Müəllim Təhsil Nazirinə müraciət etdi -“Təhsil Nazirliyi, tutdurun hamımızı, daha bizi söyməsinlər”

Cəmiyyət gör nə günə qalıb! Təhsilimiz hansı gündədir?

Bunu sosial şəbəkələrdə paylaşılan gündəlik xəbərlər, müraciətlər, videogörüntülər, söyüşlər, qarğışlar, lənətlər… daha nələr və nələr özündə əks etdirir. Nə düzdür, nə səhvdir, bunu allah bilir. Bildiyimiz yalnız sosial şəbəkələrdə seçkilərlə bağlı paylaşılan, cəmiyyətdə müəllim nüfuzuna xələl gətirən, bu nüfuzu daha da gözdən salan videolardır. Doğrudanmı, bütün müəllimlər xalqın gələcəyini əlindən almaq üçün bütün maxinasiyalara gedir?!.

Bir çox müəllimlərdən fərqli olaraq hələ də bu adı şərəflə daşıyan minlərlə müəllimlərimiz, pedaqoqlarımız vardır və təhsilimiz də onların çiyinləri üzərində gələcəyə gedir. Və onlar üçün müəllim adı ən şərəfli addır!

307 saylı məktəbin müəllimi Aynurə Abdullayeva sosial şəbəkələrdə müəllimlərə qarşı olan ağır ittihamlarla bağlı özünün “feysbuk”dakı hesabından nazirliyə müraciət ünvanlayıb.

“Təhsil Nazirliyi, tutdurun hamımızı, daha bizi söyməsinlər, bəlkə bu xəcalətdən qurtaraq. Mövqe qoyun ortaya, müəllimlərin nüfuzunu xilas edin. Seçkilər məktəblərdə təşkil olunsa da, muəllimlər komissiya üzvləri olmasın.

Mən məktəbdə işə başlayandan az maaş səbəbilə ən az iki işlə məşğul olmuşam, dostlarım bilir. Hələ mənlə zarafat edirdilər ki, axşam filan yerdə gözətçi işi var, bəlkə sənə maraqlı olar.

Deməyim odur ki, nə iş görsəm də, ozümü müəllim olaraq təqdim etmişəm. İndi utanıram, həm də çox utanıram. Əminəm ki, mənim vəziyyətimdə olan çox müəllim var. Bizi seçki tamaşasına qatmağa icazə verməyin, özümüz yox deyə bilmirik. Çünki əziyik, mütiyik, hüquq və vəzifələrimizi hələ anlamamışıq.

Bu ölkədə müəllimdən tələb olunan loyallıq, məsuliyyət, hesabatlılıq məmur və deputatlardan tələb olunsaydı indi normal şərtlərlə həyatımıza davam edirdik.

Müəllimin nüfuzu Təhsil Nazirliyinin nüfuzudur. Bu işlər sosial çarx çəkməklə, ixtisası seçənlərə təqaüd verməklə olmur. Müəllimi seçkidən uzaq tutun”,- deyə A.Abdullayeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.