İntihara cəhd edən məktəb direktoru ilə bağlı açıqlama verildi

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) təzyiqlərinin səbəb olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

İdarənin məlumatına görə, son günlərdə xəbər saytlarında İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva barədə müxtəlif xarakterli məlumatlar dərc olunub və onun Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən təzyiqlərə məruz qalması məlumatı həqiqəti əks etdirmir.

“Bildiririk ki, GDRTİ-nə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi və 04 aprel 2022-ci il tarixdə işdən azad edilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumata əsasən GDRTİ-nin əməkdaşları Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə müvafiq araşdırma aparıblar. Bu zaman məktəbin sabiq ingilis dili müəlliminin 04 aprel 2022-ci il tarixdə işdən azad edilməsi, həmin müəllimin dərs saatlarının müvafiq müəllimlər arasında bölünməsi barədə əmrin düzgün olmaması, eləcə də kargüzarlıq işinin düzgün aparılmaması halları aşkarlanıb.

GDRTİ-nin əməkdaşları tərəfindən məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib.

İyunun 22-də bir neçə xəbər saytında M.Qarayevanın səhhətiylə bağlı müxtəlif xarakterli xəbərlər dərc olunub. Qeyd olunan məsələlərlə bağlı ictimaiyyətə əlavə məlumat bildiriləcək” (apa.az).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.