Ölkəmizin mədəniyyəti, mətbəxi, adət-ənənələri Özbəkistanın televiziya kanalında

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları bu ölkənin “Mənim yurdum 5” televiziya kanalının “Omon Omon” verilişində ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri haqqında məlumat veriblər.

Verilişdə AMM-nin əməkdaşı Yusif Məmmədov mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, Özbəkistanın müxtəlif vilayətlərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, mərkəzin təşəbbüsü ilə Daşkənddə Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı özbək dilində çap olunan kitablar, burada fəaliyyət göstərən muzeylər, kurs və dərnəklər, habelə ölkəmizin son illər əldə etdiyi uğurlar haqqında söhbət açıb.

Mərkəzin Azərbaycan dili müəllimi Salama Fətəliyeva ölkələrimiz və xalqlarımız arasında olan sıx dostluq əlaqələri, xalqlarımızın oxşar mədəniyyəti, xalçaçılıq sənəti, Qarabağın milli qadın və kişi geyimləri haqqında ətraflı məlumat verib, həmçinin verilişdə bu geyimlər nümayiş etdirilib.

AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva ölkəmizin rəqs mədəniyyəti haqqında danışıb, “Tərəkəmə”, “Nəlbəki”, “Yallı” və digər milli rəqslərimiz haqqında söhbət açıb.

Özbəkistanda tanınan saz ifaçısı İlham Abdullayev saz sənəti və saz haqqında ətraflı məlumat verib, qədim saz havalarını çalıb, “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.