, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olan qardaş Türkiyə xalqı və hökümətinə öz dərin minnətdarlığını bildirib. O, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkün sözügedən dönəmdə Gəncə əhalisinin yanında olduğunu xüsusi vurğulayıb. Baş konsulun Gəncənin raket atəşinə tutulduğu zamanlarda dərhal hadisə yerlərinə baş çəkdiyini, bütün şəhid dəfnlərində iştirak etdiyini, şəhər əhalisinin də bu nəcib davranışı yüksək qiymətləndirdiyini qeyd edib.
Səmimi qəbula görə şəhər rəhbərinə öz təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, elm və mədəniyyət mərkəzi Gəncədə olmaqdan böyük məmmunluq duyduğunu bildirib. O qeyd edib ki, həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında olan Türkiyə öz qardaşlıq vəzifəsini yerinə yetirib. “Burada istifadə olunan çox gözəl bir ifadə var: biz bir gözümüzlə ağlasaq da, digər gözümüzlə gülürük. Azərbaycan 44 günlük Vətən Müharibəsində xeyli sayda şəhid versə də, qələbə qazandı, öz ərazi bütövlüyünü bərpa etdi, zəfər sevincini yaşadı. Mən artıq 4 dəfə Qarabağ bölgəsində olmuşam və hər səfər zamanı ayrı bir qürur və sevinc duyuram. Biz Ağdam, Füzuli və digər rayonların dağıdılmağına, yerlə yeksan edilməyinə kədərlənmirik. Bilirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti o əraziləri bərpa edəcək, yenidən canlandıracaqdır ”, – deyə, səfir qeyd edib.
Rəsmi görüşdən sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncənin Şəhidlər Xiyabanını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyub. O, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla yad edib.
Rəsmi qonaq Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də baş çəkib. Niyazi Bayramov bildirib ki, Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində dəfələrlə raket atəşlərinə məruz qalıb. Nəticədə aralarında uşaq, yeniyetmə və qadın olmaqla 26 mülki şəxs həlak olub, 150-dən çox şəhər sakini yaralanıb. Yaşayış binalarına, evlərə, ticarət obyektlərinə, dini, mədəni və tarixi abidələrə, təhsil müəssisələrinə ciddi ziyan dəyib. Erməni hərbi cinayətlərinin izləri ilə yerində tanış olan Cahit Bağcı mətbuata açıqlama ilə çıxış edib.
“Cəbhədə cəsarət, hünər, göstərə bilməyən Ermənistan şəhərləri atəşə tutaraq, mülki şəxslərin ölümünə səbəb olmuşdur. Bununla belə Azərbaycan Qarabağı işğaldan azad edərək, daha güclü bir Azərbaycan olmaq yolunda irəliləmişdir. Bildirmək istəyirəm ki, bu müharibə və qazanılan zəfər Qafqaz regionu və türk dünyası üçün önəmli bir dönüş nöqtəsidir. Türkiyə bu müharibədə ilk gündən etibarən Azərbaycanın yanında olmuş, ona siyasi və mənəvi dəstəyini əsirgəməmişdir. İşğal altında olan hər kənd, hər rayon və hər şəhərin azad edilməsi xəbəri Türkiyədə də böyük coşğu və sevinclə qarşılanmışdır. Mən bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirəm”, – deyə, türkiyəli səfir bildirib.
Cahit Bağcı Nizami Gəncəvi məğbərəsi və muzeyini, həmçinin “İmamzadə” türbəsini ziyarət edib. Səfirin  Azərbaycan Xalq Cümhuriyyəti və Nuru Paşanın ev muzeylərinə baş çəkəcəyi, Gəncə Dövlət və Azərbaycan Dövlət Aqrar Universitetlərində bir sıra görüşlər keçirəcəyi də gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.