HEYDƏR ƏLİYEV DÖVLƏTİMİZİN MƏDƏNİYYƏT SİYASƏTİNİN BANİSİDİR

 

Azərbaycan öz müstəqilliyini qazandığı dövrdən başla­ya­raq ölkəmizdə mədəniyyət sahəsində bir tənəzzül baş verdi. Yeni yaranmış respublikada bu sahədə dağıdıcılıq fəaliyyəti özünün ən yüksək nöqtəsinə çatmışdı. Bu dövr ölkəmizdə mə­dəniyyət işçilərinin sevdiyi bu sahədən uzaqlaşdırılması, bir çox mədəniyyət obyektlərinin bağlanması, ləğv edilməsi, bir çox məşhur mədəniyyət işçilərinin bu sahədən uzaqlaşdırılması və ya onların ölkəni tərk etməsi illəri oldu. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin mə­dəniyyət sahəsində böyük dirçəliş yarandı, mədəniyyət işçiləri­nə böyük qayğı göstərilməyə başlandı. İnsanlarda həyata və ya­radıcılığa böyük həvəs və stimul yarandı. Hakimiyyətə gəli­şi­nin elə ilk dövrlərindən Heydər Əliyev Azərbaycan mədəniy­yətinin inkişafına böyük töhfələr verdi. O, müstəqil Azərbay­can mədəniyyəti siyasətinin əsasını qoydu, onun dirçəlişi və in­kişafı üçün əlindən gələni etdi.

Bu gün milli mədəniyyətimiz Heydər Əliyev ideya­la­rın­dan güc alır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Hey­dər Əliyev qayğısından bəhrələnməsin. “Xalq bir çox xüsusiy­yətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” – deyən ulu öndər milli mədəniyyətimizin gələcək perspektiv­lərinin əsasını təşkil edən inkişaf proqramının banisi oldu, dövlətimizin apardığı uğurlu mədəniyyət siyasəti nəticəsində mədəni-mənəvi dəyərlərin inkişafı və onun beynəlxalq aləmdə tanınması yolunda nəhəng səviyyəli işlərə imza atıldı. Onun hakimiyyətdə olduğu illərdə milli mədəniyyətimizə və incə­sənətə böyük qayğı göstərildi. Bağlanmış teatrlar, muzeylər, mədəniyyət ocaqları yenidən xalqın istifadəsinə verildi, yeni mə­dəniyyət obyektlərinin tikintisinə start verildi, yüzlərlə mə­dəniyyət obyekti yenidən təmir olundu, bu sahəni təmsil edən görkəmli musiqiçilər, teatr və kino xadimləri, mədəniyyət işçi­lə­ri fəxri adlarla təltif edildi, onlara diqqət daha da artırıldı. Bütün bunlar ölkəni tərk etmiş bir çox görkəmli mədəniyyət xadimlərinin öz doğma diyarına qayıtmasına bir stimul yaratdı. Onların bir çoxu indi də Azərbaycan mədəniyyətinin inkişafı üçün bütün qüvvə və bacarıqlarını sərf etməkdədirlər.

Dövlət başçısının mədəniyyət işçilərinə göstərdiyi xü­susi diqqət və qayğı milli musiqimizin inkişafına da böyük yol açdı. Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi, onların bir çoxu “ Şöhrət”, “ İstiqlal” ordeninə layiq görüldü.

Mədəniyyət və incəsənət xadimlərinin mükafatlan­dırıl­ması, onlara fəxri adlar verilməsi işi bu gün də davam etdiril­mək­dədir və onların arasında Respublikamızın təhsil, mədə­niy­yət və incəsənət sahəsində çalışan çoxlu sayda görkəmli ziyalı qadınları da vardır.

Təhsil hər zaman prioritet istiqamətlərdən, aparıcı xət­lər­dən biri olub. Çünki təhsildən keçməyən yolun inkişaf isti­qa­mətini müəyyənləşdirmək olmaz. Qabiliyyət, istedad, şüb­hə­siz ki, çox əhəmiyyətlidir. Amma təhsil bunları formalaşdıran, inkişaf etdirən bir vasitədir. Bu vasitələr sırasında uşaq və gənclərin musiqi təhsili də önəmli yerlərdən birini tutur.

Ulu Öndərimiz Heydər Əliyev demişdir: – “Təhsil mil­lə­tin gələcəyidir. Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq. Bu, mənim prinsipial mövqeyimdir”…

Bu sözlər müəllim əməyinin nə qədər dəyərli olduğunu bir daha sübut edir. Ulu Öndərimiz müəllimə və müəllim əmə­yinə çox böyük qiymət verir, müəllimi müasir cəmiyyətimizin ən aparıcı qüvvəsi, təhsili və mədəniyyəti dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsi sayırdı.

