Azərbaycanda 4 ali məktəb publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək. Bu barədə Nazirlər Kabineti qərar verib. Həmin ali məktəblər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universitetidir.
Bəs universitetlər publik hüquqi şəxsə çevrildikdə hansı dəyişikliklər olur?
Bu barədə təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda indiyə qədər bir neçə universitet publik hüquqi şəxsə çevrilib, amma, təəssüflər olsun ki, publik hüquqi şəxsə çevrilən universitetlərin digər universitetlərdən heç bir fərqi olmayıb:
“Yəni onlar özləri yeni nizamnaməyə uyğun işlərini qura bilmədilər, universitetlərə investisiya gətirə bilmədilər. Professor-müəllim heyətinin, tələbələrin rifah halını qaldıra bilmədilər. Ona görə də hesab edirəm ki, bu gün publik hüquqi şəxsə çevrilən universitetlər də özlərindən əvvəl publik hüquqi şəxsə çevrilən universitetlərdən fərqli olmayacaq, sadəcə nizamnamələri dəyişəcək, onlara muxtariyyət veriləcək. Bu, kifayət qədər əsas verir ki, həmin universitetlər özlərinin gələcək bazalarını, kampuslarını, laborotoriyalarını yeniləsinlər”.
Ekspertin sözlərinə görə, Azərbaycanın flaqman universitetlərindən bir neçəsinin laborotoriyaları hələ 30 il bundan əvvəldən qurulu qalıb, heç bir yeniləmə yoxdur:
“Publik hüquqi şəxsə çevriləndən sonra heç bir universitet özünün kampusunu yaxşılaşdırmaq, yataqxanalar tikmək üçün bir addım atmayıb. Ona görə də bu məsələ adda yox, əməldə özünü göstərməlidir. Ümid edək ki, yeni publik hüquqi şəxsə çevrilən universitetlərin rektorları əvvəlkilərdən fərqli olaraq müəyyən addımlar atmaqda maraqlı olacaqlar”.
Məzahir Məmmədli qeyd etdi ki, universitetlərdə yeni nəslin cəlb olunması, alimlərin motivasiyası üçün heç bir iş görülmür:
“Yaxşı olar ki, yeni publik hüquqi şəxsə çevrilən universitetlər heç olmasa, gənc alimlər üçün yenilik düşünsün, onlar üçün stimullaşdıırıcı təkliflər versin. Bu gün Azərbaycan elmi ən azından 60-70 yaşı olan alimlərin əlində qalmasın. Sözsüz, onların da imkanlarından istifadə edilməlidir. Ancaq bu gün həmin şəxslər elmin inkişafına fayda vermirlər. İndiyə qədər olan bütün köhnəlmiş mühazirələri oxumaqla elmdə yenilik etmək çətin olacaq. Düşünürəm ki, ancaq yeni nəslə şərait yaratmalı və Azərbaycan gəncliyini elmə sövq edən motivasiyalar olmalıdır”.
Sevinc İBRAHİMZADƏ