Kino xadimlərimiz Avropa Film Akademiyasına üzv seçilib

Xəbər verildiyi kimi, Azərbaycanın bir qrup kinematoqrafçısı Avropa Film Akademiyasına (European Film Academy – EFA) üzvü seçilib.

Siyahıda Xalq artisti, rejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimləri, rejissorlar – Rafiq Quliyev, Elçin Musaoğlu, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, kinoşünas Ayaz Salayev, həmçinin Bakı Media Mərkəzinin rəhbəri, rejissor, prodüser Orman Əliyev, rejissorlar Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov yer alıb.

EFA-ya üzv seçilənlər arasında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, bir çox beynəlxalq film festivallarının qalibi, rejissor Rüfət Həsənov da var.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev bildirir ki, Avropa Film Akademiyasının üzvü olmaq Azərbaycan kinosunun inkişafına və gələcəkdə dünyada tanınmasına zəmin yaradacaq. 12 kino xadiminin bir mərhələdə EFA-ya üzv seçilməsi Azərbaycanda onların tələblərinə, meyarlarına uyğun sənətçilərin olmasının təsdiqi deməkdir.

Qeyd edək ki, Avropa Film Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyətinin ilk prezidenti, görkəmli İsveç teatr və kino rejissoru İnqmar Berqman (1918-2007) və 40 kinorejissor tərəfindən Avropa kino sənayesini inkişaf etdirmək məqsədilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.