Qeydiyyat müddəti uzadıldı – DİM-dən müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə dövlət qulluğuna qəbul üzrə keçiriləcək müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.

Müraciətdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulduğu bildirilir.

Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.

Müraciətə əsasən 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 30 iyun saat 23:59-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh li-nkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər.

Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanmışdır. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.

Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya dqqeydiyyat@dim.gov.az elektron poçt ünvanına yaza bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.