“Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III beynəlxalq elmi konfransı keçirilib. Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat və Təhsil nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holding”in sponsorluğu ilə baş tutub. 

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda olub.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncədə ucaldılan abidəsini, Nizami Gəncəvinin məqbərəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. UNEC magistrlərinin Gəncənin Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisi və əl işləri ilə tanışlıq olub.

Konfransda açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov  Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqinin iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb. Nazir bildirib ki, tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur  və bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir. Emin Əmrullayev son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da deyib və əlavə edib ki, bu sayı daha da artırmaq lazımdır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkib, UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu deyib. Dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açan nazir IV sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını deyib.

Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov  da çıxışında “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan beynəlxalq konfransın Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılması baxımından böyük rol oynayacağını diqqətə çatdırıb.

“PAŞA Holding” Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açıb.

Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri dinlənilib.

Sonda konfransın təşkilatçılarına göstərdikləri dəstəyə görə UNEC tərəfindən təşəkkür plaketləri təqdim olunub.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, iyunun 7-dək davam edəcək konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə  444  və  16 “Workshop”da 65 məruzələri dinləniləcək, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək.

Konfransın məruzələr kitabı Harvard, Oksford, Yale, Stanford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də “Royal Danish Library”, “British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.