Kamran Əsədov: “Yeni rektor obrazına ehtiyac var”

Azərbaycan Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov ADPU-nun tədqiqat universitetinə çevriləcəyini bildirib.
Rektorun sözlərinə görə, ötən 100 il ərzində Azərbaycan elmi böyük inkişaf yolu keçib və bu prosesdə ADPU-nun da rolu olub. O bildirib ki, hələ 3 il əvvəl Azərbaycanda qəbul imtahanlarında 500 baldan yüksək bal toplayaraq elektron ərizəsində müəllimlik ixtisasını 1-ci yerdə qeyd edən abituriyentlərin sayı 102 olduğu halda, 2018-ci ildə belə abitutiyentlərin sayı 2 096 olub. ADPU üzrə isə belə abituriyentlərin sayı isə 566 nəfər olub: “Bu, ADPU üzrə nəticələrin 22 dəfə yaxşılaşması deməkdir. Bu gənclər bizə gələcək illərdə elmi tədqiqatlarda böyük ümidlər vəd edir. İndi əsas iş bu gənclərə nəyi necə öyrətməyimizdən asılıdır”.
Maraqlıdır, ADPU tədqiqat universitetinə çevriləcəyi halda hansı formada fəaliyyət göstərəcək? Sözsüz ki, universitetin fəaliyyətində müəyyən dəyişikliklər və yeniliklər tətbiq oluna bilər.
Tədqiqat universiteti ideyasının Azərbaycanda yeni olsa da, dünya təhsilində yeni olmadığını deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Şərq”ə bildirib ki, hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırıb. Ekspertin sözlərinə görə, alman universitetləri indiyə qədər də bu prinsipə riayət edirlər:
 “Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələri oxutmaq deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır. Baş nazirin imzaladığı sərəncam ali məktəblərə yeni nəfəs verəcək. Düzdür, həmin sərəncamda qeyd olunan prinsiplər çox az universitetimizdə var. Hazırda Azərbaycanda fəaliyyət göstərən 50-dən çox universitetin çox az hissəsi qeyd olunan prinsiplərə uyğun gəlir. Hətta bir neçə universitet bu fəaliyyəti uzun müddətdir ki, göstərir.
Belə ki, Bakı Dövlət Universiteti elmi tədqiqatlarda öndə gedən ali məktəbdir. Azərbaycan Dövlət İqtisad Universiteti öz profilinə aid olan bütün sahələr üzrə tədqiqat işləri aparır, elmi şuralar fəaliyyət göstərir. Lakin regionlarımızda olan universitetlər və bir çox özəl universitetlərimiz bu tələblərə cavab vermir. Onların maddi-texniki bazası və baş nazirin sərəncamında qeyd olunan tələblərin yerinə yetirilməsi üçün resursları yoxdur.
Vacib bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Bu formatın gerçəkləşməsi üçün mütləq bacarıqlı, elmli, təhsil prosesini və innovasiyaları dərindən bilən rektor obrazı önəm kəsb edir. Amma bizdə bir çox universitetin rektoru bu kompitensiyalara malik deyil. Ona görə də bu yeniliyin onların universitetində tətbiqi inandırıcı görünmür”.
Ekspert bildirib ki, Elmi-Tədqiqat Universitetinin müsbət tərəfi odur ki, elmi-tədqiqat işləri birbaşa praktiki olaraq yoxlanacaq və onların həlli yolları müzakirə olunacaq:
“Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəmizdə 160 mindən çox tələbə təhsil alır ki, bu da elmi-tədqiqat işlərinin aparılması, birbaşa istehsalatda yoxlanılması üçün çox vacibdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.