Şagirdlərin fiziki tərbiyəsi təhsilin ən vacib və zəruri məsələləri kimi qalmaqdadır

Bu  gün orta məktəblərdə şagirdlərin fiziki tərbiyəsi təlim-tərbiyənin  ən vacib və zəruri məsələləri  kimi qalmaqdadır. Sağlam,  fiziki cəhətcə möhkəm, gümrah nəsil yetişdirmək  təhsilimiz qarşısında duran həlli vacib olan problemlərdəndir.

Bir çox orta təhsil ocaqlarında şagirdlərin fiziki tərbiyəsi məsələsinə geniş aspektdən yanaşılır, bədən tərbiyəsi və idmanın inkişafı naminə fiziki tərbiyə əməli işlərlə, sistemli şəkildə həyata keçirilir. Nailiyyətlər varsa, demək, həmin təhsil ocağında pedaqoji və bədən tərbiyəsi üzrə işlərin ideya istiqaməti düzgün seçilmişdir.

Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə şagirdlərin fiziki tərbiyəsi sahəsində görülən işlər barədə dəfələrlə yazmış, bədən tərbiyəsi dərslərinin əsas xüsusiyyətləri, vəzifələri, tipləri, təşkili və aparılması metodikası barədə geniş söhbət açmışıq.  Məktəbin direktoru, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi  Elçin Alıyevdən aldığımız müsahibələrdə  ailədə uşaqların fiziki tərbiyəsinin müxtəlif istiqamətlərinə toxunulmuş, məktəbdə uşaqların bədən tərbiyəsi və fiziki sağlamlıq tədbirlərinin psixoloji-pedaqoji əsasları barədə geniş söhbətlərə yer ayırmışıq.

Bu günkü söhbətimiz məktəb, ailə və ictimaiyyətin qarşılıqlı əlaqəsinin müxtəlif istiqamətlərinə həsr olunacaqdır.

-Elçin müəllim,  orta təhsil ocaqlarında fiziki tərbiyənin başlıca istiqamətləri hansılardır?

Əvvəlcə onu qeyd edək ki, uşaqların fiziki tərbiyəsi və bədən tərbiyəsinin düzgün aparılması onların fiziki kamilliyinə yol açır. Buna görə də uşaqlarımızın təlim-tərbiyəsi yolunda atdığımız hər bir mütərəqqi addım onların sağlam bədənli, sağlam ruhlu, hərtərəfli inkişaf etmiş bir gənc kimi yetişməsində bir tövhədir. Cəmiyyətimiz də hər an bunu bizdən tələb etməkdədir. Biz pedaqoqlar məktəbdə şagirdlərin fiziki tərbiyəsini müstəqil Azərbaycanın milli fiziki tərbiyə sisteminin nəzəri əsasları üzrə qurur, fiziki tərbiyə dərslərinin optimal təşkilinə, tədris gün rejimində məktəblilərin bədən tərbiyəsi – sağlamlıq, sinifdən və məktəbdənxaric fiziki tərbiyə, idman işləri, eləcə də məktəb, ailə və ictimaiyyətin bu sahədəki iş üzrə qarşılıqlı əlaqəsinin yeni tələbat baxımından təşkilinə can atırıq.

Müstəqil Azərbaycanın təhsil sistemində aparılan qlobal islahatlar orta təhsil sistemində  dərslərin həm məzmun və həm də formaca yeniləşməsini tələb etməkdədir.  Bu səbəbdən müasir dərslərin, eyni zamanda fiziki tərbiyə üzrə dərs və məşğələlərin təkmilləşdirilməsi, bu fənnin tədrisində yeni texnologiyalardan, fəal təlim metodlarından istifadə edilməsi zərurətini ortaya çıxarır. Bu, əvvəllər tətbiq edilən ənənəvi metod və üsullardan tam imtina deyildir, onların təkmilləşdirilməsi yolu ilə həyata keçirilən müasir dərs metodlarının tətbiqidir.

Bu sahədə müəllimlərin vəzifələri sırasına müxtəlif istiqamətli pedaqoji, metodiki işlərin aparılması, tədris, təlim və tərbiyə, təhsil və maarif məsələləri kimi  praktik vəzifələri həyata keçirmək,  məktəblilərə  təhsil və tərbiyə üzrə məsləhət və tövsiyələrin verilməsi də daxildir. Onların əsas vəzifələri bütün sahələrdə təlim və tərbiyə məsələlərinin ardıcıl olaraq həyata keçirilməsidir.

-Sizcə, fiziki tərbiyə ilə “fiziki mədəniyyət” arasında əlaqələr nədir?

– Əslində onlar bir məhfumun tərkib hissələridir. Yəni, biri olmadan digərini  biruzə vermək mümkün deyildir. Fiziki mədəniyyət  bir anlayış kimi fiziki və bədən  tərbiyəsi  ilə daim məşğul olmaq, özündə sağlam ruhlu və sağlam bədənli insan üçün vacib olan əsas keyfiyyətlər və bacarıqlar kompleksini inkişaf etdirmək deməkdir.  Bu mədəniyyət – sağlamlıq, fiziki möhkəmlik, gümrahlıq, yaradıcı uzunömürlülük və vətənin müdafiəsinə hazır olmaq deməkdir.