Ulu Öndərimizin siyasi kursunun varisi, Respublika­mı­zın Prezidenti İlham Əliyev cənabları təhsil ocaqlarındakı çı­xış­larının birində demişdir: – “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət yetirilir”. “Təhsilin keyfiy­yəti elə bir prosesdir ki, bu prosesin hüdudları yoxdur. Hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Ümid edirəm ki, hazırda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxardacaqdır. Bu günə qədər müəyyən işlər görülüb. Hesab edirəm ki, bu günkü Azərbaycanın inkişaf dinamikası bizə diq­tə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı vardır. Bizim insanlarımız istedadlıdır, biliklidir. Hesab edirəm ki, uşaqlar da başa düşürlər ki, əgər məktəblərdə, ali məktəblərdə yaxşı biliklərə malik olmasalar, gələcəkdə onlar üçün həyatda öz yerini tapmaq o qədər də asan olmayacaq”.

Dövlətimizin milli təhsilimizə göstərdiyi diqqət və qay­ğıya cavab olaraq təhsil ocaqlarında çalışan müəllim və peda­qoq ordusu müstəqil Azərbaycanımıza layiqli vətəndaşlar yetiş­dirməyə, gələcəyin qurucuları olan bu günkü nəsilə daha yaxşı təlim-tərbiyə verməyə çalışır. Bu təhsil ocaqları içərisində Uşaq Musiqi Məktəblərinin də özünəməxsus rolu və əhəmiy­yəti vardır.

Təhsilsiz bu gün cəmiyyəti, qadını təsvir etmək müm­kün deyil. Qadınların cəmiyyətdə, təhsilin inkişafı yönümündə rolu böyükdür. Heç də təsadüfi deyil ki, Azərbaycanda fəaliy­yət göstərən təhsil ocaqlarının, eləcə də Uşaq Musiqi Məktəb­lə­rinin əksəriyyətinə məhz qadınlar başçılıq edir. Bu, Azərbay­can cəmiyyətində qadınların aktiv sosial ictimai-siyasi həyatda fəal rolunun, qadın iştirakçılığının dəstəklənməsi, gender bəra­bər­sizliyinin aradan qaldırılması məqsədilə atılan addımlara bir daha əyani sübutdur.

Müasir cəmiyyətdə qadınların rolu böyükdür, müasir dövr­də qadınlar cəmiyyətin aparıcı qüvvəsi sayılır. Müstəqil Azər­baycanın inkişafında qadınların fəaliyyətinin əvəzsiz ol­duğu danılmazdır. Ümummilli lider Heydər Əliyevin həyata ke­çirdiyi dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tə­rəfindən uğurla davam etdirilir.

Bu gün Respublikamızda elə bir sahə yoxdur ki, orada qa­dınların iştirakı olmasın. Ulu Öndərimizin müdrik uzaqgö­rən­liyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi. Heydər Əliyev qadınların cəmiyyətdə sosial statusu­nu təhsil, mədəniyyət, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda onlar üçün bir stimul rolunu oynadı. Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan qadınların idarəetmədə iştirakını daha da ge­nişləndirdi. Qadınlarımız da onlara göstərilən etimadı doğ­rul­daraq çalışdıqları sahədə nümunə göstərir, uğurlar qazanır­lar.

Elmdə, əməkdə, mədəniyyətdə, fəaliyyət göstərdikləri bütün sahələrdə görkəmli qadınlara fəxri adların verilməsi, milli-mədəni irsimizin, musiqimizin, mədəniyyətimizin təbliği, bu əsaslar üzərində müasir mədəniyyətimizin, təhsilimizin inkişafına nail olunması Heydər Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərindən biridir.

Qadınlara xüsusi diqqət və qayğının göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təşkil edir. İndi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Milli təhsili­mizdə, mədəniyyətimizdə və s. əldə olunan uğurlarda Azərbay­can qadınları gərgin əmək və qüvvə sərf etmişlər. Heç də təsadüfi deyildir ki, qazanılan uğurların böyük hissəsi də məhz mədəniyyət işçiləri olan qadın pedaqoq və müəllimlərin adı ilə bağlıdır. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymət­ləndirilir. Bu isə ümummilli liderin parlaq ideyalarının həyata keçirilməsinin əyani sübutudur. Respublikamızın Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə müxtəlif peşə sahibləri olan bir çox qadınların orden və medallar ilə təltif edilməsi, on­lara fəxri adların verilməsi Heydər Əliyev irsinin layiqli da­vam­çısı, onun siyasi kursunun varisi, bu böyük, dahi şəxsiy­yətin qadın əməyinə verdiyi diqqət və qayğıdan xəbər verir. Biz mədəniyyət işçiləri də öz növbəmizdə bu qayğını yüksək qiymətləndirir, ona öz minnətdarlığını bildirir, bu qayğıya görə dövlətimizə və onun yürütdüyü siyasi kursa sədaqətli xidmə­ti­miz, çalışdığımız mədəniyyət sahəsində əldə etdiyimiz uğur­la­rı­mız ilə cavab veririk.

 İntizar QAFAROVA,

Gəncə şəhər 4 saylı Uşaq Musiqi

Məktəbinin direktoru.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.