Mehman Rzayev: Ölkəmizdə səhiyyənin sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

Gəncə Tibb Kolleci respublikamızda sayılıb-seçilən təhsil ocaqlarındandır. Bu təhsil müəssisəsi yarandığı dövrdən Gəncə şəhərində və ətraf bölgələrdə səhiyyənin inkişafı və formalaşmasında  mühüm  rol  oynayıb. Yarandığı dövrdən hal-hazıra kimi kollecdə 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.

Gəncə Tibb Kolleci səhiyyə sahəsində kadr potensialının gücləndirilməsinə mühüm töhvə verib. Son illər Səhiyyə Nazirliyinin və kollecin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə tədris korpusları əsaslı təmir edilib, əyani vəsaitlərlə təhciz olunub müasir tələblərə cavab verən laboratoriyalar, auditoriyalar, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, avtonom istilik sistemi yaradılıb. Kollec bir neçə dəfə cari və əsaslı təmir olunub.

Kolleci bitirən məzunların işlə təmin olunmasına daima nəzarət olunur. Demək olar ki, məzunların əksəriyyəti kolleci bitirən kimi işlə təmin olunurlar.

Gəncə Tibb Kolleci fəaliyyət göstərdiyi 92 il ərzində Kollec Gəncə şəhəri və ona ətraf rayonlarda yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsinə öz töhvəsini vermişdir. Hal-hazırda Respublikamızda tanınmış alim və həkimlərin bir çoxu öz ilk tibbi təhsilini məhz bu təhsil ocağında almışdır. Kollecin hörmətə layiq keçmişi, bu kollecə hörmətlə yanaşan minlərlə məzunu vardır. Bu gün Tibb Kolleci öz keçmiş ənənələrini davam etdirir.

Həmsöhbətimiz Gəncə Tibb Kollecinin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Mehman Rzayevdir.

-Mehman həkim, bu gün Tibb Kolleclərinin müasir həyatımızda rolunu nədə görürsünüz?

-2004-cü ildən başlayaraq Azərbaycan Səhiyyə Sisteminin müasir standartlar səviyyəsində qurulması istiqamətində ciddi addımlar atılmışdır. Bu tədbirlər içərisində tibb müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması, modern səhiyyə ocaqlarının yaradılması, kadr potensialının gücləndirilməsi xüsusi önəm daşıyır.

Ölkəmizdə  son illər dünya standartlarının tələblərinə cavab verən modern tipli klinikalar yaradılmış, həmin müəssisələr ən yeni avadanlıqlar və cihazlarla təchiz edilmişdir.Ölkəmizdə tibb təhsilinin bu günkü vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran hədəflər kadr kontingentinin daxili strukturunda orta tibb işçilərinin yeri və rolunun yüksək qiymətləndirilməsini də ön plana çəkir.Bu həm də onunla bağlıdır ki, yüksək ixtisaslı tibbi potensialdan fərqli olaraq, orta tibb işçiləri yalnız ölkəmizdə hazırlanır.Bu səbəbdən Respublikamızda fəaliyyət göstərən Tibb Kollecləri orta ixtisaslı tibbi kadrlarının hazırlanması işində müstəsna rola malikdir. Gəncə Tibb Kolleci də bu təhsil ocaqları arasında xüsusi yer tutur.

-Gəncə Tibb Kollecinin hörmətə layiq keçmişi vardır. Bu gün necə, Kollecdə tədrisin səviyyəsi günün  tələbləri ilə ayaqlaşa bilirmi?

-Respublikamızda fəaliyyət göstərən bütün tədris ocaqları kimi Gəncə Tibb Kolleci də Təhsil Qanunlarının müddəalarına uyğun olaraq həyata keçirilən yeniliklərə öz tövhəsini verir. Kollecin tədris maddi bazası qüvvədə olan təlimat və tədris proqramlarının məzmun və tələblərinə cavab verəcək səviyyədə qurulmuşdur. Fənn kabinetlərinin təchizi, dərs məşğələlərinin elmi-metodik səviyyəsi, kitabxana və laboratoriyalarda tələbələrin müstəqil fəaliyyət göstərmələri, müxtəlif avadanlıqlar  və əyani vəsaitlərlə təchizi məsələsi tam diqqət mərkəzində saxlanılır.

Azərbaycanda tibb müəssisələrinin artırılması  təbii ki, tibbi kadrların yetişdirilməsi ilə bağlıdır.Binalar da tikilir, avadanlıqlar da  alınır . Əhaliyə xidmət edən tibbi kadrların təlim-tərbiyə alması, yüksək kadrlar kimi yetişdirilməsi sözsüz ki, mühüm əhəmiyyət kəsb edir. O cümlədən də bu arzuların, planların həyata keçməsində respublikamızdakı tibb müəssisələrində, yəni Tibb Universiteti və orta ixtisaslı tibb kadrları hazırlayan tibb məktəblərində , yəni indiki Tibb Kolleclərində təhsil alan tələbələrin  keyfiyyətli kadrlar kimi hazırlanmasında müstəsna rol oynayır.

