Kəskin havaya görə dərsə getməyən şagirdlərlə bunu etməyin: “Onları iyrəndirərik”

Kəskin hava şəraiti ilə əlaqədar ölkə ərazisində bütün təhsil müəssisələri iki günlük tətilə bağlanıb. Çoxları, xüsusilə də azyaşlılar arasında məktəblərin bağlanmasına sevinənlər az deyil.

Həqiqətənmi, onlar bu 2 gün müddətində fürsətdən yararlanıb, dincələ biləcəklər? Ümumiyyətlə, şagird belə qısa tətil müddətlərini nəyə həsr etməlidir?

“Bəzi müəllimlər isə  uşağın dincəlmək hüququnu əlindən alırlar. O qədər tapşırıq verirlər ki, uşağın heç dincəlməyə vaxtı olmur. Tətil günlərində şagirdləri çox yükləməyək. Belə etməklə onları dərsdən iyrəndiririk”

Mövzu ilə bağlı AzEdu.az-a danışan məşhur kurikulum təlimçisi Gülər Hüseynova bu tədris modelinin tələblərindən çıxış edərək şagirdlərin 2 gün ərzində əslində nələrə diqqət etməli olduqlarını açıqlayıb. Bildirib ki, ümumiyyətlə,  tətillərdə uşaqları çox yükləməyin tərəfdarı deyil. Xüsusilə də belə qısa fasilələr zamanı:

“Dərslərin bu şəkildə təxirə salınması gözlənilməz oldu. Amma yenə də mən şagirdlərimi çox yükləmədim. Ümumiyyətlə, kurikulumun standartlarından çıxış edərək evə çox tapşırıq verməyin tərəfdarı deyiləm. Adətən, tətil günlərində hava xoş olarsa uşaqları özümlə harasa aparıram. Tarixi abidələri, Şəhidlər Xiyabanını ziyarət edirdik. Amma bu gün hava kəskin keçdiyinə görə gedə bilmirik.

Bu, fövqaladə haldır. Uşaqların məktəbə getməsi onlara zərər verəcəksə, getməmələri daha yaxşıdır. Mən nazirin bu qəraını çox yaxşı dəyərləndirirəm. Amma bu, o demək deyil ki, onlar bütün günü evdə dərs oxumalıdırlar”.

“Uzağı 1 saata ev tapşırıqlarını edib bitirərdik”

Müəllim qeyd edib ki, şagirdlərə tətil müddətində müəyyən qədər tapşırığın verilməsi təbiidir. Amma bu, ifrat dərəcədə olmamalıdır:

“İstər tətil, istərsə də şənbə və bazar günləri hər insanın dincəlmək hüququ var. Bəzi müəllimlər isə  uşağın bu hüququnu əlindən alırlar. O qədər tapşırıq verirlər ki, uşağın heç dincəlməyə vaxtı olmur. Nəzərə alaq ki, biz də şagird olmuşuq. Uzağı 1 saata ev tapşırığını edib, bitirərdik. Mən özüm də valideynəm. Baxıram ki, o qədər fənn keçirlər, hərəsi də evə nə qədər yazı verir. Üstəlik,  şifahi öyrənməli materialları demirəm. Arada uşağı da düşünmək lazımdır. Mən özüm də müəlliməm  və uşağı çox yükləmirəm. 5 tapşırığın dördünü sinifdə ediriksə, birini evə verirəm. Tətil günlərində uşaqları çox yükləməyək. Belə etməklə onları dərsdən iyrəndiririk. Dərsə sevərək yanaşmırlar”.

Lamiyə Süleymanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.