-Kütləvi informasiya vasitələrində orta məktəblərdə bədən tərbiyəsi dərslərinin aparılması  ilə əlaqədar tez-tez yazılara rast gəlirik. Bu dərslərin nəticəli olması üçün hansı əsas xüsusiyyətlər nəzərə alınmalı və hansı işlər aparılmalıdır?

-Bu dərslərin qarşısına qoyulan vəzifələr, onların tipləri, təşkili və aparılması metodikası milli kurikulumun tələblərinə və təhsil standartlarına uyğun şəkildə artıq çoxdan işlənilb hazırlanmışdır. Bu gün orta məktəblərdə bədən tərbiyəsi dərsləri ilə yanaşı, şagirdlərin dərsdənkənar fiziki tərbiyə məsələləri ilə bağlı işlər də geniş şəkildə öz əksini tapır. Gün rejimi üzrə məktəbdə aparılan bədən tərbiyəsi və sağlamlıq tədbirləri, sinifdən və məktəbdənkənar işlər ilə əhatəli şəkildə həyata keçirilməkdədir.

Şagirdlərin fiziki tərbiyə prosesinə kompleks yanaşma uşaqların bədən tərbiyəsi və fiziki sağlamlıq tədbirlərinin aparılmasında Məktəb, ailə və ictimaiyyətin qarşılıqlı əlaqəsinin vacibliyini həmişə gündəmə gətirməkdədir. Bu tərbiyənin müxtəlif istiqamətləri  sayılan valideyn konfransları, sinif valideyn iclasları kimi tədbirlərdə bilavasitə uşaqların fiziki tərbiyəsi ilə bağlı məsələlərin xarakterik xüsusiyyətləri göstərilir, əlbir işin forma və metodları izah edilir. Başqa təhsil ocaqlarında olduğu kimi, bizim məktəbdə də bu iş həmişə lazımi səviyyədə həyata keçirilmiş, məktəb-valideyn -şagird  əlaqələri yüksək səviyyədə təşkil olunmuşdur. Bunun nəticəsidir ki, məktəbimizin şagirdləri arasında yüksək səviyyəli idman yarışlarının qalibləri çoxluq təşkil edir. Məktəbimiz idmançı-şagirdlərin sayı üzrə həmişə şəhərimizdəki orta məktəblər arasında qabaqcıl yerlərdən birini tutub. Bu, təhsil ocağında şagirdlərin idman və fiziki tərbiyəsi ilə bağlı işlərin hansı səviyyədə olduğunu öz-özlüyündə açıqlayır.

–  İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsi ilə bağlı məktəbdə hansı işlər həyata keçirilməkdədir?

-Bu gün orta məktəblərdə fiziki sağlamlığın gücləndirilməsi ilə bağlı çoxlu sayda tədbirlərə start verilib. Hər bir məktəbin özünün idmanın müxtəlif növləri üzrə komandaları, demək öz idmançıları vardır.  Hansı məktəblərdə ki, idman dərslərinin keçirilməsinə barmaq arası baxılmır, həmin təhsil ocağında gələcəyin yetişməkdə olan idmançıları vardır. Mütləq deyil ki, həmin uşaqlar ömrünü böyük idmana həsr etsin, sadəcə sağlam həyat tərzini seçmək bir sıra zərərli vərdişlərdən imtina deməkdir. Əlbəttə ki, onlardan bəziləri perspektivli idmançılar kimi gələcəkdə öz sözünü deyə bilər və deyəcəkdir də. Lakin hələlik onlarda bu həvəsi bir qığılcıma çevirmək üçün məktəb illər uzunu bir sıra tədris planlarını həyata keçirməli, uşaqlarda idmana, aktiv fəaliyyətə həvəs və maraq oyatmaqla tədrisin qarşıya qoyduğu vəzifələrin tam həllinə çalışmalıdır. Bu isə uşaqların hələ aşağı siniflərdən idmana cəlb edilməsi anlamındadır. Bizim məktəbin onlarla belə perspektivli idmançı şagirdləri vardır.  Məktəbin basketbol komandası ötən il respublika üzrə məktəblər arasında 2 yeri tutmuş və Təhsil Nazirliyinin mükafatına layiq görülmüşdü. Bu il də şagirdlərimiz müxtəlif idman yarışlarının qalibi adını qazana bilmişlər. Bu, çox sevindiricidir.

-Onalrdan bir neçəsinin adını çəkə bilərsinizmi?

Onların sayı çoxdur. Bir neçəsinin adını çəkərdim:- Sərbəst güləş üzrə yeniyetmələr və kiçik yaş qrupları arasında rayonlararası turnirdə I yerin qalibi Müzəffərov Həsrət Elşən oğlu, Basketbol növü üzrə  2005-2006, 2007-2008 təvəllüdlü idmançılar arasında Gəncə şəhər açıq birinciliyində qaliblər-Ruslan Mehdiyev, Eşqin Rüstəmov, Malik Nəsirov,Sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında Respublika turnirində III yerə layiq görülmüş Rəhimli Ümid, “Xan” UŞU klubunun açıq turnirində I yerin qalibi Şəmil Paşayev,  Cüdo idman növü üzrə bir çox yarışların qalibi Təmkin Verdiyev, idmanın Taekvando növü üzrə çoxlu sayda yarışların çempionu idmançı qızımız Samirə Əliyevanı misal gətirə bilərəm. Onların idmanda əldə etdiyi uğurlar məktəbdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərinin də uğurudur…

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.