Təhsil eksperti savadsız müəllimlərə görə ali məktəbləri İTTİHAM ETDİ

“Nazir Bakı təhsil işcilərinin ənənəvi konfransında şübhəsiz ki, təhlil aparıb. Deyək ki, sertifikasiyanın nəticələrində nə qədər müəllim “şaftali”, “anbar” sözlərini səhv yazıb. Amma biz bu məsələni böyütdük, şişirtdik. Deyə bilərik ki, indi bu, nazirin səmimiyyətidir. Bu saat sosial şəbəkələrdə “şaftalı” sözünü məsxərəyə qoyublar. Mən müəllimi savadsız adlandırmaq istəməzdim. İndi bu müəllim nə qədər də olsa, neçə ilin müəllimidir. Deyək ki, ali məktəb qutarıb, ola bilər hazırlığı zəif olub. Yəni bu mənada müəllimləri savadsız adlandırmaq olmaz”.

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Nadir İsrafilov elm və təhsil nazirinin bəzi müəllimlərin “şaftalı”, “anbar”, “pambıq” sözlərini yaza bilməməsi fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu kimi mexaniki səhvlərin buraxılmasının səbəblərindən biri də ölkəmizdə müxtəlif ləhcələrin mövcudluğudur:

“Bizdə bilirsiniz ki, nə qədər ləhcələr var. “Şaftalı”ya “şəftəli”, “şafdalı”,“şöftəli” deyənlər var. Ola bilər, ləhcə baxımından o sözü işlətsin. Yüz əlli min müəllimin içərisində beş yüz müəllimin orfoqrafiya qaydalarını lazımi səviyyədə bilməməsi bütövlükdə müəllimlərin savadsızlığına dəlalət edir? Bəli, zəif hazırlıqlı müəllimlər var. Bununla əlaqədar bilirsiniz ki, diaqnostik qiymətləndirmə keçirilib. İndi isə serstifikasiya nəzərdə tutulub. İbtidai sinif müəllimlərinin imtahanı başa çatıb. Digər fənn müəllimlərinə də 2026-ci ilə kimi keçiriləcək. Burada da o müəllimlərin peşəkarlıq səviyyəsi üzə çıxacaq. Deyək ki, zəif olan müəllimlər təzədən kurslara cəlb oluncaq və s. Bu istiqamətdə işlər gedir. Bu, vaxtı ilə müəllimlərin işə qəbulunda buraxılan səhvlərdir”.

Ekspert qeyd edib ki, burda təkcə müəllimlərin üstünə getmək lazım deyil, günahı bir az da müəllimi yetişdirən təhsil müəssisəsində axtarmaq lazımdır.

“Bilirsiniz burada problemin mahiyyəti nədir? Biz həmişə müəllimin üstünə gedirik. Sanki bizim respublikamızda müəllimdən başqa digər peşə sahibi yoxdur. Hansı ki, bu dərəcədə müəllimin üstünə getməklə müəllimin nüfuzuna zərbə vururuq. Beş-on müəllimin nəyisə başqa cür işlətməsi ümumilikdə müəllim məfhumuna aid olan məsələ deyil ki. Ona görə də qeyd etdiyim kimi, strategiyada müəllim nüfuzunun qaldırılması məsələsi qoyulub. Bilirsiniz, mən hesab edirəm ki, bu kimi məsələlərin üstünə çox xırdalıqlara getmək, onsuz da əvvəlki nüfuza malik olmayan müəllimlərin nüfuzuna yeni bir zərbə vurmaq olur.

Biz həmişə müəllimlərdən danışırıq. Amma hansı ki, müəllim hazırlığı ilə məşğul olan bizim ali və orta ixtisas məktəblərimiz var. Biz bir dəfə ali məktəbin adını çəkməmişik ki, bu ali məktəb niyə belə zəif kadr buraxıb ki, gəlib müəllimlərin müsabiqə imtahanında sıfır bal toplayır? Ona görə də yanaşma tərzi dəyişməlidir. Aydındır ki, bu sertifikasiyada müəyyən məsələlər ortaya çıxacaq. Amma bunun gələcəyi var axı. İndi bir az da bu ali məktəblərlə məşğul olaq. Müəllimi bu qədər dilə-dişə salmaq olmaz. Bizim hamımızı yetişdirən də müəllimdir, indiki müəllimi yetirən də bizik. Burada günah keçisi axtarmağı düzgün mövqe hesab etmirəm”, – deyə Nadir İsrafilov bildirib.

Həmidə İbrahimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.