Tanınmış teatrşünas Millət vəkillərinin fikirlərinə münasibət bildirdi

Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri olan, millət vəkilləri Aqil Abbas və Fazil Mustafa Kult.az-a bildiriblər ki, “Bu gün ölkədə o qədər fəxri adlara layiq olmayan adamlar var ki! Dəfələrlə bu ada layiq olmayanların fəxri ad aldığının şahidi olmuşuq. Fəxri adı pulla alan da var, dostluqla, tanışlıqla, qohumluqla alan da. Hoppanıb-düşməklə “xalq artisti” adı almaq olmaz ki? Xan Şuşinski də xalq artistidir, gündə efirdə hoppanıb-düşən hansısa müğənni də? Bilirsiz, bu gün layiq olmadığı halda fəxri ad alanların əksəriyyətini çağırırlar dövlət tədbirlərinə, o tədbirlərdə oxudularına görə də fəxri adlar verirlər. Fəxri adlar toy müğənnilərinə satılıb. Adamlara baxırsınız, toy müğənnisidir, amma fəxri ad verilir. O da bu adı alırsa və əsas sənətkarlar kənarda qalırsa, deməli, Mədəniyyət Nazirliyi tərəfindən onların təqdimatı verilən zaman bu əməllərə əl atılıb. Bununla bağlı cəmiyyətdə kifayət qədər faktlar da var. Əsl sənətkarların çoxu fəxri ad ala bilmədi. Burda təkcə pul deyil, kiminsə tanışı və ya yaxını olmaq da rol oynayıb. Bu da Azərbaycanda neqativ aura yaradıb. Mədənəyyət işçilərinin bu kimi dəyərləndirilməsi yanlışdır. Bunu ortadan qaldırmaq lazımdır”.

Tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev isə hər iki millət vəkillərinin bu fikirlərinə münasibət bildirərək deyib: “Hörmətli millət vəkillərimizin fikirləri ilə mən də razıyam. Ancaq maraqlı bir sual ortaya çıxır. Çox hörmətli Milli Məclisimizin Mədəniyyət Komitəsinin üzvləri olan Aqil Abbas və Fazil Mustafa  millət vəkilləri olaraq fəxri adları alan konkret şəxsləri bu ada layiq olmadıqları vaxtı dəqiq ad qeyd etməklə verilən sərəncamlardan sonra vaxtında, məqamında yüksək xitabət kürsüsü olan Milli məclisin iclaslarında söz alıb niyə demirdilər? Deyə bilmirdilər ya ki, deməməklə kimlərdənsə çəkinib özlərinin mövqelərini qoruyurdular? İndi isə hər biri günahkar axtarır. Elə bu sahədə baş verən qeyd etdikləri neqativ faktlara görə də bu komitənin üzvləri susduqları üçün, vaxtında səslərini qaldırmadıqları üçün özləri məsuliyyət daşıyırlar. Arxadan atılan daş topuğa dəyər”.

Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin qeyd edib ki, “Aktrisa tanıyıram ki, nə az, nə çox düz on iki ildir ki, oturub Prezident mükafatının üstündə durmaq bilmir”. Onun sözlərinə görə, Prezident mükafatı bir illik nəzərdə tutulmaqla ilin uğuruna görə təqdim edilir. Ancaq təəssüflər olsun ki, hər il verilən Prezident mükafatının tətbiq edilməsində bir çoxları təkrarən bu mükafatı alırlar. Məgər bu şəxslərdən başqa digərləri də nailiyyətlərinə görə bu mükafata layiq deyillərmi? Sadəcə olaraq hər il yenilənən
Prezident mükafatlarına yalnız eyni şəxslərin təqdimatının göndərilməsi ilə kifayətlənən teatr direktorlarımız da az deyil. Düşünürəm ki, təqdimatlar verilən zaman Mədəniyyət Nazirliyi və Milli məclisin Mədəniyyət Komitəsi bu kimi məsələləri də diqqətdə saxlamalı və digərlərinin də fəxri ad və ya mükafatlandırılması məsələlərində obyektivliyi qorumaqla layiq olan şəxslərə vaxtında fəxri adların və mükafatların verilməsi işini təmin etməlidirlər” – deyə teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.