Respublikamızda olan 11 Tibb Kollecindən biri də Gəncə Tibb Kollecidir.Bu kollec Respublikamızın Qərb zonasında, Gəncədən tutmuş düz Qazaxadək olan əhaliyə xidmət edən orta tibb işçilərinin-kadrlarının hazırlanması ilə məşğul olur. Məktəbimizin əsası 1931-ci ildə Azərbaycan SSR-nin Xalq Səhiyyə Komisarlığının qərarı ilə Tibb Politexnikomu kimi yaradılmışdır.1935-ci ildə Azərbaycan Xalq Komisarları Şurasının 1408 saylı qərarı ilə Feldşer-Mama məktəbinə çevrilmişdir.1939-cu ildən N.K.Krupskaya adına  Kirovabad baza Tibb Məktəbi adlandırılmışdır.1989-cu ildən Gəncə Tibb Məktəbi kimi fəaliyyət göstərmiş, 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmışdır. 1941-1945-ci illərdə Tibb Məktəbi qospital kimi fəaliyyət göstərmiş, müharibə qurtarandan sonra isə öz işini davam etdirmişdir.

-Bu gün tibb müəssisələrinin maddi-texniki bazası yenidən qurulur, səhiyyə sistemi daim inkişafa doğru gedir.Rəhbərlik etdiyiniz Kollec bu sistem üçün orta tibb işçilərinin hazırlığında hansı çətinliklərlə qarşılaşır? Kollecin tədris maddi bazası günün tələblərinə cavab verirmi?

-Hal-hazırda kollecdə 7 ixtisas üzrə 930 tələbə təhsil alır. Təhsil forması əyanidir. Ümumi işçilərin sayı 120 nəfərdir. Bunlardan 79 nəfəri həkim-müəllimdir. Kollecdə 7 fənn birləşməsi, 12 fənn kabineti, 8 laboratoriya fəaliyyət göstərir, bundan başqa 1 açıq və 1 qapalı idman zalı, 20-dən çox qədər auditoriya vardır. Kollecdə tədrisin keyfiyyətinə təsir göstərən kabinet və laboratoriyaların yeni avadanlıqlarla vaxtarışı təmin olunması işi yerinə yetirilir, hər iki korpusda təmir işləri aparılmışdır.Tədrisin gedişində əsas rol oynayan dərs vəsaitlərinin və kompüter sisteminin əldə olunmasına nail olunmuşdur. Kollecdə istilik sistemi fəaliyyət  göstərir. Bir sözlə, kollecin rəhbərliyi tələbələrin rahat təhsil alması üçün əlindən gələni edir.

-Hər bir təhsil ocağı öz məzunları və orada çalışan müəllimləri ilə fəxr edir.Yəqin, sizin də fəxr etdiyiniz məzunlarınız vardır.

-Gəncə Tibb Kolleci Respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Bu təhsil ocağı Respublikamızda fəaliyyət göstərən Tibb Kollecləri ilə sıx əlaqə saxlayır, təcrübə mübadiləsi aparır. Tədrisin müasir üslubda təşkilinə dair təlimlərdə kollecin müəllim heyətinin nümayəndələri də iştirak edirlər.Tibb Kolleci yüksək keyfiyyətli kadrlar yetişdirməklə yanaşı orta tibb işçilərinin ixtisasartırma və hazırlıq kurslarını da həyata keçirir.

Bu kollecin yetirdiyi məzunlar respublikamızın bütün tibbi sahələrində orta ixtisaslı tibbi kadrlar kimi fəaliyyət göstərir. Və təbii ki, onlar bizim məktəbin səviyyəsini əks etdirirlər.Bu kadrların yetişdirilməsində , bu kadrların səviyyəsinin artırılmasında Kollecin rolu böyükdür. Əvvəllər məktəbimizdə oxuyub bitirmiş orta ixtisaslı tibb kadrlar, sonralar isə ali təhsilini davam etdirib yetişmiş həkimlərin bir çoxu sonralar gəlib bizim məktəbdə də işləyiblər. Bunlardan Əliyev Fəxrəddini, Rzayev Subatayı, Cəfərov Axundu, Rəsul Teymurovu və b. göstərmək olar.Bunlar orta tibb kadrlarının yetişdirilməsində böyük xidmətləri olmuş, tanınmış məşhur adamlardır. Ümumiyyətlə, bu təhsil müəssisəsi öz fəaliyyəi dövründə 10 minlərlə orta ixtisaslı tibb kadrları yetişdirmişdir. Həmin kadrların içərisində təhsillərini davam etdirərək ali təhsilli tibb kadrlara çevrilmiş, Respublikamızın elmi-ictimai həyatında xüsusi yer tutmuş mütəxəssislər vardır. Bunlardan məşhur professorlar-Kamal İsmayılov və Məhərrəm Bayramov, tanınmış həkimlər-tibb elmləri namizədi Məşdi Hüseynov, tibb elmləri namizədi Talıb Talıbov, Arxaft Nəsib oğlu, Axund Cəfərov və Nazir İsayevin adlarını çəkmək olar. Kollecin məzunlarından Respublikadan kənarda, hərbi hissələrdə, hərbi qospitallarda Respublikamızın müalicə-profilaktika müəssisələrində, özəl müəssisələrdə işləyənlər öz ad-sanları ilə fərqlənmişlər.

