Kommunistlər seçkiyə gedir – Sponsorumuz olmasa da…

zərbaycan Kommunist Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək. Partiyamız ölkənin ictimai-siyasi həyatının fəal iştirakçısı olub və həmin missiyanı davam etdirməyi vəzifə borcu hesab edirik.

Bu sözləri  Telqraf.com-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib.

Onun sözlərinə görə, namizədlərin siyahısı və dairəsi partiyanın Mərkəzi Komitəsinin plenumunun qərarından asılı olacaq: “Kommunist Partiyası kollegial orqandır, sədr kimi növbədənkənar plenum çağırılması barədə tapşırıq vermişəm, dekabrın 15-də məsələ barədə müzakirə aparılacaq. Yaşım 50-dən bir az artıqdır, partiyanın siyasi bürosunun üzvləri namizədliyim barədə qərar versələr, bu qərarın əleyhinə olmaram, seçkilərdə iştirakda maraqlıyam”.

Rauf Qurbanov rəhbərlik etdiyi partiyanın maliyyə çətinliyi olsa da, seçkidə iştirakda qərarlıdırlar: “Ümid edirəm bu problem yaxın zamanda həllini tapacaq. Ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq parlamentdə təmsil olunan partiyalar dövlət tərəfindən maliyyələşirlər. Böyük ümidlərimiz var ki, növbədənkənar seçkilərdə müəyyən nəticə əldə edə bilək. Sponsorumuz yoxdur, maliyyə resurslarının vəziyyətindən asılı olmayaraq seçkidə iştirak edəcəyik”.

Partiya sədrinin fikrincə, maliyyə problemi seçkidən imtina üçün səbəb ola bilməz: “Boykot çağırışı partiyaların əvvəlcədən öz məğlubiyyətlərini etiraf etməsi deməkdir. Kadr dəyişikliyi aparılır, islahatların şahidiyik, gənclərdə seçkilərə, proseslərə böyük həvəs yaranıb, belə bir şəraitdə xalqına düşmən olan insanlar naümid ola bilər. Axı siyasi baxışlarımızdan asılı olmayaraq nəzərə almalıyıq ki, hamımız azərbaycanlıyıq, əsas maraqlarımız milli maraqlardır, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, onun gələcək inkişafı, iqtisadi durumu, insanların sosial təminatı, yüksək yaşayışı əsasdır. Boykot çağırışları edənləri azərbaycanlı hesab eləmirəm, irəli gedən şeyin ayağından çəkməz olmaz axı. Axtarsaq, nələrdəsə qüsur tapa bilərik, amma bu qüsuru qlobal məsələyə çevirmək vətənpərvərlik deyil. Dünyanın ən inkişaf etmiş ölkələrinə baxaq, hansında problem yoxdur? O problemi qabardıb milli maraqları kölgəyə salmaq azərbaycançılığa zidd mövqedir. Boykota qarşıyam, bu qərarı verənlər Azərbaycanın əleyhinə işləyən qüvvələr, düşmən dəyirmanına su tökənlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.