-Müasir səhiyyə sistemində əldə olunan uğurlar ali və orta tibb təhsil ocaqlarında çalışan müəllimlərdən savadlı milli kadrların hazırlanması işində tədris-elmi sahəyə böyük diqqət və qayğı tələb edir. Bununla bağlı Gəncə Tibb Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı hansı işlər görülür?

-Məktəbimizin hal-hazırda 3 şöbəsi vardır və bu şöbələrdə 7 ixtisas üzrə – “Müalicə işi”, “Mamalıq işi”, “Tibbi profilaktika”, “Laborator diaqnostika”,  “Ortopedik stomatologiya”, “Əczaçılıq işi”, “Tibb bacısının işi” ixtisasları üzrə orta təhsilli tibbi kadrlar yetişdirillir. Sözsüz ki, bu kadrların səviyyəsi həmişə bizi maraqlandırıb.Bu səviyyənin artırılması daim bizim qarşımızda duran vəzifələrdir.Yeri gəlmişkən onu da bildirmək istərdim ki, onların səviyyəsinin daim yüksəldilməsi və artırılması üçün bizdə daim təşəbbüs göstərilir. Onun üçün də bizim kollecdə İxtisasartırma kursları təşkil olunmuşdur. Hörmətli nazirimizin əmri ilə Gəncə regionunu əhatə edən 10 rayonun orta tibb işçiləri kollecimizdə fəaliyyət göstərən İxtisasartırma kurslarında iştirak edərək, ixtisaslarını artırırlar.

Biz hətta Kollecimizdə çalışan müəllimlərin özlərinin ixtisasının artırılması qayğısına qalırıq. Onlar əvvəlcə ixtisasartırma kurslarına gedirlər, Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetində təşkil etdiyi kurslardan keçirlər, ixtisaslarını artırırlar, yəni təkmilləşəndən sonra bizim İxtisasartırma kurslarında dərs deyir, milli tibbi kadrların yetişdirilməsində  bizə yardım və kömək edirlər.

Kollecimizin şəraiti gözəldir, kollecin binası çox yaxşı binadır, müəllimlərimiz təcrübəli, savadlı,  uzun illik təcrübəyə malik kadrlardır. Onların əksəriyyəti şəhərimizin məşhur həkimləridirlər.Və onların tibbi kadrların yetişdirilməsində böyük zəhmət və əməkləri vardır.

Qeyd: Səhiyyə sistemi üçün tibbi kadrların hazırlanmasında tələbələrin kolleci qurtaranadək müəyyən təcrübə əldə etməsinə xüsusi diqqət yetirilir. Bunun üçün tələbələrə hərtərəfli şərait yaradılmışdır. Bu, onların yüksək ixtisaslı peşə hazırlığında önəmli rol oynayır.

Gəncə Tibb Kollecində tədrisin gedişi ilə yanaşı ictimai-siyasi tədbirlər, elmi-praktik konfranslar, dərsdənkənar tədbirlər keçirmək adət halını almışdır. Kollecin müəllim-tələbə kollektivi nəinki kollecdaxili tədbirlərdə, həmçinin Gəncə şəhərinin ictimai-siyasi tədbirlərində də fəal iştirak edir. Kollecin tələbələri həmişə şəhər tədbirlərində fərqlənmiş və Fəxri Fərmanla təltif olunmuşlar.

Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi kollecin rəhbərliyi tərəfindən daim nəzarət altındadır. Son illərdə bu işlə bağlı çoxlu sayda işlərə imza atılmışdır. Bununla bağlı Gəncə Tibb Kolleci “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərə artıq start vermişdir. Əminik ki,“Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin şərəfli ömür yoluna və titanik dövlətçilik fəaliyyətinə həsr edilən çoxsaylı və müxtəlif formatlı fəaliyyətləri özündə ehtiva edən tədbirlərin reallaşdırılması gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda yetişdirilməsi işlərinə misilsiz töhfələr verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.